İbrahim Xəlil Balayoğulları:  “Məqsədimiz türk dünyasını mənəvi və mədəni baxımdan bir araya gətirmək,  onlar arasında əlaqələri daha da genişləndirməkdir”

0
492

Onun  haqqında bəlkə də çox geniş danışmağa ehtiyac yoxdur. Onsuz da o, türk dünyası ziyalıları , elm mədəniyyət xadimləri araslnda kifayət qədər geniş tanınır. Gənc yaşlarından həyatını türk dünyası arasında mədəni, mənəvi yaxınlığa həsr edən bu böyük insan, İbrahim Xəlil Balayoğulları türk dünyasının qədim elm, mədəniyyət, dövlətçilik beşiyi olan Şəki rayonunun Aşağı Göynük kəndində ziyalı ailəsində anadan olub.  Sinəsindəki hərbi vətənpərvərlik arzusu onu hərbi liseyə gətirib çıxarıb, sonra isə Azərbaycanda və Rusiyada ali hüquq təhsili alıb. Bir müddət Azərbaycan Universitetində beynəlxalq hüquqdan dərs deyib.  Ali məktəbdə oxuduğu illərdən türk dünyasının problemləri ilə yaxından maraqlanan İbrahim Xəlil Balayoğulları türk xalqlarının mənəvi və mədəni baxımdan yaxınlaşması məqsədi ilə yollar arayıb. Bu da onun tərəfindən Uluslararası Beynəlxalq Çağrı Komitəsinin yaradılmasına və onra rəhbərlik etməsinə gətirib çıxarıb. Onun bu sahədə gördyü işlər həqiqətən də geniş və hərtərflidir,o müqəddəs bir amal uğrunda gecə-gündüz türk ellərində səfərdədir.

Arazinfo.com saytının müsahibi Uluslararası Beynəlxalq  Çağrı  Komitəsinin rəhbəri, Türk dünyasının tanınmış ziyalısı İbrahim Xəlil Balayoğullarıdır:

-İbrahim Xəlil müəllim, ötən əsrin 80-ci illərinin əvvəllərindən başlayaraq Azərbaycan da daxil olmaqla    Türk dünyasında bir oyanma baş verdi və günümüzdə də bu amil əvvəlkinə nisbətən zəif olsa da özünü hiss etdirməkdədir. Bu baxımdan maraqlıdır, Uluslararası Beynəlxalq Çağrı Komitəsinin yaradılması zərurəti hansı səbəbdən əmələ gəldi?

–    Bildiyiniz kimi türk xalqları Balkanlardan tutmuş Uızaq Şərqə kimi uzanan böyük bir ərazidə, o cümlədən Əfqanıstan, İran, Monqolustan, Çın və digər ölkə ərazilərində məskunlaşıblar.  Onların əsrlərlə müxtəlif səbəblərdən bir-birilərindən uzaq düşməsi  aralarında mənəvi, mədəni sahədə müəyyən fərqliliklərin yaranmasına   gətirib çıxarıb.  Ona görə də türk xalqları arasında tarixdən gələn milli,  mədəni, mənəvi, ortaq, dil, ortaq tarix, ortaq əlifba yaradılması və bu əsasda əlaqələrin bərpa edilməsi olduqca vacib məsələlərdən biridir.  Bütün bunlar olmasa türk xalqları arasında milli,  mədəni və mənəvi birliyə nail olmaq çətin olacaq.   Məhz bunu nəzərə alaraq  Uluslararası Beynəlxalq Çağrı Komitəsinin yaradılması qərarına gəldik. Məqsədimiz  dünyanın müxtəlif  bölgələrindəki türk xalqları arasında milli, mənəvi birliyin təbliğ edilməsi və bununla bağlı bölgədəki türk dünyasının liderləri ilə çoxsaylı görüşlər keçirmək və son da türk xalqlarının qurultayını keçirməkdir.   Bizim məqsədimiz türk dünyasının milli,  mədəni, mənəvı birliyinə nail olmaqdır. Bunun üçün də müvafiq tədbirlər həyata keçirilir və  sonda da bu istəyimizə nail olacağımıza əminəm. Bununla bağlı  2016-cı ildə  dünya türklərinə qurultay çağrılması ilə müraciət etdik. Məqsədimiz qurultay xatirinə qurultay çağırmaq deyil, türk dünyasının həqiqi mənada mənəvi, mədəni baxımdan bir araya gəlməsini təmin etməkdir.

