Gürcüstanda siyasi gərginlik dərinləşir

0
784

“Gürcüstan vətəndaşlarının qüruru tapdanıb, demokratik azadlıqları məhdudlaşdırılıb. Ölkəni Rusiyanın tapdağına çevirən şəxslər cəzalandırılmayana qədər dinc aksiyalar davam edəcək. Saat 19-da parlament binası önündəki aksiya bərpa olunacaq”.

Bu sözləri yerli mediaya müsahibəsində Gürcüstan Vahid Milli Hərəkat Partiyasının sədri Qriqol Vaşadze deyib. Onun sözlərinə görə, askiya heç bir partiyaya aid deyil, baş verənlər “Gürcü Arzusu” Partiyasının yarıtmaz siyasətinə vətəndaş etirazlarıdır.

“Gürcüstan cəmiyyətində parçalanma, qarşıdurma yaradılmasına görə məsuliyyəti Rusiya daşıyır”. Bu sözləri isə II Avropa Oyunlarının açılışında iştirak üçün Belarusa gedən və ötən gün paytaxt Tiflisdə baş verən qanlı olaylara görə səfəri yarımçıq qoyaraq, ölkəyə dönən Gürcüstan prezidenti Salome Zurabişvili deyib. Onun yaxın saatlarda Gürcüstan telekanalları ilə vətəndaşlara müraciət edəcəyi gözlənilir.

44aeede4-6224-4f52-8262-08b72a1ee0c0.jpg (52 KB)

Gürcüstanda durum Pravoslavlığın Parlamentlərarası Assambleyasının Tiflisdə keçirilən 26-cı sessiyasında gərginləşib. Rusiya Dövlət Dumasının üzvü, Kommunist Partiyasının təmsilçisi Sergey Qavrilov Gürcüstan parlamentinin plenar iclas zalında keçirilən 25 ölkənin qatıldığı toplantını açıq elan edib və spikerin kürsüsündə əyləşib. Avropalı Gürcüstan və Vahid Milli Hərəkat partiyalarından olan millət vəkilləri dərhal rusiyalı deputatın kürsünü tərk etməsini tələb ediblər.

Onlar işğalçı ölkə olan Rusiyanı təmsil edən şəxsin parlament sədrinin yerində əyləşməsini ölkə vətəndaşlarının iradəsini təhqir etmək kimi qiymətləndiriblər. Avropalı Gürcüstan Partiyasının təmsilçilərinə digər müxalif deputatlar da qoşulub. Toplantı yarımçıq kəsilib və rusiyalı deputatlar mühafizəçilərin köməyi ilə zaldan çıxarılıb. Foyedə vətəndaş cəmiyyəti üzvləri də etiraz edən deputatlara qoşulub.

3184ef1e-cf63-458b-8fb9-92dd66e815b4.jpg (38 KB)

Xəbər mediada, o sıradan sosial mediada yayılandan sonra vətəndaşlar parlament binasının önənə toplanmağa başlayıb. Kütləvi etiraz Rusiya təmsilçilərinin yaşadığı otelə yönəlib. Bir neçə saat davam edən aksiya genişləndikdən sonra asayişi bərpa etməkdə çətinlik çəkən polis kordon yaradaraq, Duma təmsilçilərini oteldən çıxarıb, hava limanına aparıb. Gürcüstanın xəbər saytları etirazçıların otel çıxışında Duma üzvlərini su şüşələri ilə qarşıladığını yazır.

Səfərini yarımçıq qoyub, ölkəyə dönən yalnız prezident S.Zurabişvili deyil. Parlamentin sədri İrakli Kobaxidze də Azərbaycana rəsmi səfərini yarımçıq kəsərək, ötən axşam Tiflisə qayıdıb.

Günorta saatlarından genişlənən vətəndaş etirazları axşama doğru xüsusi təyinatlı polislə qarşıdurmaya səbəb olub. Vətəndaşlar parlament binasına daxil olandan sonra polislər rezin güllələr və gözyaşardıcı qazla etirazçıları dağıtmağa çalışıb. Bir neçə saat davam edən qarşıdurma zamanı 400 nəfərə yaxın insan yaralanıb. Onlardan ikisinin gözü çıxıb. Gürcüstan Səhiyyə Nazirliyinin yaydığı bilgiyə görə, xəsarət alanlar gözlərini polislərin atdığı rezin güllələr nəticəsinə itiriblər.

8401e5dc-9291-467d-baf5-2b7a40990574.jpg (74 KB)

Xəsarət alanların içərisində olay yerində canlı yayıma çıxan jurnalistlər də var. Polis I Kanalın müxbiri Niko Muxiquaşvilini həbs ediblər. Kanal təmsilçiləri jurnalistə ağır bədən xəsarəti yetirildiyini, kamerasının sındırıldığını bildirirlər. “Reuters”in Güney Qafqaz təmsilçisi Maka Antidze, On.ge saytının müxbirləri Qvansa Nemsadze, Anna Vaxtanqadze, Rusravi-2 telekanalının operatorları da yaralılar sırasındadırlar.

