Hitlerin yoxa çıxan xəzinəsi tapılacaqmı? (3)

0
815

Arazinfo.com saytı araşdırmaçı jurnalist, yazıçı Əziz Mustafanın “Hitlerin yoxa çıxan xəzinəsi tapılacaqmı?” yazısının üçüncü hissəsini oxucularına təqdim edir:

İtirilmiş xəzinə arasında yalnız bir qədər bəxti gətirən və bir hissəsi aşkar edilən Macarıstan kralına məxsus olan xəzinə olub. Amma Macaristana məxsus olan qızıllar da öz sahibinə qaytarılmayıb. Onu da deyək ki, Hitlerin Macarıstan xəzinəsini tələm-tələsik Almaniyaya daşımasına səbəb 1944-cü ilin əvvəllərində SSRİ qoşunlarının adı çəkilən ölkənin sərhədlərinə yaxınlaşması oldu. Macarıstanın dövlət xəzinəsinin SSRİ-nin əlinə düşməsinə imkan verməmək və SSRİ-nin hücumunun qarşısını almaq üçün 1944-cü il mart ayının 18-də Hitlerin əmri ilə ( “Marqaret-1” planı) 11 alman diviziyası adı çəkilən ölkəni işğal etdi. Amma 1944-cü ilin payızında Almaniya Macarıstanı əldə saxlaya bilməyəcəyini anladı. Bundan sonra Macarıstanı talamağa başlayan alman hərbi əsgərləri əllərinə keçəni xüsusi eşalonlarla Almaniyaya göndərməyə başladılar. 1945-ci il mart ayının sonunda Hitlerin birbaşa göstərişi ilə Macarıstana məxsus dövlət xəzinəsinin Almaniyaya daşınmasına başlandı. A. Eyxmanın rəhbərliyi altında olan SS polku Macarıstan qızılının Almaniyaya daşınmasına nəzarəti həyata keçirirdi. Qısa müddətdə Macarıstana məxsus olan 110 yeşik qızıl külçə, o cümlədən 8 yeşik brilyant Almaniyaya daşındı. Almanlar hətta Macarıstandakı kilsələri belə talayaraq orada qiymətli nə varsa hamısını Almaniyaya daşıdılar.

