Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır

0
1506

Hər bir azərbaycanlı fəxr edir ki, bu torpağın övladıdır.

Vətən müharibəsinin başlandığı 27 sentyabr 2020-ci il tarixindən iki il keçir. Məhz bu tarixdə ermənilərin cəbhdəki növbəti təxribatlarının qarşısının alınması üçün Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə ordumuz cəbhə boyu əks-hücum əməliyyatlarına başladı. Müharibənin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq işğalçı qüvvələri torpaqlarımızdan qovmağa, mənfurları ərazilərimizdən təmizləməyə başlayan rəşadətli ordumuz adını dünya hərb tarixinə qızıl hərflərlə yazmağı bacardı. Vətən müharibəsi ermənilərin vəhşiliyini bir daha dünyaya nümayiş etdirdi. Belə ki, döyüş meydanında məğlubiyyətləri ilə barışılmayan Ermənistan silahlı qüvvələri yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu. Şəhər və kəndlərimiz müntəzəm olaraq atəş altında oldu. Ermənistan beynəlxalq çərçivədə qadağan olunmuş silahlardan, ağ fosforlu bombalardan, ballistik raketlərdən istifadə etdi. Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi.
44 günlük müharibə zamanı bütün xoş xəbərləri xalqa müraciətlərində çatdıran dövlət başçısı bu dəfə də öz canları, qanları bahasına bizə qələbə sevincini yaşadan şəhidlərimizin əziz xatirələrini yad edərək Anım Günündə xalqa müraciət etdi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində bir daha bildirdi ki, “bu Qələbə tarixdə əbədi qalacaq. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq”.

Rauf Məlikov- Zərdab şəhər sakini, Zərdab Peşə liseyinin direktoru