Diqqəti çəkən həm də xüsusi təyinatlıların vətəndaşlara qarşı xüsusi amansızlığı olub. Atılan güllələrdən xəsarət alanların çoxu baş nahiyəsindən yaralanıb. Ölkənin ombudsmanı Nino Lomcariya polisin davranışlarının vətəndaşların sərbəst toplaşmaq və söz azadlıqlarını pozduğunu bildirib və daxili işlər nazirini dinc aksiyaya adekvat addımlar atmağa çağırıb.

48897f36-bdef-4193-a1d4-8746076eddf0.jpg (98 KB)

Səhiyyə Nazirliyinin yaydığı xəbərlərdə ötən gecə Tiflis xəstəxanalarında 35 nəfər üzərində cərrahiyyə əməliyyatları aparıldığı da bildirilir. Ötən gecəni xəstəxanada keçirən aksiyaçıların ümumi sayı isə 240 nəfərdir. Onların içərisində qarşıdurmada yaralanan polislər də var.

Baş verənlər ölkəni ayağa qaldırıb. İyunun 21-də səhər saatlarında ölkənin bir neçə şəhərində Tiflisə dəstək aksiyaları keçirilib. Ən böyük aksiya Zuqdididə baş verib. Minlərlə insan yürüşə çıxaraq hakimiyyət və Rusiya əleyhinə şüarlar səsləndiriblər. Xəbər kanalları bölgələrdə yaşayanların Tiflisdəki aksiyalara qoşulmaq üçün paytaxta gəldiyini yazır.

ABŞ və Böyük Britaniyanın Tiflis böyükelçiliklərinin yaydıqları açıqlamalarda həm hakimiyyətə, həm də xalqa çağırış var. Açıqlamalarda tərəflər prosesi dəqiq analiz edərək gərginliyin azalması üçün soyuqqanlı qərarlar verməyə çağırılır.

225409cb-d1e2-4fd8-82ff-2ad9e065ce0a.jpg (78 KB)

“Gürcü Arzusu” Partiyası isə müxalifəti dövlət çevrilişi etməkdə suçlayıb. Partiya rəsmiləri iddia edirlər ki, ölkədən kənarda olan Mixeil Saakaşvili yaranan durumdan istifadə edərək qanuni hakimiyyəti devirmək istəyir.

Aksiyalar başlayandan eks-prezident Mixeil Saakaşvili Kiyevdən dəfələrlə xalqa səslənib. Gürcüstanda çox populyar olan Facebook üzərindən vətəndaşlarla təmas quran Saakaşvili baş verənlər üçün bütün məsuliyyətin hakimiyyətin “xaç atası” Bdzina İvanişvilinin üzərində olduğunu deyib.

19746007-938c-4687-ad03-3e35087bc444.jpg (75 KB)

Onun sözlərinə görə, Gürcüstanı işğalçı dövlətin vassalına çevirmək siyasəti yürüdən “Gürcü Arzusu” gürcü xalqının illərlə qazandığı demokratik ənənələri məhv edərək ölkənin müstəqilliyini təhdid altına qoyur: “Rusiya Gürcüstanda bir prezident tanıyır, o da İvanişvilidir. Bu gün polislərə xalqa amansız divan tutmaq əmrini də o verib. Gürcüstanda sivil, gerçəkdən də vətəndaşların təhlükəsizliyini təmin edən daxili işlər strukturlarını biz yaratmışıq. Mən buradan bütün polislərə səslənirəm, vətəndaşların irədəsini zorla qırmaq, dövlətimizi işğalçı ölkənin tapdağına çevirmək istəyən, ölkəni səfalətə, aclığa sürükləyən İvanişvili və onun komandasının əmrlərini yerinə yetirməyin, xalqın tərəfinə keçin”.

Ötən gün keçirilən aksiyada vətəndaşlar prezidentin, parlament spikerinin, daxili işlər nazirinin dərhal azad edilməsini, ölkədə yeni parlament seçkisi keçirilməsini, yeni hakimiyyət formalaşdırılmasını tələb ediblər. Daxili işlər naziri tələblər qətiləşərsə, vəzifəsindən getməyə hazır olduğunu bildirib.

cba99b6f-0352-4b13-8dcb-b8fcf2c5bba5.jpg (63 KB)

