Haqsızlıq qurbanı kölə filosof/Əziz Mustafa

0
824

Hər bir insanın həyatda qazandığı uğurlarda, həm də onun itirdiklərində və başına gələn saysız hesabsız bəlalarda dilin özünəməxsus rolu var desək, səhv etmərik. Bu baxımdan tarixdə onlarla ibrətamiz hadisələr mövcuddur və onların hər biri insanın həyatında dilin oynadığı əvəzsiz rolu bütün aydınlığı ilə göstərir. Bu baxımdan günümüzdə belə unudulmayan böyük yunan təmsilçisi Ezopun həyatı olduqca ibrətamz hesab edilə bilər. Ezopun həyatı barədə çox az məlumat var. Onun eradan əvvəl (e.ə.) VI əsrdə Frakiyada anadan olduğu ehtimal edilir. Tarixin atası hesab edilən Herodot yazır ki, Ezop Samos adasında yaşayan İadmon adlı birinin qulu olub. O Misirdə hökmranlıq edən çar Amasisin dövründə (e.ə 570-526) yaşayıb və delfiyalılar tərəfindən öldürülüb. Heraklid isə yazır ki, Ezop frakiyalı idi və onun ilk sahibinin adı Ksanf idi. Hər halda o dövrdə Ezopun həyatı haqqında yazanlar ona daha yaxın idilər və özlərindən əvvəlki dövrdə baş verən hadisələri yaşlı insanlardan az-çox öyrənə bilmişdilər. Ezopun olduqca gülməli və ibrətamiz həyatı barədə Aleksid (IV əsrin sonu) “Ezop” adlı komediya yazıb. O, qəhrəmanını məşhur Solonla qarşılaşdırır və Ezop haqqında çar Krez dövrünə aid edilən 7 müdrik haqqında əfsanəni gündəmə gətirir. Onun müasiri Lisippin də həmçinin Ezopun 7 müdrikə rəhbərlilk etdiyi barədə əfsanədən xəbəri var idi və o da onu öz əsərinin qəhrəmanı kimi seçmişdi. Ezopu məşhurlaşdıran onun təmsilləri idi və o bu təmsillərin dili ilə insanların eyiblərini açır və onlara doğru yolu göstərirdi. Ezop olduqca hazırcavab, eyni zamanda müdrik bir adam idi. Ezop haqqında söylənilən rəvayətlərdən birində deyilir:

Bir dəfə Ezop küçə ilə gedirdi. Qəfildən məhkəmə hakimi ilə qarşılaşır. Məhkəmə hakimi onun işdən yayındığını düşünərək soruşur:

– Sən hara gedirsən?

– Bilmirəm, – deyə Ezop cavab verir.

– Sən yalan danışırsan, – deyə hakim qışqırır və əmr edir ki, onu həbsə göndərsinlər.

Bunu görən Ezop özünü itirmir və deyir:

– Görürsən, mən düzünü dedim və indi həbsə gedirəm. Əgər həbsə göndəriləcəyimi bilsəydim, onda sizə heç düzünü deyə bilərdimmi?

Onun bu sözünü eşidən hakim gülür və Ezopu həbsə göndərmək fikrindən daşınır.

Digər bir rəvayətdə isə deyilir:

Bir dəfə Ksanf Ezopu yanına çağıraraq ona axşam çox hörmətli qonaqları gələcəyini bildirir və onlar üçün ən dadlı, ən şirin yeməkləri hazırlamağı tapşırır. O deyir:

– Ezop, mən bilirəm ki, sən yaxşı yemək bişirirsən və yeməklərindən doymaq olmur. Bu dəfəki qonaqlarıma da elə yemək bişirərsən ki, dadı damaqlarından getməsin. Onlar üçün ən dadlı, ən şirin yeməkləri hazırla. Sonra ona pul verərək bazara göndərir ki, yemək bişirmək üçün nə lazımsa alsın.

Axşam qonaqlar gəlir və Ezop hazırladığı yeməkləri süfrəyə gətirir. Yeməklərin hamısının dildən hazırlandığını görəndə Ksanf özündən çıxır və köləsinin üstünə qışqırır:

– Bu nə biabırçılıqdır, sən yeməklərin hamısını niyə dildən hazırlamısan? Bişirməyə başqa bir şey tapmadın? Axı mən sənə dedim ki, qonaqlarım çox hörmətli adamlardır və onlar üçün ən dadlı, ən şirin yeməklər hazırla.

