Hillari Klinton ABŞ-ın ilk qadın prezidenti ola biləcəkmi?

0
608

Əziz Mustafa

ABŞ-da keçiriləcək növbəti prezident seçkilərində qalib gəlmək istəyən namizədlər arasında mübarizə tədricən finiş nöqtəsinə çatmaqdadır. Bu baxımdan Respublikaçılar Partiyasının namizədi Donald Trampın qarşıdan gələn prezident seçkilərində qalib gələcəyini iddia edənlər az deyil. Lakin Trampın seçkiqabağı mübarizədə özünəməxsus şəkildə çoxsaylı radikal bəyanatlar verməsi, xüsusilə ölkədəki müsəlmanlar və digər etnik azlıqlar əleyhinə xoşagəlməz ifadələr işlətməsi onun imicinə ağır zərbə vurub. Bu baxımdan ABŞ-da yaşayan milyonlarla müsəlmanın və digər etnik azlıqların Trampa səs verməyəcəyi öncədən şibhə doğurmur. Bu isə prezident kürsüsü uğrunda mübarizədə Trampın əsas rəqibi olan Demokratlar Partiyasının namizədi xanım Hillari Klintonun qələbə çalma və ABŞ-ın tarixində ilk qadın prezident olma imkanlarını xeyli artırıb. Digər tərəfdən də neofaşist mövqeyindən çıxış edən Trampla müqayisədə xanım Klinton daha yumşaq siyasətçi kimi tanınır və o, rəqibindən fərqli olaraq, Amerikada yaşayan bütün etnik azlıqlara münasibətdə insan hüquqlarının mövqeyi müstəvisindən hərəkət edir. Buna paralel olaraq, xanım Klinton ərinin prezidentliyi dövründə onun yanında, belə demək mümkünsə, böyük siyasi məktəb keçib. Hətta ötən əsrin 90-cı illərinin ortalarında Prezident Bill Klintonu Hillarinin idarə etdiyi də vurğulanırdı. Bill Klintonun ikinci dəfə prezident seçilməsində də Hillarinin xüsusi rol oynadığı məlum idi. Onun o vaxt ölkəni ərinin adından idarə etdiyi də qeyd edilirdi. Belə ki, əksər hallarda Bill Klinton hər hansı qərarı qəbul edərkən, ilk növbədə, Hillari ilə məsləhətləşir və onun rəyini hökmən nəzərə alırdı. Bu baxımdan üstündən 20 il ötəndən sonra xanım Klinton bu dəfə prezidentliyə əsas namizəd rolunda siyasi həyata qayıtmağa hazırlaşır.

Amma, hələlik, bu ona heç də asan başa gəlməməkdədir. Belə ki, Hillari Klintonun Demokratlar Partiyasından olan digər namizəd Berni Sanderslə də adıçəkilən partiyanın yeganə namizədi olmaq uğrunda mübarizəsi davam etməkdədir. Demokratlar Partiyasının iyun ayında keçiriləcək növbəti qurultayı ərəfəsində Sanders gözlənilmədən Qərbi Virginiyadakı praymerizdə Klintona qalib gəlib. Bu isə sensasiya hesab edilir. Düzdür, bütün hallarda qarşıdan gələn qurultayda xanım Klintonun Demokratlar Partiyasının prezidentliyə namizədi göstəriləcəyi öncədən şübhə doğurmur. Hər halda Sanderslə müqayisədə xanım Klinton daha təcrübəlidir və hazırkı vəziyyətdə Demokratlar Partiyasından yalnız o, Trampla birbaşa mübarizə aparmaq imkanlarına malikdir. Yeri gəlmişkən, onu da deyək ki, 2008-ci ildə keçirilən prezident seçkilərində Hillari Klinton praymerizdə Barak Obamaya məğlub olaraq mübarizəni dayandırmağa məcbur oldu.Təbii ki, bununla o hər halda böyük siyasi təcrübə əldə etmiş oldu. Üstündən 8 il ötəndən sonra xanım Klintonun bu təcrübədən prezident seçkilərində qalib gəlmək üçün istifadə edəcəyi istisna edilmir.

