Hələb ikinci Stalinqrada çevrilir/Əziz Mustafa

0
652

Suriyada Əsəd rejimi ilə İŞİD silahlıları və müxalif güclər arasında davam edən qanlı toqquşmalar II Dünya müharibəsindən sonra ən dəhşətli mərhələsinə qədəm qoyub. Belə ki, hərbi-strateji baxımdan Suriyanın ən önəmli şəhərlərindən biri hesab edilən Hələb uğrunda döyüşlər həm mühasirədə olan İŞİD gücləri, həm də Əsəd və onu dəstəkləyən Rusiya, İran və “Hizbulla” tərəfindən qızğın döyüşlər meydanına çevrilib. Belə ki, Hələb savaşan tərəflərin hər biri üçün münaqişədə qələbə və ya məğlubiyyət anlamı daşıyır. Ona görə də, əksər Qərb analitikləri Hələbi II Dünya müharibəsinin taleyinin həll edilməsində önəmli rol oynayan Stalinqrad ilə müqayisə edirlər. Məhz bu baxımdan da Qərb mətbuatında Hələbin adı günümüzdə ikinci Stalinqrad (indiki Volqoqrad) kimi çəkilməyə başlayıb. İŞİD-in əlində olan və son bir il ərzində Rusiya hərbi təyyarələri tərəfindən dəfələrlə qeyri-insani şəkildə bombardmanlara məruz qalan Hələb öz tarixinin ən ağır günlərini yaşamaqdadır. Raketlərdən, çəllək bombalardan və artilleriya silahlarından istifadə edilən hücum çoxsaylı binanın dağılmasına, insanların təşvişə düşməsinə səbəb olub. Rusiyanın Hələbə endirməkdə davam etdiyi hava zərbələri nəticəsində şəhərin böyük hissəsi xarabazara çevrilib, minlərlə dinc sakin bu vəhşiliyin qurbanı olub. Onların çoxu uşaq, qadın və qocalardır. Buna paralel olaraq Əsəd və onu dəstəkləyən dövlətlər tərəfindən mühasirəyə alınan Hələbdə orta hesabala hər gün yüzlərlə adam aclıqdan, xəstəlikdən ölüb və onların faciəsi bu gün də davam etməkdədir.

Hələbdə vəziyyətin gərgin həddə çatması ilə əlaqədar bu ilin sentyabr ayının 26-da keçirilən BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasında da Rusiya hərbi təyyarələrinin İŞİD mövqelərini deyil, daha çox dinc əhali yaşayan məhəllələri vəhşicəsinə bombalaması pislənilib. Birləşmiş Ştatlar, Fransa və Böyük Britaniya toplantıda Rusiyanı müttəfiqi olduğu Suriyanı 250 mindən çox insanın ilişib qaldığı şəhərə qarşı hücuma son qoymağa çağırıblar. Qeyd edilib ki, təkcə sentyabrın 23-25-i arasında Rusiya bombardmançı təyyarələri tərəfindən Hələbə 150-dən çox hücum təşkil edilib və nəticədə çoxlı sayda dinc sakin həlak olub.

Məsələyə münasibət bildirən Britaniya səfiri Metyu Raykroft isə deyib ki, biz nə zaman Suriyada hadisələrin indikindən pis ola bilməyəcəyini düşünəndə, vəziyyət daha da pisləşir.

BMT-nin Suriya üzrə xüsusi elçisi Staffan De Mistura da Suriyanın iqtidar güclərinin Hələbə hücumlarını sərt tənqid edib. O, Suriya ordusunun bunker vuran bombalardan istifadə etdiyini və bombaların yerdə əmələ gətirdiyi kraterlərin əvvəlkilərdən qat-qat böyük olduğunu bildirib. Mistura bildirib ki, insidentlər təsdiq olunsa, burada müharibə cinayətlərinə dair iş qaldırıla bilər. Vəziyyətin gərginləşməsini göstərən digər bir fakt isə oktyabrın 6-da Ağ Evin mətbuat katibi Coş Ernestin verdiyi bəyanat oldu. Coş Ernest bu bəyanatında Vaşinqton tərəfindən Suriya ordusuna zərbələr endirilə biləcəyinin istisna edilmədiyini açıq şəkildə bəyan etdi.