– SSRİ-nin dağılması nəticəsində dünyanın siyasi xəritəsinə yeni türk dövlətləri Azərbaycan, Qazaxıstan Özbəkistan, Qırğızstan, Türkmənistan da çıxdı. Amma digər türk xalqları hələ də müxtəlif dövlətlərin daxilində əsarət altında yaşamaqda davam edirlər. Sizin belə bir fəaliyyətiniz  türklərin yaşadıqları dövlətlər tərəfindən narahatlığa səbəb ola bilərmi?

-Bizim məqsədimiz  türk xalqlarının milli, mədəni, mənəvi yaxınlığına nail olmaq, onlar arasında bu sahədə əlaqələri daha da genişləndirməkdir. Biz qarşımıza siyasi məqsədlər deyil, türk xalqları arasında mədəni, mənəvi əlaqələrin bərpa edilməsini qoymuşuq. Biz istəyirik ki, türklər yaşadıqları ölkələrin ictimai, mədəni həyatında daha yaxından iştirak etsinlər, öz milli mədəniyyətlərini, dillərini, tarixi ənənələriniu, milli varlıqlarını qoruyub saxlamaqla  həmin dövlətlərin inkişafına öz töhfələrini versinlər. Buna paralel olaraq onlar özlərini türk dünyasının bir parçası kimi hiss etsinlər,  digər türk toplumları ilə də mədəni, mənəvi əlaqələri davam etdirsinlər.  Əslində bizim belə bir fəaliyyətimiz türk xalqlarının tərkibində yaşadıqları dövlətlərin də maraqlarına cavab verir.

-İbrahim Xəlil müəllim, bununla bərabər sizə də məlum olduğu kimi türk xalqları arasında Turançılıq ideyası da geniş yayılıb. Siz Turançılıq ideyalarının haçansa reallaşmasına inanırsınızmı?

– Bilirsiniz, müasir dövrdə beynəlxalq aləmdə elə bir vəziyyət əmələ gəlib ki, millətçilik ideyaları ilə uzaqlara getmək mümkün deyil.  Sən türksənsə, türk dilini, mədəniyyətini yaşada bilirsinsə deməli öz varlığını qoruyaraq gələcəyə də apara biləcək, digər millətlər arasında əriyib getməyəcəksən.  Turançılıq ilk növbədə vahid dövlətçiliyə  əsaslanır və söhbət Uzaq Şərqdən tutmuş Balkanlara kimi uzanan  böyük bir ərazidə Turan dövlətinin qurulmasından gedir. Gəlin açıq danışaq, nəinki  indiki vəziyyətdə, hətta yüz illər sonra  buna nail olmaq mümkündürmü ? Təbii ki, yox. Ona görə də gəlin real, həyata keçirilməsi mümkün olan şeylərdən danışaq, vaxtımızı ona sərf edək.

-Türk xalqlarının ortaq dili barədə çox danışılıb, ancaq hər dəfə müəyyən problemlər ortaya çıxır. Eyni sözləri ortaq türk tarixi barədə də demək olar. Bu baxımdan Uluslararası Beynəlxalq Çağrı Komitəsi türk xalqları arasında mühüm olan ortaq dil, ortaq tarix, ortaq mədəni əlaqələrin bərpası məsələlərini necə həll etməyi planlaşdırıb?

