Dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) bu qurumun, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Gənc Alimlərinin I Qurultayı işə başlayıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.
“Hörmətli qurultay iştirakçıları, sizi Azərbaycanın gənc alimlərinin I qurultayının keçirilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə uğurlar arzulayıram.
Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə elmi nailiyyətlərin gündən-günə artması və yüksək texnologiya sahələrinin sürətlə genişlənməsi, çevik innovasiya fəallığı yeni yanaşmanı tələb edir. Mövcud şərait gəncliyin intellektual potensialının tam üzə çıxması üçün əlverişli zəmin hazırlanmasını ön plana çıxarır.
Ümidvaram ki, gənc alimlərimizin ilk mötəbər məclisi zamanın çğırışlarına cavab olaraq bu istiqamətdə fəaliyyətin aparıcı meyillərinin müəyyənlik qazanmasına təkan verəcək. Mədəniyyətlər arasında əsrlər boyu körpü rolunu oynayan Azərbaycanın qədim dövr elmi nailiyyətlərinin qorunub saxlanmasında və dünya elm xəzinəsinin daha da zənginləşməsində özünəməxsus yeri var”, – prezidentin məktubunda bildirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə çıxışında Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan qurultayın əhəmiyyətindən danışıb. O, Dövlət Proqramının gənclər siyasətini daha səmərəli həyata keçirmək, cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak edən gənclərin innovativ potensialını üzə çıxarmaq, gənc nəslin sağlamlığını qorumaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək kimi hədəflər müəyyənləşdirdiyini diqqətə çatdırıb.
Akademik Akif Əlizadə müasir Azərbaycan elminin qarşısında duran vəzifələr, elmin müxtəlif sahələrinin inkişafına gənclərin verdiyi töhfələr və innovativ fəaliyyət sahələrində əldə olunan nailiyyətlərdən bəhs edib. Müasir dövr və onun sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında bir sıra mühüm vəzifələr müəyyənləşdirdiyini söyləyən AMEA-nın prezidenti bildirib ki, akademiyada gənclərin intellektual potensialının inkişafı, daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunması, biliklər cəmiyyətinin qurulmasında onların rolunun artırılması istiqamətində görülən işlər əvəzsizdir.