Gürcüstanda Rusiya qazının Ermənistana nəqli sazişinə görə qalmaqal davam edir

0
620

Gürcüstanın enerji naziri Kaxa Kaladze

Gürcüstanın enerji naziri Kaxa Kaladze

Gürcüstan və Rusiyanın Gazprom şirkəti arasında Ermənistana qazın nəqlinə dair bu ayın əvvəlində imzalanmış saziş ölkə müxalifəti, QHT-lər və vətəndaş təşkilatları tərəfindən kəskin tənqid olunur.

Bu sazişin təfərrüatları məxfi saxlansa da, onunla bağlı narahatlığını hətta Gürcüstan prezidenti də bildirib.

Tənqidçilər hesab edirlər ki, Ermənistanın Rusiya qazı ilə təchizatı üçün imzalanmış bu saziş Gürcütanın təhlükəsizlik və siyasi maraqlarına ciddi zərbə vura bilər.

Ölkənin enerji naziri Kaxa Kaladze bu tənqidləri “dezinformasiya” və “populizm” kimi rədd edib.

Nazir müxalifətin parçalanmış Vahid Milli Hərəkatının (VHM) bu məsələ barədə parlamentə hesabat verməsi tətəbini də qulaqardına vurub. Lakin indi müxalifət sazişin parlamentin fevralın 8-də keçiriləcək sessiyasında müzakirəyə çıxarılmasını tələb edir.

Son bir neçə il ərzində Gürcüstan Rusiyadan Ermənistana verilən ildə 2 milyard kubmetr qazın 10 faizini tranzit haqqı kimi alıb. Gazprom-un mülkiyyətində olan Ermənistan Dövlət Qaz Şirkətinin rəhbəri Vartan Harutyunyan deyib ki, bu, əslində bütün dünyada tranzit üçün ən böyük “ödənişdir”.

Rusiya şirkətindən tranzit haqqı kimi alınan 200 milyon kubmetr qaz Gürcüstanın 2015-ci ili üçün qaz tələbatının yalnız 10 faizini təşkil edib. Gürcüstan ona lazım olan qazın 90 faizini Azərbaycandan alır.

Kaladza bu ilin yanvarında bildirmişdi ki, Gazprom əvvəlcə ötən iki ilin tranzit haqqını pulla ödəmək istəsə də, sonradan hazırkı “ödəniş qaydasının” saxlanması qərarına gəlib.

Amma belə görünür ki, bu il Gazprom deyəsən, nəhayət pulla ödənişə keçmək istəyib.

Bütün bunlara baxmayaraq Gürcüstan qarşıdan gələn iki il üçün tranzit haqqı kimi qaz ödənişinə dair saziş imzalayıb.

Birinci il, yəni 2017-də, tranzit haqqı qazla ödənməkdə davam edəcək. Lakin 2018-ci ildən Gazprom Gürcüstana 10 faiz qazın pulunu nəqd şəklində ödəyəcəyini bildirib.

Eyni zamanda Gürcüstan hər hansı qaz çatışmazlığı halında, ona lazım olan qazı Rusiyadan hər min kubmetrini 185 dollardan ala biləcək. Halbuki normal qiymət 215 dollardır. İqtisadiyyat naziri Giorgi Qaxariya deyib ki, Azərbaycandan verilən qazın nəqlində fasilələr yaranmasa, Gürücstan ümumiyyətlə Rusiyadan qaz almaya da bilər.

Ermənistana güzəşt var, Gürcüstana yox

Bu sazişi tənqid edənlər isə deyirlər ki, o Gürücstanın milli maraqlarına ziddir və ölkənin enerji təhlükəsizlyinə hədə yaradır. Onlar deyirlər ki, Rusiyadan Ermənistana verilən qazın qiyməti dəfələrlə endirilib və hazırda hər 1000 kubmetr üçün 150 dollardır. Tənqidçilərin fikrincə, bu o deməkdir ki, Gürcüstanın da bu qazın tranziti üçün alacağı pulun məbləği azalmış olacaq.

Nazir Kaladze isə israr edir ki, tranzit qiymətindəki fərq elə də əhəmiyyətkli olmayacaq.

Kaladze bunu da iddia edir ki, müxalif VMH-nin tənqidləri əsassızdır və siyasi motivlidir.

Müxalifət bildirir ki, Gürcüstan Rusiyanın Gazprom şirkəti ilə danışıqlarda zəif və cəsarətsiz mövqe tutub.

Lakin Kaladze iddia edir ki, dekabrın 13-də və 23-də aparılmış danışıqlar doğrudan da çox çətin olub.

Onun sözlərinə görə tərəflərin mövqeləri o qədər fərqliymiş ki, hər hansı sazişin bağlanması ümumiyyətlə mümkün deyildi. Nazir bildirib ki, Gazprom Tbilisini, qazı Ermənistana İran vasitəsilə verəcəyi ilə hədələyib. Gazprom qazın belə nəqlindən artıq 2016-cı ilin əvvəllərində istifadə etmişdi.

Sərfəli ultimatum

Gürcüstanın millət vəkillərindən Gia Volski bu məsələ ilə bağlı şərh verərkən deyib ki, Gazprom şirkətinin təklifini qəbul etməmək Tbilsiinin Yerevanla münasibətlərini və Gürcüstanın etibarlı tranzit kimi reputasiyasını korlaya bilərdi.

Rəsmilər deyirlər ki, nəhayət yanvarın 11-də Gazprom danışıqlara ultimatumla gəlib: “Ya razılaşın, ya da heç bir saziş olmayacaq”.

Nazir Kaladzenin sözlərinə görə, tələbin ultimativliyinə baxmayaraq bu dəfə Rusiyanın təklifləri doğrudan da sərfəli idi, üstəlik bu saziş Gürcüstanın Rusiya qazından asılılığını zərrə qədər də artırmırdı.

Buna baxmayaraq Kaladze sazişin təfərrüatlaırnı açmaqdan imtina edib və deyib ki, söhbət kommersiya sirrindən gedir. Lakin iqtisadçı Lado Papaya bununla razılaşmır. O israr edir ki, burada söhbət iki kommersiya vahidi arasında deyil, kommersiya vahidi ilə dövlət arasında bağlanmış sazişdən gedir və bu heç cür kommersiya sirri sayıla bilməz.

Sazişin sirrini açmasalar da rəsmilər onun şərtlərinin ideal olmadığını etiraf edirlər.

Qalmaqal və çəkişmə isə davam edir.

BIR CAVAB BURAXIN