– Türk xalqlarının ortaq dili məsələsi hörmətli ziyalılarımız  tərəfindən son yüzillikdə dəfələrlə gündəmə gətirilib. Çünki dilin varsa, sən də varsan. Amma  qismətimiz elə gətirib ki,  müəyyən səbəblərdən türk xalqları əsrlərboyu biri-birlərindən ayrı düşüb. Bu da öz növbəsində türk xalqlarının dilinə. Daha dəqiq desək ləhcələrinə müxtəlif dillərdən çoxlu sayda sözlərin keçməsinə gətirib çıxarıb. Təbii ki, bütün bunlar da ortaq dil məsələsində daha ciddi işlər görülməsini, bu məsələyə bütün türk xaqlarının-ləhcələrinin əsasında ortaq dil yaradılmasını zərurətə çevirib. Bunun üçün biz Öztükcə lüğətinin hazırlanmasını qərara aldıq. Öztürkcə sözlüyündə bütün türk ləhcələrindən, məhəlli dillərində olan sözlər toplanacaq.

Onu da deyim ki, ilk olaraq məşhur  yazıçı Çüngiz Aytmatov təklif etdi ki, oğuz türkcəsini ortaq dil kimi götürək və oradakı ərəb-fars sözlərini çıxararaq qıpçak dillərindəki sözləri əlavə edək. Bununla da ortaq dil problemı həll olunsun. Hörmətli ağsaqqalımız Oljas Süleymenov isə təklif etdi ki, ortaq dil üçün Oğuz-Karluk qrupunu götürək. Oğuz türkcəsində sözlərin 50 faizi ərəb-fars mənşəlidir. Ərəb-fars sözləri təmizləndikdən sonra isə sonra qalan sözlər qıpçak dillərindəki ilə eynidir. Təbii ki, burada digər amillər də var. Belə ki, hazırda dünyada 50 türk ulusu var və onlar saylarından, ərazilərindən asılı olmayaraq hamısı bərabərdir. Yəni ortaq dil məsələsində saylarının azlığından və ya çoxluğundan asılı olmayaraq hamı bərabərdir. Ona görə də Öztükcə sözlüyü hazırlayarkən hər bir ulusdan bir nəfər filoloqu dəvət edəcəyik, onlara müvafiq yer ayrılacaq, maaşla təmin ediləcək və qarşılarına bir şərt qoyulacaq: Müəyyən müddət ərzində dili alınma sözlərdən təmizləyərək yeni sözlüyü ortaya qoymaq. Bu məsələ beləliklə həllini tapmış olacaq. Bununla da əlimizdə Öztürkcə sözlüyü olacaq. Bu lüğət əsasında  uşaqlar üçün cizgi filmləri hazırlanacaq və ya məşhur mahnıların sözləri bu lüğətdəki sözlər əsasında ifa ediləcək. Bununla da ortaq dilə keçid baş verəcək. Onu da deyim ki, vaxtı ilə yəhudilər belə bir təcrübədən istifadə ediblər. Onlar qədim ivrit dilində deyil, idişdə danışırdılar. İsril alimləri yığışdılar və ivrit dilinin əsasında öz dillərini bərpa etdilər. Biz bu təcrübədən istifadə edərək biri-birini anlayan yeni nəsil ortaya çıxaracağıq.