Ölkənin Xarici İşlər Nazirliyinin olaylarla bağlı mövqeyi isə etirazçıların mövqeyi ilə üst-üstə düşüb. Nazir Vladimir Konstantinidi yerli telekanallara açıqlamasında Rusiyanı Gürcüstandakı durumu gərginləşdirməkdə qınayıb: “Rusiya hərbi təcavüzlə Gürcüstanın ayrılmaz hissəsi olan Abxaziyanı və Osetiyanı işğal edib. XİN işğalın başa çatması üçün Gürcüstan tərəfinin səylərini davam etdirir. Biz bu məsələdə hər zaman Rusiyanın məsuliyyətini xatırladır və Kremlin gerçək siyasətinin əslində nə olduğunu öz adı ilə çağırırıq. Belə bir durumda Rusiyanın Gürcüstan parlamentində provakasiya yaradacaq olaylara yol açması yolverilməzdir və Gürcütan dövləti və cəmiyyəti buna imkan verə bilməzdi”.

Rusiya XİN isə məsuliyəti Gürcüstan parlamentinin üzərinə qoyur. Duma üzvlərinin Tiflis səfəri ilə bağlı yayılan açıqlamada “Gürcüstan Rusiya deputatlarını pravokasiya yaratmaq üçün Tiflisə dəvət edib” cümləsi yer alıb. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin TASS-a açıqlamasında bildirib ki, Gürcüstanın radikal müxalifəti iki ölkə arasında münasibətləri pozmağa çalışır və baş verənlər əlaqələri qırılma nöqtəsinə gətirib.

d6085e22-e8ff-45a3-a539-6c4b5a294c4e.jpg (56 KB)

Son xəbərlərə görə, Tiflis məhkəmələrində ötən gün həbs edilən 750 etirazçı ilə bağlı proseslər keçirilib. Onlardan bəzilərinə cərimələr kəsilib, bəziləri isə 15 günlük həbs cəzasına məhkum edilib. Yerli media yazır ki, bununla hökumət axşam saatlarına təyin olunan mitinqin qarşısını almağa çalışır.

Human Rights Watch da 20 iyun Tiflis olayları ilə bağlı açıqlama yayıb. Beynəlxalq insan haqları təşkilatı bildirir ki, xüsusi təyinatlılar vətəndaşlara heç bir xəbərdarlıq etmədən rezin güllələrlə və gözyaşardıcı qazla hücum edib: “Dinc vətəndaşlara qarşı atılan bu addım beynəlxalq hüquq normalarına ziddir. Qarşıdurma bitmədiyi üçün hökuməti qanun çərçivəsində addımlar atmağa dəvət edirik”.

5f09c7a8-81a9-4f3f-aa90-5a29c35da311.jpg (134 KB)

Baş verənlərdən sonra hakim “Gürcü Arzusu”na etimad edənlərin sayı kəskin azalmağa başlayıb. Müxalifətə yaxın media həm paytaxtda, həm də bölgələrdə hakim partiya tərəfdarlarının ölkə rəhbərliyinin Rusiyaya yaxınlaşma meyllərini açıq pislədiyini, rəsmilərin işğalçı dövləti müdafiə ritorikası davam edərsə, partiya sıralarını tərk edəcəklərini açıq bildirdiklərini yazır.

Proseslər “Gürcü Arzusu”nun parlament təmsilçiləri arasında da fikir ayrılığı yaradıb. Bir sıra deputatlar baş verənlər üçün Rusiyanın deyil, müxalifətin suçlu sayılmasını adekvat münasibət saymadıqlarını bildiriblər. Ekspertlərin fikrincə, gərginlik yüksələrsə, “Gürcü Arzusu” Partiyasında parçalanma baş verə bilər.

9d5a7ad8-cde1-4cb1-8110-6cb1dbc2fa58.jpg (72 KB)

Hakimiyyət-vətəndaş qarşıdurmasının 2020-ci il parlament seçkisinə təsir edəcəyini indidən proqnozlaşdırmaq çətin deyil. Rusiya ilə gizli sövdələşmələr, Kremlin maraqlarına xidmət edən məqamların Gürcüstanın daxili və xarici siyasətində nəzərə alınması 28 illik Gürcüstan demokratiysını hərəkətə keçirib. Bu fonda iqtisadi böhran, milli valyutanın dəyərdən düşməsi, işsizlik və bahalıq, ötən gün baş verən qarşıdurma misalında vətəndaşlara qarşı zorakı davranış xalq-hakimiyyət münasibətlərində indiyə qədər görünməyən uçurum yaradıb.

Müxalifət partiyalarına gəlincə, onların heç biri etiraz aksiyalarına təşkilatçılığı öz üzərlərinə götürmək fikrində deyil. Aydındır ki, bu, etirazları bir siyasi kəsimlə çərçivələməmək və bütün narazı elektoratın aktiv etirazlara qoşulmasını təmin etmək üçündür.

Aygün Muradxanlı, 
Musavat.com