Hakimiyyətə yaxın dairələrdən Əli Kərimliyə ötürülən pullar və…

0
634
 

Xəbər verildiyi kimi bir neçə gün əvvəl AXCP fəalı Paşa Umudov Rusiyaya gedərkən Bakı aerportunda öz lideri Əli Kərimlinin Londona uçan ailə üzvləri ilə rastlaşıb və onların fotolarını çəkərək Avropa.info saytına təqdim edib. Habelə Əli Kərimliyə qarşı üsyankar məktubla çıxış edərək onu AXCP üzvlərinin aclıq və mərhumiyyətlər içərisində olduğu halda övladlarının Londonda təhsili, yaşaması üçün üst-üstə 1 milyon dollara yaxın pul xərcləməkdə günahlandırıb.

Bəs Əli Kərimli və ailə üzvləri uzun illərdir heç yerdə işləmədikləri halda onun uşaqları Londonda hansı pulla təhsil alır və yaşayır? Bu pulların mənbəyi haradandır?

AXCP sədrinin pullarının mənbələrindən birinin bəzi xarici dairələrdən alınan qrantlar və qeyri-rəsmi kanallarla daxil olan pullar olduğu haqda əvvəllər bəhs edilib, o cümlədən virtualaz.org saytının araşdırmalarında faktlar açıqlanıb.  Lakin indi həmin Avropa.info saytı Kərimlinin daha bir maliyyə mənbəyini göstərib. Saytın bildirdiyinə görə bu, hakimiyyətə yaxın bəzi dairələrdir.

Qeyd edək ki, Avropa.info saytının təsisçisi Ruslan Bəşirli də vaxtilə Əli Kərimlinin yaxın tərəfdaşlarından idi. Lakin o, Əli Kərimlinin avantüraları ucbatından həbsə düşdü və illərdə həbsxana həyatı yaşamalı oldu. Həmin müddətdə isə Kərimlinin ailəsi Londonda dəbdəbə içində yaşayırdı. Nəticədə Ruslan Bəşirli indi Əli Kərimlinin AXCP üzvlərini necə aldadıb onların məhrumiyyətləri hesabına özünə firəvan yaşayış düzəltdiyi barədə faktları hər fürstədə ictimaiyyətə çatdırır. Və Əli Kərimlinin yalanlarından boğaza yığılan Paşa Umudov kimi AXCP fəalları da belə faktlarla Avropa.info-ya müraciət edirlər.

Sayt Kərimlinin əvvəllər də hakimiyyətə işlədiyini, lakin sonradan üzərinə götürdüyü öhdəliklərdən yayındığı üçün kənarlaşdırıldığını və AXCP sədrinin “radikal müxalifətçiyə” çevrildiyini xatırladır. Ötən əsrin 90-cı illərinin sonlarında-2000-ci illərin əvvəllərində Əli Kərimlinin Prezident Administrasiyasındakı bəzi məmurlar tərəfindən himayə edildiyi məlum idi. Ancaq Kərimlinin xəyanəti nəticəsində bu himayə kəsildi. Hazırda Əli Kərimlinin Prezident Administrasiyası ilə hansısa işbirliyi olmasa da saytda  bildirilir ki, Kərimlinin hakimiyyətə yaxın bəzi dairələrlə əməkdaşlığı əslində dayanmayıb.

Sayt yazır : “Əli Kərimlinin sifarişlərini yerinə yetirdiyi dövlət strukturları arasında ilk yeri artıq cinayət əməllərinə görə ləğv olunmuş keçmiş MTN dururdu. Bu əlaqələr ləğv olunmuş MTN-in əli qanlı keçmiş rəhbəri Eldar Mahmudovun nazir postuna gəlməsi ilə başlandı. Doğrudur, Əli Kərimlinin ətrafında bu şəbəkəyə bağlı xeyli sayda adamlar vardı. Bunların içində müavinlər, müşavirlər və digər funksionerlər olsa da, Mahmudov bandası Kərimli ilə əlaqələri bu bandanın üzvləri olan “tanınmış” vəkillər vasitəsi ilə qururdular. Kərimliyə verilən sifarişlər arasında əsasən prezidentə sadiq məmurların üzərinə getmək, onlara qarşı “qara piar” aparmaq vardı. Bununla yanaşı, nə qədər qəribə görsənsə də, verilən sifarişlər arasında MTN-in həbs etdiyi bəzi siyasi məhbuslarla da bağlı sifarişlər olub.”

