İki qardaş ölkənin liderləri söz ilə əməlin vəhdətini nümayiş etdirərək yeni zirvələrə birlikdə addımlayırlar

0
1647

Cənubi Qafqazda yaranmış yeni reallıqlar fonunda bölgədə yeni siyasi, iqtisadi, hərbi konfiqurasiyanın formalaşması mühüm amillərdən biridir. Proseslərin mərkəzində isə 44 günlük müharibəni şanlı Zəfərlə başa vuran Azərbaycan və hər zaman dövlətimizə siyasi və mənəvi dəstək verən qardaş Türkiyə dayanır. Prezident İlham Əliyev oktyabrın 20-də Cəbrayıl şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüş başa çatdıqdan sonra mətbuata verdiyi bəyanatda dünyaya bununla bağlı ciddi mesajlar verdi. Dövlətimizin başçısı bəyan etdi ki, bundan sonra bölgədə gedən işlər Türkiyə və Azərbaycanın fəal iştirakı və izni ilə aparılacaq. Xalıqmız belə bir geosiyasi reallığı yaratmış lideri ilə həqiqətən qürur duyur.

Regionumuzda sabitlik və əməkdaşlıq üçün yeni imkanların yaranması Azərbaycanın gücü, siyasi iradəsi və proseslərdə aparıcı qüvvə kimi iştirak etməsi sayəsində baş verib. Qazanılan möhtəşəm Zəfər və postmüharibə mərhələsində işğaldan azad olunan ərazilərdə həyata keçirilən böyükmiqyaslı işlər Azərbaycanın gücünü ifadə edir. Eyni zamanda, bu prosesdə qardaş Türkiyənin oynadığı rol xüsusi vurğulanmalıdır. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı tarixin çətin sınaqlarından keçərək möhkəmlənib. Ta qədimdən gələn qırılmaz bağlarla, möhkəm ənənələrlə, dil, din, mənəvi dəyərlər eyniliyi ilə bir-birinə sıx bağlı olan iki ölkə və xalq çətin və şad günlərdə həmişə bir yerdə olurlar. Ötən il imzalanan Şuşa Bəyannaməsi ilə iki dövlət arasında müttəfiqlik münasibətləri keyfiyyətcə yeni, daha yüksək səviyyəyə yüksəlib. Çox doğru olaraq bu sənəd qardaş ölkələr arasında münasibətlərin perspektivləri üçün yol xərtəsi kimi dəyərləndirilir. Prezident İlham Əliyevin Cəbrayıl şəhərində mətbuata bəyanatında söylədiyi kimi, Türkiyə kimi qüdrətli ölkə bizim qardaşımızdır, bu, bizim üçün böyük xoşbəxtlikdir.

Cəbrayıl şəhərində mətbuata birgə bəyanat zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da önəmli mesajlar verdi. Cənab Ərdoğan işğaldan azad edilmiş ərazilərmizdə görülən işləri çox yüksək dəyərləndirdi. Türkiyə Prezidenti Zəngəzur dəhlizi ilə bağlı mesajlarını da ifadə etdi: “Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq mənə görə reallıqdan uzaqdır. Yəni, artıq bütün Qarabağla bağlı atılan bu addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə Şərq-Qərb, Orta Dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək”. Qardaş ölkənin lideri Ermənistana da öz tövsiyələrini verərək deyib ki, açılan bu fürsət pəncərəsini yaxşı dəyərləndirmək lazımdır. Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan normallaşdırma prosesləri bir-birini dəstəkləyəcək şəkildə irəliləməkdədir.

Beləliklə, gerçəkliklər iki dost, qardaş, strateji tərəfdaş ölkənin ortaq siyasi iradəsini, birlikdə yeni tarixi nailiyyətlər qazanmaq niyyətini, əzmini əks etdirir. Bir daha sübuta yetirilir ki, Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı bənzərsiz bir nümunədir. Bir millətin iki dövlətinin hədəfi də, sözü də birdir. Və iki qardaş ölkənin liderləri söz ilə əməlin vəhdətini nümayiş etdirir, yeni strateji zirvələrə birlikdə addımlayırlar.


Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc