Dünya tarixində ayrı-ayrı dövlətlərin geosiyasi təsirin “eksperimental ixracatçılarına” çevrilməsinə dair bir çox nümunələr var. “Azadlıq adası” adlandırılan dövlətin-Fidel Kastro Kubasının tarixi bir ictimai quruluş düşərgəsinin (SSRİ-nin) xırda dövlətin vasitəsilə Yer kürəsinin az qala yarısında nəhəng prosesləri manipulyasiya etməsinə dair tarixi nümunələrdən biridir. Hərçənd Kuba inqilabçılarının Mərkəzi Afrikaya sızmasını və Kuba xüsusi xidmətlərinin Mərkəzi Avropa ölkələrində fəal işini nəzərə alanda bütün Yer kürəsinə təsirdən də danışmaq olar.
Eh, bu Tarix necə də məkrli zarafatcılmış!
Tarix-bu, məkrli və böyük oyunçu dünyada qüvvələr bölgüsünü və qlobal dünya düzənini elə dəyişdi ki, bir vaxtlar eksperimental “azadlıq adalarınının” ipini əlində tutan qüdrətli sovet imperiyasının cinahları boyu onun özünə baş ağrısı-geosiyasi inqilablar adacıqları meydana çıxdı. Əlbətdə ki, söhbət sorosçu ideoloqların geosiyasi imperiativlərinin- neosovet Çe Gevarası Mixail Saakaşvilinin rəngli Gürcüstan erasının həyata keçirilməsindən gedir. Və o, qırmızı komendante kimi inqilabların qalib gəldiyi müxtəlif ölkələrdə peyda olur, geosiyasi inqilablara (qanlı müharibələrə və kataklizmlərə) cəlb olunmuş xalqlara çoxdan gözlənilən göydəndüşmə səadəti vəd edir.
Gürcüstan ümumsovet rəngli inqilablarının lokomotivi, qərb hegemonçuluğunun dayaq nöqtəsi və “qərbliləşmə ilə müşaiyət olunan modernləşmə” ekspansiyasının-Putin Rusiyasının idarəolunan narıncı zolaqla əhatələnməsini nəzərdə tutan yeni obrazlı-konseptual modelin başlıca platsdarmı oldu.
Stabil Azərbaycanın sərhədləri yaxınlığında da təhlükə yarandı. Əgər Saakaşvili inqilabının qələbəsinin ilk illərində gürcü inqilabçı qüvvələri özlərinin “Kmara” təşkilatı vasitəsilə 2000-ci illərin ortalarında Azərbaycanda destablizasiya modelini dəstəkləməyə çalışırdısa qısa zaman ərzində prezident İlham Əliyevin siyasi ustalığı sayəsində inqilabçı gürcü hakimiyyəti neytrallaşdırılmış oldu. Gürcüstan dərk etdi ki, Azərbaycansız yaşaya bilməz, Azərbaycan dövləti ilə qarşıdurma isə Gürcüstanın yeni “kominterninə” yaxşı heç nə vəd etmir. Bu, bütün regional geosiyasi layihələrin iflasına səbəb olardı. Hansı ki, hələ Qafqaz siyasətinin iki patriarxı Heydər Əliyev və Eduard Şevardnadzenin dövründən iki Cənubi Qafqaz respublikası bu layihələrə qoşulmuşdu.
Bundan əlavə, rəsmi Tiflis öz ərazisində yeni etnosiyasi münaqişənin meydana çıxması ehtimalını da dərk etdi: axı Gürcüstandakı tarixi torpaqlarında 300 mindən çox azərbaycanlı yaşayır. Bu region isə separatçı erməni Cavaxetiyasından fərqli olaraq vahid və bölünməz Gürcüstan ideyasına sadiqdir.
Prezidentlər gedir, gizli fəaliyyət qalır
Gürcü hökuməti hərdən Azərbaycan hökuməti ilə dəyərlər qarşıdurmasına eyham vursa da açıq münaqişəyə getmədi. Lakin Gürcüstan ərazisi Azərbaycana siyasi-ideoloji ekspansiya üçün müəyyən platformaya çevrildi. Təəsüf ki, Tiflisdə hakimiyyətin dəyişməsindən sonra da heç nə dəyişmədi. Və “Gürcü arzusu”nun idarəçiliyi altında Azərbaycanın gizli fəaliyyətdə olan rəngli inqilab fəalları Gürcüstanda özlərini kifayət qədər rahat hiss edirlər.