Rembrandtdan Reysdala kimi…

Yuxarıda qeyd etdiyimiz kimi hələ 1944-cü ilin mart ayında almanlar Macarıstanı işğal edərkən oradakı qiymətli əşyaları, o cümlədən ölkə xəzinəsini Almaniyaya daşımaq üçün xüsusi hazırlıq görməyə başlamışdılar. Bu məqsədlə 77 vaqondan ibarət xüsusi eşalon ayrılımışdı. Həmin eşalonlara hər gün ölkədən talanan qızıl və digər qiymətli əşyalar yüklənirdi. SSRİ qoşunlarının Macarıstana hücumu başlayanda qızılla dolu 77 vaqondan ibarət eşalon dərhal Almaniyaya isitqamət götürdü. Macarıstanın Avstriya ilə sərhədində yerləşən Şopron, Dyer və Sombatxey şəhərlərindən daha 3 vaqon qızıl həmin eşalona qoşuldu. Eşalonlarla Almaniyaya daşınan və ümumi çəkisi 100 tona yaxın olan qiymətli metallardan əlavə Macarıstan Milli muzeyindən talanan qiymətli muzey əşyaları, o cümlədən intibah dövrü rəssamlarına aid olan sənət inciləri də vardı.  Müharibədən sonra onlardan yalnız 42 vaqonda olan 29 ton qızıl və qiymətli muzey əşyalarını gizli saxlama yerlərindən taparaq əldə etmək mümkün olmuşdu. Amma axtarışlara baxmayaraq 38 vaqon qızıl və digər qiymətli əşyaların yerini müəyyən edərək tapmaq mümkün olmadı. Amma Almaniyaya Macarıstandan yalnız qiymətli metallar və muzey əşyaları deyil, həm də 1560 yeşik gümüş də daşınmışdı. Nəhayət, talanan mallar arasında məşhur rəssamlar Rembrandt və Reysdalın da rəsmləri daxi olmaqla1180 rəsm incisi, 300 ədəd əllə toxunan xalça da vardı. Bu talanan malların hamısının xüsusi siyahısı tutulmuş və onların haradan əldə edildiklər yerlər olduqca dəqiqliklə qeydə alınmışdı. Bu siyahı polkovnik Arpad Toldinin əlində idi. Ancaq sonra o, bu siyahını ələ keçməsin deyə məhv etmişdi. Buna baxmayaraq II Dünya müharibəsinin başa çatmasından xeyli illər ötəndən sonra tədqiqatçılar talanan Macarıstan qızılı ilə dolu eşalonun keçdiyi marşrutu müəyyən edə bilmişdilər. Məlum olmuşdu ki, 1944-cü ilin noyabr ayında Budapeştdən yola düşən eşalon 1945-ci ilin mart ayına kimi Macarıstanın Avstriya ilə sərhəddində Brennerbanya şəhəri yaxınlığındakı dəmiryolu stansiyasında dayanmışdı. Yalnız mart ayında SSRİ qoşunlarının Brennerbanya şəhərinə yaxınlaşması almanları qızılla dolu eşalonu ölkənin içərilərinə göndərməyə məcbur etdi. Qatar Avstriya ərazisinə daxil olanadan sonra eşalon rəisi Laslo Avar mühafizə alayının rəisi Toldiyə 52 yeşik qızılı yük maşınlarına yükləməyi əmr etdi. Yük maşınları Avstriyanın keçilməz meşələrinə doğru istiqamət götürdü. Avstriyadakı Xopfqarten adı yerdə Toldi yeşikləri etibarlı yerə gizlədə bilməyəcəklərini anlayaraq ondan öz payını götürmək istədi. Lakin Laslo Avar buna icazə vermədi. 1945-ci il may ayının 9-da Almaniya təslim oldu. Bundan iki gün sonra, may ayının 11-də qiymətli yükü müşayiət edənlər qızılı gizlədə bilməyəcəklərini anlayaraq onu öz aralarında bölüşdürmək və bundan sonra  mülki geyim geyinərək Avstriaya vətəndaşları arasına qatılmaq istədilər. Amma onlar gecikmişdilər və təsadüfən amerika əsgərləri qızıl dolu vaqonları aşkar etdilər.

Amerikanın “qənimət”i

Həmin dövrdə Avstriya ərazisinə daxil olan Amerika qoşunları təsadüfən Bekştayn yaxınlığındakı Tauern tunelində ( Zaltsburq ətrafında) eşalonu aşkar edərək dərhal onu ələ keçirdilər. Bu arada isə Toldinin müşayət etdiyi yük maşınlarına yüklənmiş qızıl karvanı ABŞ qırıcı təyyarələri tərəfindən bombalandı. Bundan sonra Toldi mühafizəçilərlə qızılı bölüşdürdü və onlar İsveçrəyə gedərək orada gizlənməyi qərara aldılar. Feldkirxen adlı yerdə Toldi 6 yeşik qızılı iki nəfər SS zabitinə verərək onlarla Sürüxdə görüşmək barədə razılıq əldə etdi. Özü isə qalan yeşiklərlə  birlikdə Avstriya-İsveçrə sərhədinə doğru hərəkət etdi. Ancaq onlar Avstriyanın fransızlar tərəfindən işğal edilmiş ərazisində sərhədi o biri tərəfə keçə bilməyəcəklərini anladılar. Bundan sonra o, qızılları Avstriya dağlarında gizlətməyə məcbur oldu. Bundan sonra Avstriyanı gizli şəkildə tərk etmək istəyərkən Toldini fransızlar ələ keçirdilər.