Sayt onu da yazır ki,  Kərimlinin hakimiyyətdəki bəzi dairələrlə işbirliyi Eldar Mahmudovun bandası ilə məhdudlaşmayıb. Ona ən böyük maddi dəstək hakimiyyətə yaxın bəzi dairələr tərəfindən verilir.

“Kərimlinin həmin dairələrdən gələn sifarişləri məmnuniyyətlə yerinə yetirməsi və bunun müqabilində yüksək “qonorar” alması barədə məlumatlar mövcuddur. Avropa.infoya daxil olan təkzibolunmaz məlumatlara görə qaraguruhun “yeganə lideri” bu gün də hakimiyyətə yaxın bəzi şəxslər tərəfindən maliyyələşdirilir və təlimatlandırılır. Söhbət heç də dövlət və dövlətçilik maraqları naminə işbirliyindən  getmir. Axı Kərimli belə işlərdə olduqca yarıtmazdır. Söhbət Kərimlidən “su bulandırmaq”, şantaj vasitəsi, hakimiyyət daxilindəki rəqiblərə hücum məqsədli istifadədən gedir. Bu barədə saytımıza kifayət qədər faktlar daxil olub və Əli Kərimlinin hakimiyyətə yaxın bəzi dairələrin agenti olduğunu sübut etməyə vaxtımız çox getməyəcək»-sayt yazır.

Məqalədə deyilir ki, Əli Kərimli həmin dairələrin ona həvalə etdiyi missiyanı yerinə yetirmək üçün özünü “radikal müxalifət” kimi təqdim edib hakimiyyətdən narazıların rəğbətini qazanmağa çalışır. Hakimiyyətə yaxın həmin dairələr isə ondan öz məqsədləri üçün yararlanır, bu əməkdaşlıq nəticəsində Əli Kərimli yaxşıca pul qazanır. Həmin pullar dəbdəbəli evlərə, villalara, avtomobillərə, Londonda təhsilə və digər işlərə sərf olunur.

“Bəs onun arxasınca kor-koranə düşən zavallılar? Axı bu insanlar səfalət içində yaşayırlar. Bütün bunların cavabını kim verəcək?”-sayt sual edir.

Avropa.info-da Əli Kərimlinin hakimiyyətə yaxın bəzi dairələrdən maliyyələşdirildiyinə dair bu məqalənin dərcindən dərhal sonra AXCP sədrinin daha bir yaxın tərəfdaşı-partiyanın Ali Məclis üzvü olmuş Kərim Mehdiyev də sayta müraciət edib.

Qeyd edək ki, AXCP fəalı Paşa Umudovun müraciətinin yayılmasından sonra Əli Kərimli ailə üzvlərinin və övladlarının Londonda yaşayışı, təhsili üçün pulların mənbəyini əsaslandırmağa çalışıb. O, özünün videomüraciətində göstərib ki, həmin pullar həyat yoldaşının vaxtilə gənc mütəxəssis kimi dövlətdən aldığı mənzilin satılmasından və Avropa Məhkəməsinin çıxardığı təzminat hökmlərindən əldə edilib.

Lakin Kərim Mehdiyev Əli Kərimlinn danışdıqlarını “nağıl” hesab edir.

