Hitlerin Antarktidada gizli bazası: Müəmmalar davam edir (3)

0
706
Arazinfo.com saytı araşdırmaçı jurnalist Əziz Mustafanın “Hitlerin Antarktidada gizli bazası: Müəmmalar davam edir”yazısının üçüncü, sonuncu hissəsini oxucularına təqdim edir:

Stalinin Antarkida iştahası

Əlbəttə, o dövrdə SSRİ də Antarktida ilə xüsusi maraqlanırdı. SSRİ bu sirli qitədən gələcəkdə dünya ağalığı uğrunda gedən müharibələrdə ən etibarlı sığınacaq kimi istifadə etmək və oradan düşməni məhv edəcək əməliyyatlar hazırlamağı planlaşdırmışdı.

 Ötən əsrin 40-cı illərin ortalarından başlayaraq, SSRİ də Antarktidaya ekspedisiyalar göndərməyə başlamışdı. Amma bu ekspedisiyalar barədə mətbuatda ancaq bir neçə kəlmə deyilir, ya da heç bir məlumat verilmirdi. O dövrün SSRİ qəzetlərində Antarktida pinqvinlər və əbədi buzlaqlar qitəsi kimi təsvir edilirdi. 1946-1947-ci illərdə Antarktidaya Koroleva Mod torpağı sahillərinə məşhur qütb səyyahı Papaninin, Krenkelin, Fyodorovun, Vodopyanovun, Mazurukun, Kamaninin və Lyapidevskinin rəhbərliyi altında  “Slava” dizel elektroxodu göndərildi. Gəmidəki yüksəkrütbəli adıçəkilən şəxslərin hamısı kontr-admiral (marşal) idi. Bundan əlavə, ekspedisiyada 4 general, məşhur qütb təyyarəçiləri də iştirak edirdi. Amma SSRİ-də bu barədə susmağa üstünlük verirdilər. Rəsmi məlumatlarda yalnız 1950-ci ildən başlayaraq, SSRİ-nin Antarktidaya ekspedisya göndərməsi barədə məlumat verilir. Amma bu gün artıq məlumdur ki, 1946-1950-ci illər arasında SSRİ Antarktidada uzun müddət yaşamaq və işləmək üçün müvafiq struktur yarada bilmişdi.

1993-cü ildə “İstoriya VMS” (Hərbi Dəniz Qüvvələri tarixi ) jurnalında Q. A. Barsovun Antarktidaya ilk ekspedisiya barədə  araşdırması çap olundu. Barsovun əldə etdiyi məlumatlara görə, 1946-cı ildə SSRİ Antarktidaya “Stoykiy”, “Smelıy” və “Vısokiy” gəmilərini göndərib. Həmin gəmilərdəki ekspedisiyaya isə yuxarıda adını çəkdiyimiz SSRİ-nin məşhur qütb səyahətçiləri  rəhbərlik ediblər. Onların da Berd kimi naməlum uçan aparatlarla üzləşib-üzləşməməsi barədə heç nə deyilmir və ya belə məlumatlar olubsa da, gizli arxivlərdə saxlanılır. Hələliksə, SSRİ-nin məhz 1951-ci ildə Koroleva Mod torpağına ayaq basdığı məlumdur. Burada Lazarev stansiyası quruldu və  sonrakı illərdə bu stansiya SSRİ-nin Antarktidadakı əsas dayaq bazalarından birinə çevrildi. Antarktida ekspedisiyasına rəhbərlik edən Papaninə 1951-ci ildə SSRİ-nin ən ali ordenlərindən birini verdilər. Nə qədər qəribə olsa da, ordenin verilməsi ilə bağlı sərəncamda onun hansı xidmətlərə görə təltif edilməsi barədə bir söz belə yoxdur. Belə başa düşmək olar ki, İvan Dmitriyeviç Papaninə bu mükafat məhz Berdin ekspedisiyası ilə toqquşmaya görə verilib. Amma ortaya yenə də  sual çıxır: SSRİ, doğrudanmı o dövrdə uçan naməlum obyektlərə malik idi. Bu inandırıcı görünmür. Amma bütün hallarda Papaninə bu mükafatın Antarktidada SSRİ hərbi dəniz bazasını yaratdığına və ya hansısa gizli missiyanı uğurla həyata keçirdiyinə görə verildiyi daha məntiqə uyğun görünür.  Necə deyərlər, sirli Antarktida SSRİ, ABŞ və bizə hələ ki məlum olmayan güclərin arasında gedən mübarizə meydanına çevrilmişdi. Yalnız ötən əsrin 50-ci illərinin sonlarında Antarktidada həm ABŞ, həm də SSRİ  dənizçilərinin çoxsaylı naməlum uçan aparatların hücumuna məruz qalmasından sonra iki supergüc oradan hərbi məqsədlər üçün istifadə edilməyəcəyi barədə anlaşma imzaladılar. Yalnız bundan sonra NUO-ların ekspedisiya üzvlərinə hücumları azaldı. Amma bu gün də Antarktidada sirli hadisələr bir-birini təqib etməkdə, orada hər gün NUO-ların uçuşu müşahidə olunmaqdadır. Beləliklə, Antarktidanı əbədi buzlaqlar qitəsinə çevirən güclər oradan özlərinin bazası kimi müəyyən məqsədləri həyata keçirmək üçün istifadə edirlər.  NUO-ların hitlerçilərin Antarktidadakı gizli bazası ilə əlaqəsi varmı və ya onlar arasında ümumi dil tapılıbmı? Biz, hələlik, bunu bilmirik və çox güman ki, Antarktida hələ uzun illər  öz sirlərini heç kimə verməyəcək. Son

Əziz Mustafa

BIR CAVAB BURAXIN