Yada salmaq lazımdır ki, Azərbaycan üçün taleyüklü 2013-cü ildə radikal antiəliyev müxalifətinin mərkəzi məhz Tiflis idi. Bakıda vəziyyətin qarışdırılmasına yönəlmiş, Rüstəm İbrahimbəyovun, Eldar Namazovun və Əli Kərimlinin qismində yaradılmış antihökumət koalisiyasının icrası üçün nəzərdə tutulan, yaxşı məlum olan xarici mərkəzlər tərəfindən hazırlanan yeni ssenari məhz Tiflisdə reallaşmağa başlamışdı. Tiflisdə yaradılmış Milli Şuranın sıralarında cəmləşən antiəliyev koalisiyası Azərbaycanda rəngli inqilab həyata keçirmək üçün baş tutmayacaq daha bir xülyanı elan etmişdi.
Lakin 2013-cü ildə “Gürcü arzusu” koalisiyasının yeni formalaşan hakimiyyəti günahını yumağa çalışdı, yaranmış kolliziyanı “keçid dövrünün çətinlikləri” ilə əsaslandırdı-axı qonşu və qardaş adlanan ölkənin daxili işlərinə açıq müdaxilə həddən artıq aydın idi. Dedilər ki, heç demə yeni hakimiyyət hələ gürcü istebleşmentinin dəhlizlərini “sorosçu yolxuculardan” tam təmizləyə bilməyib.
Dörd il əvvəl Azərbaycan hakimiyyəti baş verənlərə anlayışla yanaşdı, “böyük gürcü keçid dövrü”nün çətinlikləri və nəticələri barədə deyilənləri qəbul etdi. Lakin o vaxtdan bəri gürcü hakimiyyəti antiazərbaycan müqaviməti ünsürlərini Gürcüstandan təmizləmək üçün heç bir tədbir görməyib. Tiflis belələri üçün görüş, təlimat və pul almaq yeridir, yeni məkrli planlar və qəsdlər orada meydana gəlir
Doğrudanmı gürcü hakimiyyətinə və hüquq-mühafizə orqanlarına Azərbaycandan olan sistemdənkənar müxalifətçilərin xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən qərb emissarları və QHT-ləri ilə görüşləri barədə heç nə məlum deyil?
Nə deyəsən axı, faktlar birbaşa və təkziblunmaz sübutlardır.
Eldar Namazov erməni xüsusi xidmətlərinin keçmiş rəhbəri ilə
2015-ci ilin payızında Tiflisdə 2013-cü il dövlət çevrilişi cəhdinin baş təşkilatçılarından biri Eldar Namazov yenidən peyda olur. Ötən ilin martında isə o, erməni xüsusi xidmət orqanlarının eks başçısı, özünün pərdəarxası vətəndaş cəmiyyəti diplomatiyası üzrə tərəfdaşı David Şahnazaryanla birlikdə Tiflisə yollanır. Xatırladırıq ki, 1994-cü ilin martında və iyulunda məhz Şahnazaryanın əmri ilə Bakı metrosunda iki dəhşətli terror aktı törədilmişdi.
2016-cı ilin martında isə barışmaz, sistemdənkənar müxalifətin liderlərindən biri, Əli Kərimlinin müavini Gözəl Bayramlı üç dəfə Gürcüstan ərazisində peyda olub. O, Gürcüstana Xalq Cəbhəsindən olan fəalların müşaiyəti altında gedib. Olduqca qəribədir, ancaq Gözəl Bayramlı hər dəfə Gürcüstana avtomobillə, tərəfdaşlarının müşaiyəti ilə gedib və Tiflisdə iki gündən çox qalmayıb. O, Gürcüstana Qazax rayonu istiqamətindən keçib, qayıdanda isə bir qayda olaraq Zaqatala tərəfdən daxil olub. Emissarlarla görüşüb, pul və təlimatlar alıb, geri qayıdıb.