“İlk növbədə qeyd edim ki, yazılanlar fərd kimi təkcə mənə aid deyil, bu Əli Kərimli tərəfindən aldadılmış, lakin satqınçılıq damğası ilə üzləşməkdən narahatçılıq keçirən yüzlərlə cəbhəçinin mövqeyidir. AXCP sədri elə rəy yaratmaq istəyir ki, partiya daxilində hər şey idealdır və hamı onun nağıllarına uyub bu gün-sabah hakimiyyətə gələrək vəzifə alacağı xəyalı ilə yaşayır”-Kərim Mehdiyev yazır.

Müraciət müəllifinin bildirdiyinə görə Əli Kərimlinin dələduzluğunu anlayanların bir çoxu

-o özü , Şahin Həsənli, Rövşən Quliyev, Fuad Mustafayev, Əbülfəz Qurbanlı, Kamil Vəli Nərimanoğlu, Sahib Kərimli və digərləri onun ətrafından uzaqlaşıblar.

“Diqqət edin, insanlar ideya uğrunda mübarizə apararaq həbsxanaya düşür, övladları, valideyinləri ilə ünsiyyətdən mərhum olur, həyatının ən sevincli anı olan nikah mərasimini zindanda rəsmiləşdirir, Əli Kərimli isə vicdan əzabı çəkmədən belə,  övladlarının təhsili üçün xərclədiyi vəsaitin hesabatını xalqa verir. Xərclədiyi pul vəsaitləri ilə bağlı cəbhəçilər arasında gəzən şaiyələrin ictimailəşməsi ona o qədər təsir edib ki, həmin hadisədən 2 gün keçdikdən sonra dözməyərək öz əqidə yoldaşlarına yeni nağıllar uydurmağa başlayıb. Diqqət edin, bu insan özünü təmizə çıxarmaq üçün hansı vasitələrdən istifadə edir. Birinci, korrupsiyaya uğramış hakimiyyəti tənqid edirmiş kimi hədəfi özündən uzaqlaşdırmağa çalışır, sonra isə diqqət yetirin – özünü müdafiə üçün ailə üzvlərini önə çəkir. Gah həyat yoldaşının evini sataraq əldə etdiyi pulu oğlunun təhsilinə yönəltdiyini, gah oğlunun yüksək məvacib alaraq bacısının təhsilinə kömək etdiyini, gah da qızının yay tətilində işləyərək ailsənə maddi yardımlar göstərdiyini bildirir”-Kərim Mehdiyev yazır.

K.Mehdiyev Əli Kərimliyə xatırladır ki, onun həyat yoldaşının mənzilinin satılmasından və Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı hökmlərdən əldə edilən vəsait cəmi 180 min manatdan çox etmir. Lakin Kərimlinin övladlarının təhsili və yaşaması üçün sərf edilən pullar bundan azı beş dəfə çoxdur.

“Bəs bu qədər imkanınız ola-ola sizə maddi kömək üçün müraciət edən onlarla cəbhəçini “pul yoxdur” deyərək əli boş yola salmağınızdan utanmırsınızmı? İndi də etiraf edirsiniz ki, heç demə pul varıymış, amma əqidə yoldaşlarım üçün deyilmiş. Elə çıxır ki, öz dediyiniz kimi sizə maddi köməklik göstərən əqidə yoldaşlarınız özünüzdən daha mənəviyyatlı və dürüstimişlər. Onlar sizə köməklik göstərir, amma hakimiyyət tərəfindən şərlənərək zindanlara atılan onlarla cəbhəçi, onların körpə balaları  üçün “pul yoxdur” deyərək yola verirsiniz»-Kərim Mehdiyev müraciətində bildirir.

AXCP funksioneri sonda Əli Kərimlidən soruşur: “Əli bəy, yekunda bir sual. Deyirsiniz oğlunuz ali məktəbi bitirib və hazırda işləyir. Özünü müxalifət lideri adlandıran və xalqa nümunə göstərən bir şəxsin övladı hərbi xidmətə gedibmi? Əgər getməyibsə, onun xidmətdən yayınmasını daim sizi əzən və hüquqlarınızı tapdalayan yırtıcı hakimiyyətlə necə razılaşdırmısınız?”

Virtualaz.org

BIR CAVAB BURAXIN