Amma bu ilkin məsələdir və ortada hər bir millətin idenfikasiyasını özündə əks etdirən dünyanı, özünü idarəetməsi məsələsi var. Biz bu məsələdə İsmayıl Qaspıralınin dildə, sözdə və işdə birlik ideyasını əsas götürərək onu açdıq. Məsələn, ermənilərin idenfikasiyasından danışarkən qeyd edək ki, onlar Efiopiya yazısını tərsinə çevirərək öz əlifbaları etdilər və bununla da öz varlıqlarını qoruyub saxladılar. Eyni sözləri digər millətlər haqqında da demək olar. Məsələn, Çin əlifbasında 3 mindən artıq heroqlif var. Və çinlilər onların hər birinə kosmik kod kimi baxırlar. Biz də belə hesab etdik ki, türklərin öz qədim əlifbasına qayıtmasına ehtiyacı var. Bu məsələdə hörmətli dilçi alimimiz, təşkilatımızın ağsaqqallar şurasının üzvü Firudin Cəlilovla məsləhətləşdik. O  masanın üzərinə runik, finikiya, etrusk və latın əlifbalarını düzdü. Bunlardan biri olmayanda bu əlifbaların qohumluq əlaqələrini görmək mümkün olmur. O vaxt daş üzərində yazılar həndəsi fiqur üzrə həkk edildiyindən hərflər də buna uyğun olurdu. Daşdan dəri üzərinə keçid baş verəndən sonra  runik əlifbası da buna uyğun formasını aldı. Runik əlifbası finikiya və etrusk əlifbaları üçün əsas rolunu oynadı. Beləliklə, sonrakı dövrlərdə türk-etrusk əlifbası əsasında latın əlifbası yaradıldığı ortadadır. Latın əlifbasında müasir Azərbaycan dilində olmayan səslər var. Onları runik əlifbadakı hərflərlə əvəz edəndə  öz əlifbamız alınır.Yəni biz bu gün latın əlifbası bizimdir deyə onu özümüzünküləşdirə bilmərik. Amma ona runik əlifbamızdakı hərfləri əlavə edəndə özümüzünküləşdirmiş oluruq.

Daha bir məsələ ortaq tarixlə bağlıdır. Ortaq tarix də olduqca vacibdir. Bizim bu günə kimi öyrəndiyimiz tarix məhəlli tarixdir. Bizm ortaq tarixi dəyərlərimiz, Mahmud Qaşqarlımız, Yusif Balasaqunlumuz, Əl-Fərabimiz, Xakas kurqanlarımız Qobustan qayalarımız,  Göbəkli təpəmiz və digərləri var. Ortaq tariximiz də yuxarıda artıq bəhs etdiyim ortaq dil təcrübəmiz əsasında yaradılacaq və bunu təkrarlamağa ehtiyac görmürəm.

Nəhayət digər bir önəmli məsələ türkün dünyaya baxış fəlsəfəsidir. Türkün tarixboyu özünəxas olan fəlsəfi dünya görüşü olub. Bu əsasda da biz türkün Altun kitabının yaradılmasını təklif edirik.  Türkün fəlsəfəsi dünyada haqq-ədaləti bərpa etməkdir, türk işğalçı olmayıb heç vaxt. Dünyada ədaləti bərpa etmək üçün ona Türkün pəncərəsindən baxmaq lazımdır. Yaponlarda samuray şərəfi məsələsi var, bu, yaponların xarakterini göstərir. Türkün isə tarixboyu formalaşan adət-ənənələri var və onların hamısında bəşəri fəlsəfi ideyalar, bəşəri sevgi var. Bunun əsasında da türkün Altun kitabı yaradılacaq və türkün fəlsəfi dünyagörüşünü özündə əks etdirərək onun mənəvi, mədəni böyüklüyünü bir daha ortaya qoymuş olacaq.

Bütün bu məsələlər həllini tapandan sonra qurultay keçiriləcək. Qurultayda da türk ulusları bərabər nümayəndələr əsasında iştirak edəcək və ora bütün türk uluslarından nümayəndələr dəvət ediləcək. Qurultay Oğuz xaqanın dəfn olunduğu Xan Tanrı dağlarının ətəyində, indiki Qazaxıstanla Qırğızıstanın sərhədində keçiriləcək. Qurultayda BMT tımsalında Birləşmiş Türk Təşkilatı yaradılacaq. Bundan sonra bütün türklər biri-birinə doğru gedəcək, biri-biirnə qucaq açacaq  və türk ədaləti əsasında bütün məsələlər həll ediləcək. Bütün bunlar əlbəttə vaxt aparacaq, ancaq nəzərdə tutulanların hamısı həyata keçiriləcək.

-Bu çətin və əzablı, eyni zamanda olduqca müqəddəs bir amalın həyata keçirilməsi yolunda sizlərər uğurlar arzulayırıq. Yolunuz açıq və uğurlu olsun.

-Təşəkkür edirəm.

Əziz Mustafa