Həftəbecər məktəbi

0
719

Ağıllılar meşəsi. Həftəbecər məktəbi. Tutuquşuların sinifi. Bülbül müəllimə, Qarğa müəllim və Leylək direktor sinifdə qızğın mübahisə aparır. Amma mübahisədən bir nəticə əldə edə bilmirlər. Gəlin indi baxaq görək haraydı Həftəbecər məktəbi? Niyə Həftəbecər məktəbi adlanırdı? Bəs kim idi müəllimlər? Nə üçün mübahisə aparırdılar? 

Həftəbecər məktəbi Ağıllılar meşəsinin sakinlərinin təhsil aldığı məktəb idi. Bu məktəb ona görə Həftəbecər adlanmırdı ki, məktəbdə meşənin bütün sakinlərinə dərs keçilirdi. Yox! Yox! Bu məktəb vahid tədris dili olmadığına görə “Həftəbecər” adlanırdı. Hər sinfə girən müəllim öz dilində dərs keçirdi. Bu, əlbəttə, müəllimlər üçün çətin deyildi. Amma şagirdlər hər müəllimin dilini başa düşmək üçün min bir əzaba qatlanmalı idilər. Əziz oxucu, sual verə bilərsən ki, axı necə olurdu ki, hərəsi bir dildə danışan müəllimlər bir-birini başa düşürdülər? Buna cavab vermək elə də çətin deyildi. Axı bu müəllimlər də Həftəbecər məktəbini bitirmişdilər. Həftəbecər məktəbini, siz düşünməyin ki, hamı bitirə bilirdi. Qətiyyən!..

Bu məktəbi başa vuranlar, əsasən, tutuquşular olurdu. Çünki xislətlərinə uyğun olaraq yalnız onlar hər müəllimin dediyini təkrarlaya bilirdilər. Bülbül müəllimə isə ali təhsilini yeni başa vurub, təyinatla Həftəbecər məktəbinə dil və ədəbiyyat fənnini tədris etməyə göndərilmişdi. Bülbül müəllimə savadlı, ağıllı biri idi. Onun tək məqsədi uşaqları yeni dərs üsulu ilə gələcəyə faydalı gənclər kimi yetişdirmək idi. O, Həftəbecər məktəbinə də bu ümidlə gəlmişdi. Amma gəldiyi ilk gündən yaşlı, köhnə dərs üsulunun tərəfdarı olan Qarğa müəllimlə heç ulduzu barışmamışdı.

Qarğa müəllim yeni dərs üsulunu cəfəngiyyat sayan və ali təhsili olmayan, yalnız kollec təhsili olan biri idi. O, Bülbül müəllimənin gətirdiyi yeni dərs sistemini ilk gündən sevməmişdi.

Bir haşiyə çıxıb onu da qeyd edək ki, nə ilk gündən, nə də sonra Qarğa müəllim yeni dərs üsulunun mahiyyətini anlamışdı. Buna baxmayaraq, o, anlamadığı bir şeylə mübarizə aparır və tez-tez Bülbül müəllimə ilə mübahisələr edir, çox vaxt isə bu mübahisələr xoşagəlməz sonluqla bitirdi. Bülbül müəllimə və Qarğa müəllim Tutuquşu sinfinə dil və ədəbiyyat fənnini tədris edirdilər. Bülbül müəllim hər dərs öz gözəl, xoş avazlı, ürəyəyatan səsi ilə uşaqlara dili tədris edərdi. Tutuquşular isə Qarğa müəllimin dərsində Bülbülün öyrətdiklərini təkrar edərdilər. Qarğa müəllim bundan qəzəblənər və tutuquşulara yenidən həmən dərsi öz cırıltılı, qırıltılı, birazda xırıltılı səsi ilə öyrədərdi. Növbəti dərsdə isə tutuquşular Qarğa müəllimin öyrətdiklərini Bülbül müəlliməyə danışar, bu zamanda Bülbül müəllimə narazı qalardı.

Bir gün Leylək direktor Tutuquşu sinfinə dil dərsindən Bülbül müəllimənin rəhbərliyi ilə açıq dərs keçiriləcəyini elan elədi. Açıq dərs zamanı Bülbül müəllimənin nitqinə Qarğa müəllim etiraz etdi. Bu isə mübahisəyə səbəb oldu. Tutuquşularsa, hər iki müəllimi diqqətlə dinləyirdi. Bu mənzərəni izləyən Leylək direktor mübahisəyə son vermək xatirinə uşaqlara sual vermək qərarına gəldi. Elə bu zaman uşaqlar yarı Bülbül, yarı Qarğa müəllim kimi direktora cavab verməyə başladılar. Onların dediyindən heçnə anlamayan Leylək direktor bu mübahisələrin yaranma səbəbinin şagirdlər olduğunu dedi və üstəlik direktor müavini cənab Sərçə müəllimə tapşırdı ki, tutuquşulara töhmət də yazılsın.

Elnurə Pirəliyeva

BIR CAVAB BURAXIN