“Zorakılığın azaldılması və Hələbdəkli vəziyyətin nizamlanması məqsədilə Əsəd rejiminə qarşı hərbi əməliyyatlar, çox guman ki, milli maraqlarımıza zidd olacaq və gözlənilməz ciddi fəsadlara gətirib çıxaracaq. Lakin mən hər hansı imkanların nəzərdən keçiriləcəyini istisna etmirəm”, – deyə Ernest brifinqdə jurnalistlərin müvafiq sualına cavabında bildirib.

Buna baxmayaraq hadisələrin xoşagəlməz istiqamətdə inkişaf etməsi və Hələbin aramsız olaraq hücumlara məruz qalması vəziyyətin daha da təhlükəli həddə çatması ilə müşahidə olunmaqdadır.

Rusiya Hələbdə yeni hücuma hazırlaşır

Münaqişənin daha da təhlükəli həddə çatdığı bir vaxtda Rusiya Hələb ətrafında həlledici hücuma hazırlaşmağa başlayıb. Bu məqsədlə Rusiya Hələb ətrafındakı hərbi güclərini yenidən qruplaşdırmaq üçün hərəkətə keçib. Son məlumatlara görə, Rusiyanın Suriyaya göndərdiyi “Admiral Kuznetsov” təyyarədaşıyan gəmisinə “Kalibr” müasir qanadlı raketləri ilə təchiz olunmuş 3 sualtı qayıq da qoşulub. Bununla əlaqədar “Sundayt Times” qəzetinin yazdığına görə, Rusiyanın Suriya sahillərinə əlavə hərbi güclər göndərməsi NATO-da təşvişlə qarşılanıb. NATO rəhbərliyi belə hesab edir ki, Putin Suriyaya əlavə hərbi qüvvvələr göndərməklə Hələb uğrunda son hücumlara hazırlaşır. Adının çəkilməsini istəməyən britaniyalı yüksək çinli məmur qəzetə deyib: “Biz bilirik ki, Putin qarşımızda güc nümayiş etdirir. Bu isə belə anlama gəlir: “Baxın, mən gör nə qədər uzağa gedirəm, amma siz cavab verə bilmirsiniz”.

Rusiyanın Donbass və Luqansk qondarma respublikalarından olan və Ukraynaya qarşı döyüşlərdə müəyyən təcrübə əldə edən “könüllüləri” də Suriyaya göndərilir. Qərb mətbuatının yaydığı məlumatlara görə, son bir ayda 5 min nəfər “könüllü” Suriyaya göndərilib və onların hamısı Hələb ətrafındakı Rusiya xüsusi təyinatlı güclərinə qoşulub. Rusiya Hələbi birdəfəlik ələ keçirmək uğrunda mübarizədə İranın da yardımına ümid edir. Bu məqsədlə oktyabr ayının əvvəllərindən başlayaraq İrandan Suriyaya xüsusi təyinatlı qüvvələrin göndərilməsinə başlanılıb. Qeyri-rəsmi məlumatlara görə, İran qısa müddətdə Hələb uğrunda döyüşlərdə iştirak etmək üçün 10 min nəfərdən artıq xüsusi təyinatlısını Suriyaya göndərib. Bütün bunlar isə yaxın günlərdə Hələb uğrunda döyüşlərin daha da qızışacağını göstərməkdədir.