Bunu görən Ezop halını pozmadan çox sakit halda ona ibrətamiz bir cavab verir:

– Sən dedin ki, qonaqlarıma ən dadlı, ən şirin yemək hazırla, mən də əmrinə əməl etdim. Bu dünyada dildən şirin bir şey tapa bilməzsən. Dil olmasa, insan sevgiklilərinə, xətrini istədiyi adamlara şirin sözlər deyə bilməz. Ən şirin sözlər insanın dilindədir və dünyada dildən də şirin bir şey tapmaq mümkün deyil. Ona görə də, hörmətli qonaqlar üçün dil bişirdim.

Üstündən bir müddət keçdi, yenə də sahibi Ezopa müraciətlə:

– Bu axşam qonaqlarım gələcək, ancaq onlardan heç xoşum gəlmir. Onlara elə şey bişir ki, bir də evimə gəlmək istəməsinlər.

Ezop ağasının əmrini yerinə yetirərək qonaqlara yemək hazırlayır. Axşam qonaqlar gələndə Ezop bu dəfə də süfrəyə dil gətirir. Bunu görən Ksanf yenə də özündən çıxır:

– Yenə də dil bişirmisən. Axı mən sənə dedim ki, başqa bir şey bişir.

Ezop yenə də sakit halda deyir:

– Bu dünyada dildən pis heç nə yoxdur. Dil ən pis sözləri söyləyir, insanların arasını vurur, ananı oğula, qadını kişiyə, qonşunu qonşuya düşmən edir.

Ezopun bu cavabı qarşısında ağası deməyə söz tapmır…

Onun hazırcavablığı və mürdikliyi təkcə ağasının yox, o dövrün krallarının da diqqətini cəlb edir. Kraldan biri onu yanına çağırır və rəvayətə görə ondan soruşur:

– İnsanın qədərini nə dəyişə bilər? Buna düz cavab versən, onda səni saraya öz yanıma aparacağam. Əks halda boynun vurulacaq.

Ezop dərhal ona cavab verir:

– İnsanın qədərini dəyişə biləcək yeganə qüvvə varsa, o da sözdür.

Kral gülür və onu saraya aparır. Üstündən bir müddət ötür və hansısa hərəkətinə görə, kralın Ezopa rəğbəti daha da artır. O dərhal Ezopu yanına çağırdır və soruşur:

– Mən səni saraya gətirəndə səndən bir söz soruşdum. Dedim ki, insanın qədərini nə dəyişdirir? Sən də cavab verdin ki, söz insanın qədərini dəyişdirir. O vaxt buna görə qədərin dəyişdi və səni yanıma gətirdim. İndi görürəm ki, səhv etməmişəm və ona görə də, səni köləlikdən azad edirəm, sən azad yaşamağa layiqsən. Söz sənin də qədərini dəyişdirdi…

Onu da deyək ki, bu hazırcavab, ağıllı və müdrik insanın – Ezopun həyatı faciəli şəkildə başa çatdı. Belə ki, sözü qorxmadan mərd-mərdanə üzə deməsi və cəmiyyətin azğın məmurlarını heyvanlar simasında ələ salması rəqibləri tərəfindən düşməncəsinə qarşılandı. Bu da onu faciəyə aparıb çıxardı.

Bir rəvayətə görə kral sarayında olarkən Ezop bəzi adamların düşmənçiliyi ilə qarşılaşır. Onlar Ezopu məhv etmək üçün məbəddən qızıl qabı oğurlayaraq onu gizlicə Ezopun çantasına qoyurlar. Sonra oğruluq barədə səs-küy qaldırır və itən əşyanı Ezopun çantasından tapıb çıxarırlar. Buna görə də, Ezopu daşqalaq edərək öldürürlər. Yalnız bir neçə ildən sonra həqiqət üzə çıxır və Ezopun günahsız olduğu məlum olur.

Ezop hələ sağ ikən, çoxlu zərb-məsəllər və təmsillər yazıb və bununla da böyük bir məktəbin əsasını qoyub. Onun yazdığı 426 təmsil bu gün də öz əhəmiyyətini qoruyub saxlamaqdadır və onların hər biri olduqca ibrətamizdir. Bir sözlə Ezop günümüzdə belə özünün ibrətamiz zərb-məsəlləri və təmsilləri ilə milyonların qəlbində yaşamaqda davam edir.

BIR CAVAB BURAXIN