Qızılla azadlıq

Bəzi məlumatlara görə Toldi ona toxunmayacaqları təqdirdə qızılın yerini fransızlara göstərib. Bu məntiqi baxımdan ağlabatan görünür. Çünki fransızlar onu mühakimə etmək üçün beynəlxalq məhkəməyə verməkdən imtina etdilər. Bunun ardınca isə Toldini Fransanın xarici legionunda işə qəbul etdilər. Amma bununla belə almanların Macarıstandan taladıqları qızılın bir hissəsi amerikalılara nəsib oldu. Düzdür, sonralar Macarıstan muzeylərindən talanan

və amerikalıların əlinə keçən rəsm əsərlərinin bir hissəsi macarlara qaytarıldı. Ancaq macarlara məxsus olan qızılın amerikalılara nəsib olan hissəsi bu günə kimi ABŞ qiymətli pullar ( Monetnoqo dvor) sarayında, geri verilməyən rəsm əsərləri isə Milli qalareyada və tarixi eksponatlar muzeyində saxlanılmaqdadır.

Qeyd edək ki, əvvəlcə Macarıstana məxsus olan xəzinəni amerikalılar onun əsl sahibinə qaytarmaq niyyətində idilər. Ancaq Macarıstanda sosializm quruculuğu prosesinin başlaması amerikalıları bu fikirdən daşındırdı. 1948-ci ildə Avstriyadakı Amerika hərbi hissələrinin komandanı general Mark Klark Macarıstana aid xəzinənin əllərində olan hissəsinin geri qaytaılmayacağunı və buna hər hansı əsasın olmadığını söylədi. Onun sözlərinə görə bu xəzinə Macarıstanda məhv edilən yəhudilərə kompenssasiya kimi veriləcəkdi. Generalın sözlərini ABŞ-ın o dövrdəki xarici işlər naziri Robert Marşall da təsdiq etdi. Bu arada isə amerkalı zabitlər, xüsusən də Avstriyadakı 42-ci diviziyanın komandanı general- leytenant Harri Kollinz vaqonlardakı qiymətli əşyaları çırpışdırmağa başladılar. Kollinz vaqonlardan 8 qiymətli rəsm əsəri oğurlamışdı. Bir sözlə 29 vaqondakı qiymətli əşyaların bir hissəsi ameriklaı zabitlər və əsgərlər tərəfindən talandı. Bunu görən ABŞ müdafiə naziri təcili şəkildə vaqondakı digər qiymətli əşyaları öz ölkələrinə göndərdilər. Amma ABŞ vəd etdiyi kimi xolokost qurbanlarına bu qızıldan bir qəpik də olsa vermədi. 2001-ci ildə Almaniyanın Düsseldorf şəhərindən olan vəkil Peter Volts ABŞ dövlətinə qarşı bununla əlaqədar məhkəmə işi qaldırdı.

O əlində olan müharibə dövrü sənədlərinə əsasən ABŞ-ı nasistlərin taladıqları qızılla dolu eşalonu bombalamağa icazə verməməkdə ittiham etdi. Onun sözlərinə görə, ABŞ bununla da Almaniyaya Macarıstandan və digər ölkələrdən taladığı tonlarla  qızılı sərbəst şəkildə ölkəsinə aparmağa və gizlətməyə şərait yaradıb. Volts məhkəmədə buna görə ABŞ-dan 40 milyard dollar tələb edirdi. Amma bu məhkəmə nəticəsiz başa çatdı. Çünki ABŞ hökuməti Voltsun iddialarını rədd etməsi üçün məhkəməyə təzyiq göstərdi.

Beləliklə bu günün özündə Macarıstan xəzinəsinin yarıdan çoxu ABŞ Qiymətl pullar sarayında saxlanmaqdadır. Macarıstana və digər ölkələrə məxsus olan  yüz tonlarla qızılın, o cümlədən  Hitler Almaniyasının xəzinəsinin gizlədildiyi yerləri ( cüzi tabıntıları nəzərə almadan) müəyyən etmək mümkün olmayıb. Görəsən, bir vaxtlar bu xəzinə kimlərə nəsib olacaq? (Son)

Əziz Mustafa/Arazinfo.com

BIR CAVAB BURAXIN