Hillarinin siyasi zirvəyə uzunmüddətli yürüş yolu

ABŞ-ın siyasi həyatına gözlənilmədən böyük sürətlə daxil olan və qalmaqallı açıqlamaları ilə nəinki amerikalıların, həm də xarici ölkələrin diqqətini özünə cəlb edən Donald Trampla müqayisədə xanım Klintonun Prezident zirvəsinə yürüşü 30 ilə yaxındır ki, davam edir. 2008-ci ildə keçirilən prezident seçkilərindən sonra Obama Administrasiyasında Dövlət katibi vəzifəsinə təyin edilən Hillari Klinton bununla da ölkənin idarə edilməsi sahəsində daha bir zəngin təcrübə qazanmış oldu.

Yeri gəlmişkən, onu da deyək ki, Hillari Klinton Yel Universitetini bitirib və ixtisasca hüquqşünasdır. 1975-ci ildə Bill Klintonla ailə həyatı quran Hillari, əvvəlcə, ərinin soyadını götürməyərək bir müddət qızlıq soyadını (Rodem) daşıdı. 1980-ci ildə Bill Klinton ikinci müddətə Arkanzas ştatının qubernatoru seçilə bilmədi. Bu uğursuzluq xanım Klintona ağır təsir bağışladı və o ərinin soyadını qəbul edərək, ona siyasi mübarizəsində kömək etməyə başladı. Ərinin seçicilərinin rəğbətini qazanmaq üçün xanım Klinton cənubluların zövqünə uyğun olaraq, geyinməyə, onların adət-ənənələrinə hörmət etməyə, onlarla sıx ünsiyyət qurmağa girişdi. Nəticədə yerli əhali ilə qısa müddətdə dil tapmağa nail olan Hillari 1982-ci ildə ərinin yenidən Arkanzas ştatının qubernatoru seçilməsində böyük rol oynadı. Ümumiyyətlə isə, Bill Klinton prezident kürsüsündə oturana kimi 5 dəfə adıçəkilən ştatın qubernatoru seçildi. Arkanzasda Hillarinin böyük nüfuza sahib olduğunu 2008-ci ildə keçirilən seçkilər də bir daha təsdiq etdi. Belə ki, Obama ilə müqayisədə Arkanzasdakı praymerizdə Hillari səslərin 70 faizini aldı. Obama isə adıçəkilən ştatda 27 faizlik səslə kifayətlənməli oldu. Bir sözlə, məhz Arkanzas ştatı xanım Klintonun üzünə prezident kürsüsü zirvəsinə gedən yolun qapılarını açmış oldu.