Eldar Namazovla birlikdə isə Gürüstanda daha bir məşhur xanım-hökumətin barışmaz tənqidçisi Mehriban Vəzir peyda olub. Milli Şuranın fəalı Mehriban Vəzir guya Eldar Namazovla birlikdə Gürcüstana konfransa getmişdi. Lakin burada açıq-aşkar uyğunsuzluq var-konfrans 2016-cı il martın 9-da bitib. M.Vəzir isə “tutarlı səbəblərə”-bir sıra işgüzar görüşlər keçirməyə görə bu ölkədə aprelin 1-nə qədər alıb. Bu oyuncaq Vəzirin Tiflisdə hansı “işgüzar görüşləri” ola bilər axı?
Yenə də 2016-cı ilin martında müsavatçıların lideri Arif Hacılı Tiflisə gedib. O, orada qərb QHT-lərinin nümayəndələri ilə görüşlər keçirib. Habelə 2016-cı il ərzində Gürcüstan ərazisində daha bir radikal-opportunist Sabir Rüstəmxanlının partiyasının aparat rəhbəri Samir Əsədli üç dəfə peyda olub. Təkcə mart ayında o, Tiflisdə iki dəfə üzə çıxıb, görüşlər keçirib və Bakıya geri qayıdıb.
Müxalif və amerikayönümlü REAL hərəkatının liderləri də öz avtomobillərində kifayət qədər tez-tez Gürcüstana gedib-gəlirlər. Dəqiqləşdirilmiş məlumatlara görə 2016-cı il referendumu ərəfəsində hərəkatın liderlərindən biri Natiq Cəfərli Gürcüstanda iri məbləğdə pul vəsaitini nəğdləşdirib. Məlumata görə pullar tarixi referendum ərəfəsində mitinqlərin təşkilinə və plakatların hazırlanmasına sərf olunmalıydı. N.Cəfərli Gürcüstana Erkin Qədirli ilə birlikdə gedib.
Gürcüstanda bir sıra tanınmış müxalifətçilər də sığınacaq tapıblar və özlərinə möhkəm yer ediblər, hansı ki, bu gün də rəsmi Bakı ilə açıq qarşıdurmanı davam etdirirlər. Onlardan çoxu elə bu gün də gizli müxalifətin maliyyəçisi və kassiri kimi fəaliyyət göstərir.
Kamo-Daşqın Ağalarov yuvası
2009-cu ildə Bakıda Daşqın Ağalarov saxlanıldı və həbs olundu. Bu ad geniş ictimaiyyətə praktiki olaraq heç nə demir, ancaq 51 yaşlı müxalifətçi gizli müxalif qrupların aparıcı fəallarından biridir. Xalq Cəbhəsinin hakimiyyəti dövründə o, gəlirli vəzifədə idi, Azərbaycanın neft məhsulları üzrə Dövlət Komitəsinə rəhbərlik edirdi. Ağalarov müxalifət üçün pul ovlamaqla məşğul olub, bir növ bankları soyub inqilab üçün pul toplayan bolşevikin-Kamonun yerli variantıdır.
2011-ci ildə Ağalarovu şərti azad ediblər və o, dərhal Türkiyəyə qaçıb. 2013-cü ilin avqustundan həmin Kamonu İnterpol axtarıb, 2014-cü il martın 1-də o, Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən Türkiyə-Gürcüstan sərhədinin Sarp sərhəd-keçid məntəqəsində saxlanılıb. Azərbaycan DİN Kamonun ekstradisiyasını tələb edib, ancaq onun işi ilə qərbyönümlü QHT-“Gürcüstan insan haqları evi” bərk məşğul olub. Və səkkiz aylıq həbsdən sonra onu azadlığa buraxıblar. Daha sonra Ağalarovu BMT-nin xüsusi pasportu və immunitetlə təmin ediblər.