Silahlılar əks-hücum taktikasını işə salıblar

Hələb ətrafında vəziyyətin gərginləşdiyi bir vaxtda mühasirədə olan silahlılar da ağır vəziyyətdən çıxış yolu axtarmaqdadırlar. Belə ki, onlar mühasirəni yarmaq üçün Əsəd güclərinə qarşı əks-hücumları genişləndiriblər. Oktyabrın 28-dən başlayaraq mühasirədə olan İŞİD gücləri Əsəd əsgərlərinin nəzarəti altında olan Hələbin qərb və cənub qərb məhəllələrinə reaktik raket zərbələri endiriblər. Nəticədə, Əsəd gücləri onlarla itkilər veriblər. Onların çoxlu sayda hərbi texnikası məhv edilib. Hadisə yerindən canlı reportaj yayımlayan Livanın “Al-Mayadeen” telekanalının verdiyi məlumata görə, silahlıların ilk zərbələri nəticəsində 500 nəfər həlak olub, min nəfər isə yaralanıb. Mərkəzi Londonda yerləşən İnsan Hüquqları Mərkəzinin məlumatına görə, Əsəd rejimi tərəfdarları üzərinə əks-hücumlarda Cəbhət Fəth aş-Şam” (keçmiş “Ən-Nusra”) silahlıları da iştirak edirlər. Onlar mühasirəni yarmaq və iqtidar güclərini Hələb ətrafından geri çəkilməyə məcbur etmək niyyətindədirlər. Silahlıların tərəfində vuruşan “Əhrar-aş-Şam” qruplaşması da Hələbin Əsəd güclərinin nəzarəti altında olan məhəllələrinə hücumda iştirak edir. Bu barədə İngiltərənin “Qardian” (“Guardian”) qəzetinə məlumat verən “Əhrar-aş-Şam” rəhbərlərindən biri: “Biz Hələbin mühasirəsini yarmaq üçün sona kimi mübarizə aparacağıq. Son uğurlu hücum əməliyyatlarımız göstərdi ki, biz qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirməyə qadirik” – deyib.

Yeri gəlmişkən onu da deyək ki, Əsəd güclərinə qarşı silahlıların əks-hücumlarında “Hərəkat Nur əl-Din əl-Zənki” qruplaşmasının yaraqlıları da iştirak edirlər. Bununla bağlı “Hərəkat Nur əl-Din əl-Zənki” nin nümayəndəsi Yasir əl-Yusif deyib ki, onların məqsədi mühasirəni yararaq aclıq çəkən dinc sakinlərə ərzaq və dərman yardımları göstərilməsini bərpa etməkdir. Xatırladaq ki, bir neçə ay bundan əvvəl silahlılar mühasirəni yarmağa nail olaraq Əsəd əsgərlərini Hələb ətrafından geri çəkilməyə məcbur etmişdilər. Amma silahlıların bu dəfə də mühasirəni yarmağa nail olub-olmayacaqlarını söyləmək olduqca çətindir. Çünki Rusiya tərəfindən təcili şəkildə Suriyaya əlavə hərbi qüvvələr göndərilməsi silahlıların mühasirəni yenidən yarmaq niyyətlərini həyata keçirməsinə mane ola bilər.

Hələb “cəhənnəm”i xatırladır

Hələb uğrunda döyüşlərdə silahlılar üzərinə hücumda yalnız Əsəd tərəfdarı güclər deyil, ABŞ tərəfindən dəstəklənən Azad Suriya Ordusu və digər müxalif qruplaşmalar da iştirak edirlər. Mühasirədə olan silahlıların mövqelərinə ABŞ və Fransa qırıcı-bombardmançı təyyarələri də zərbələr endirirlər. ABŞ və onun müttəfiqləri də Hələbi ələ keçirmək və bununla da Əsəd rejiminə ağır zərbə vuraraq sonuncunun hakimiyyətdən getməsini tezləşdirmək istəyirlər. Bu baxımdan Hələb hər tərəfdən atəşə tutulan qaynar təndiri, əsl “cəhənnəm”i xatırladır. Bu cəhənnəmə nəzarətin Rusiyanın, yoxsa ABŞ-ın müdafiə etdiyi güclərin əlinə keçəcəyini isə öncədən proqnozlaşdırmaq mümkün deyil. Bununla belə ortada sivil dünyamız üçün qara ləkə olan və minlərlə dinc insanın, günahsız körpələrin hər gün həlak olduğu Hələb faciəsi dayanıb. Suriyadakı mənasız münaqişə dayanmayacağı təqdirdə isə onun alovlarının digər ölkələrə də yayılaraq onun bəşəriyyəti sonu bilinməyən faciələrə sürükləyəcəyi isə istisna edilmir.

Əziz Mustafa

Oxundu: 12

BIR CAVAB BURAXIN