Birinci ledi

1992-ci ildə keçirilən prezident seçkilərində Bill Klintonun qalib gəlməsi Hillarinin qarşısında yeni imkanlar açdı. Bununla da Hillari ərinin yanında onun “kölgə” prezidentinə çevrilərək ölkənin siyasi həyatında pərdə arxasından fəal iştirak etməyə başladı. Klinton Hillarini səhiyyə islahatları üzrə xüsusi komissiyanın sədri təyin etdi. Bu vəzifədə Hillari iri dərman şirkətlərinin mövqeyini müdafiə edən respublikaçılarla mübarizəyə başladı və bəzi uğurlara imza atdı. Bununla belə, Konqres Klintonların səhiyyə islahatları layihəsini rədd etdi. Bu uğursuzluqdan sonra bir müddət arxa plana çəkilən Hillari 1996-cı ildə keçirilən yeni prezident seçkilərində ərinin qalib gəlməsindən sonra birinci ledi funksiyasını öz üzərinə götürdü və bundan əhali arasında özünün simasında müsbət birinci ledi imici formalaşdırmaq üçün uğurla istifadə etdi. O, birinci ledi kimi Asiya ölkələrində qadınların və uşaqların hüquqlarının müdafiəçisi rolunda çıxış etməyə, münaqişə bölgələrinə səyahətlər etməyə başladı və bununla da özünün simasında xeyirxah ledi imici formalaşdıra bildi. Hətta ərinin Monika Levinski ilə eşq macəraları üzə çıxanda belə Hillari özünü ləyaqətlə apararaq, qalamqala münasibətdə əsl birinci ledi mövqeyi nümayiş etdirdi. Bununla belə, Hillari Klintonu Amerikada çoxluq uzun müddət sevə bilmədi. Buna da səbəb Dik Morrisin “Yeni dövlət bağçısı, XXI əsrin Makiavellisinin yeni versiyası” kitabında yazdığı kimi, əhali arasında Hillarinin Klintonun adından ölkəni idarə etməsi barədə formalaşdırılan rəy oldu. Tarixçi alim, Texas Universitetinin tədqiqatçısı Lyuis Qud yazır ki, Hillari hər yerdə ərindən ağıllı olduğunu nümayiş etdirirdi. Bu isə onun səhvi idi. Amerikada kişilər son söz sahibidirlər və ona görə də cəmiyyətdə güclü qadına inam olduqca azdır və onu qəbul edə bilmirlər.

Hillari Klinton sonralar bu səhvini düzəltməyə çalışdı və nəticədə 2008-ci ildə keçirilən prezident seçkilərində Obamanın əsas rəqibinə çevrildi. Obama çox çətinliklə Hillariyə qalib gələ bildi. Nəticədə 2008-ci ildə keçiriləcək Demokratlar Partiyasının qurultayı ərəfəsində Hillari mübarizəsini dayandırmağa məcbur oldu. Beləliklə, Obama Demokratlar Partiyasından prezidentliyə yeganə namizəd göstərildi. Lakin həmin vaxt artıq 18 milyon seçici Hillariyə səs vermiş, onu prezident kürsüsündə görmək istədiklərini bəyan etmişdilər. Hillarinin əzmkar mübarizəsini yüksək qiymətləndirən Obama isə prezident seçildikdən sonra onu Dövlət katibi vəzifəsinə təyin etdi. Obamanın ikinci dəfə prezident seçilməsində də onun Hillari tərəfindən açıq şəkildə dəstəklənməsi önəmli rol oynadı. Obamanın üçüncü müddətə prezident seçilməyəcəyinin məlum olması qarşıdan gələn növbəti prezident seçkilərində Hillari Klintonun Demokratlar Partiyasının əsas namizədi olmasına yol açıb. Xanım Klinton prezident kürsüsü uğrunda mübarizədə Donald Trampla gərgin və olduqca ağır bir mübarizə aparmalı olacaq. Amma yenə də qeyd etmək yerinə düşər ki, Hillari Klintonun xalq arasında radikal çağırışları ilə cəmiyyətdə özünə qarşı xoşəgəlməz imic formalaşdıran respublikaçı Trampla müqayisədə prezident seçkilərində qələbə çalmaq imkanları daha çoxdur. Trampla müqayisədə Hillari Klinton zəngin siyasi mübarizə təcrübəsinə malikdir və istənilən an bundan özünün qələbəsi üçün bacarıqla istifadə edə biləcək. Nəhayət, yalnız Amerikaya deyil, onun Qərbdəki müttəfiqlərinə də faşist ovqatı üzərində köklənən Donald Trampın deyil, demokrat ruhlu, hər hadisəyə daha təmkinli yanaşan, emosiyaları ilə deyil, ağlı ilə qərarlar qəbul edən Hillari Kintonun prezident seçilməsi daha sərf edir. Bu baxımdan Hillari Klinton prezident seçiləcəyi təqdirdə, ABŞ tarixində daha bir ilkə imza ataraq ilk qaradərili Prezident Obamadan sonra ilk qadın prezident olmaq sevincini yaşayacaq.

BIR CAVAB BURAXIN