Ağalarov Tiflisdə özünün gizli fəaliyyətini davam etdirib. 2016-cı ilin martında da Əli Kərimlinin müavini-Gözəl Bayramlı məhz onunla görüşüb. Əli Kərimli, İsa Qəmbər, Mirmahmud Fəttayev və digər müxalifət liderləri Gürcüstan prezidentinə müraciət edərək Ağalarovun Azərbaycana təhvil verilməsinə mane olmağa çalışıblar.
Nə baş verir axı? Azərbaycan DİN-in göstərdiyi böyük səylər nəticəsində Kamonu BMT pasportundan məhrum etmək mümkün olub. Ancaq Gürcüstan hələ də onun Azərbaycana təhvil verilməsini əngəlləyir. Ağalarov isə açıq və fəal şəkildə Azərbaycana qarşı işləməkdə davam edir, o, əvvəlki kimi “Lanset” yuvası və Qənimət Zahidin xarici qruplaşması ilə əlaqədədir. Bu haqda bir az sonra.
Cangüdən-jurnalistin yuvası
Azərbaycanın jurnalist cameəsinə Əfqan Muxtarlının adı yaxşı məlumdur. Lakin o, heç də sanballı yazıları ilə tanınmır. Muxtarlı tamamilə istedadsız və yaradıcı ruhdan tam uzaq biridir. Yeri gəlmişkən, karyerasına fotojurnalist kimi başlayıb. 2014-cü ildə nəhayət bu müxalifətçiyə layiqli iş tapdılar. O, qalmaqallı “araşdırmaçı”, xüsusi xidmət orqanlarının zibil çəlləyi Xədicə İsmayılovanın şəxsi mühafizəçisi oldu. ABŞ səfirliyinin tapşırdığı bu vəzifənin icrasına görə jurnalistliyi baş tutmayan Muxtarlıya ayda min manat əməkhaqqı verirdilər.
X.İsmayılovanın həbsindən sonra Ə.Muxtarlı doğma Zaqatala rayonunun dağ cığırları ilə gizlicə Gürcüstana qaçdı, orada müvəqqəti yaşamaq icazəsi aldı. Hazırda Ə.Muxtarlı Azərbaycana qarşı düşmənçilik münasibəti bəsləyən beynəlxalq QHT-lərlə sıx əməkdaşlıq edir. Bunlara Freedom House, People in Need, Human Rights Watch, NDI və digərləri daxildir.
Əfqan Muxtarlı əvvəlki kimi Xədicə İsmayılova ilə birlikdə “mitinq koordinasiya komitəsi”nin yaradılması ideyası üzərində işləyir. Bundan başqa, cangüdən-jurnalist beynəlxalq donorlara müraciət edərək “Həbs olunmuş dini fəalların haqlarını müdafiə komitəsi”inin layihəsinə maliyyə yardımı ayırmağı xahiş edib.
Ə.Muxtarlı Tiflisdə vaxtını boşa sərf etməyib-özünə yeni inqilabçı arvad-tərəfdaş tapıb. Bu, “Yeni Müsavat” qəzetinin keçmiş jurnalisti və Müsavat partiyasının mətbuat xidmətinin keçmiş rəhbəri Leyla Mustafayevadır (Leyla İlqar kimi tanınır). O da Əfqan Muxtarlı kimi Gürcüstana qaçıb və orada Gürcüstan ictimai münasibətlər İnstitutunun tələbəsi qismində yaşayış icazəsi alıb.
Hansısa İlqar Vəliyev də bu cangüdənə qoşulub. 2016-cı ilin martında bu psevdo-jurnalist qəfildən Ağdam rayonunun təmas xəttinə yaxın Çıraqlı kəndində peyda olur. Nə jurnalistdir, nə bloqqerdir, cəmi-cümlətanı Bakıda az tanınan ali məktəblərdən birinin jurnalistika fakültəsini bitirib. Vəliyevə orada foto çəkməyə icazə verməyiblər və o, haqlarının pozulduğu barədə hay-küy qaldıraraq Xədicə İsmayılovaya sığınıb. İsmayılova isə heç kimin tanımadığı Vəliyevi Tiflisə, özünün keçmiş cangüdəninin yanına göndərib. Əfqan Muxtarlı isə orada bu partizanı pulla təchiz edib-5 min avro ayırıb və “Meydan TV”-nin Berlindəki mənzil-qərargahına kursa göndərib. “Berlin mühazirələrindən” sonra İ.Vəliyev Tiflisə geri qayıdıb və orada “Meydan TV”-yə işləməyə başlayıb.
Kollaborasionist-feministka və Hacının arvadı
Tiflis-əksinqilabçıların məskənidir. Vətəndaş müharibəsi günlərində belə deyərdilər. Allaha şükür, Azərbaycanda Gürcüstandan fərqli olaraq qanlı vətəndaş müharibəsindən qaçmaq mümkün oldu. Və məhz gizli inqilabçı təşkilatların ləğv olunması sayəsində, hansı ki, onlar ölkəyə vətəndaş qarşıdurması modelini sırımağa çalışırdılar. Bu gün isə onlar məhz Tiflisdə, əkinqilabçıların və inqilabçıların, ziddiyətlərin şəhərində məskən salıblar. Onların əksər hissəsi Ukraynanın “Ekspress TV”-sinin bənzəri olan, qərb donorları tərəfindən Azərbaycan “Maydanı”nı birbaşa translyasiya etmək üçün yaradılan “Meydan TV”nin əməkdaşlarıdır.
Hələ Tiflisdə “Meydan TV”nin köşə yazarı-ekstravaqant Günel Mövlud da məskən salıb. Bu xanım bir növ Azərbaycan “Femen”inin nümunəciyidir: nə vaxtsa hamını inqilab işi naminə açıq-aşkar sevişməyə çağırmışdı. Sonra Berlinə getdi, “Meydan TV”nin ofisində işlədi və yenidən Tiflisə qayıtdı. Orada “Litkult” MMC-ni təsis etdi, Gürcüstanın “İnsan haqları evi” və Hollandiya səfirliyi ilə sıx əməkdaşlıq qurdu. Və ayda 230 avro maaş aldı. Görünür ümumkütlə orqiyasına çağırdığı üçün. İnqilab məsələsində isə onda nəsə pis alındı.
“Meydan TV”nin digər köşə yazarı Hacı Hacıyev də məhz Tiflisdə özünə “krışa” tapıb. 35 yaşlı Hacıyev feminist Günel Mövludla evlənib və Gürcüstanda müvəqqəti yaşamaq icazəsi almaq üçün “İntermedica” MMC-də həkim-konsultant işinə düzəlib. Beləliklə də o, feminist arvadı ilə birlikdə Tiflisdə “diktatura ilə mübarizə” üçün üstünlüklər əldə edib.
İnqlab üçün hostel
Bir qayda olaraq azərbaycanlı inqilabçı gizli ünsürlər Tiflisə gedəndə “Loft Hostel”də qalırlar. Bu “otelin” sahibi Zərifə Quliyeva (Şəmiyeva) adlı biridir. Onun səlahiyyətlərinə “xüsusi liberalların” bu hosteldə yerləşdirilməsini təmin etməkdir. 36 yaşlı Quliyevaya ər-köməkçi statusunda hansısa 26 yaşlı Tural Qurbanov da birləşib. Tural müxalifətçiləri qarşılayır, Zərifə onları yerləşdirir. Artıq suallar meydana çıxmasın deyə Tural və Zərifə hətta mezalyansa gediblər-axı bu ər-arvad qara gün üçün özlərinə pul qazanır!
Prokuror-liberast
Keçmiş SSRİ respublikalarında nadir hallarda prokuror liberal olmaq istəyər. Partizanlara qoşulan eks-prokuror isə hökmən liberastdır. Vidadi İsgəndərli də adını bu müstəsnalar sırasına daxil edib. Budur, artıq neçə ildir ki, inqilabçı düşərgəyə qoşulmuş həmin eks-prokurorun adı mətbuat səhifələrindən çıxıb. Vaxt var idi ki, İsgəndərli inqilab işinin avanqardı sırasında idi. Və birdən o nə mitinqlərdə görünmədi, nə də Milli Şuranın yığıncaqlarında.
Heç demə bu “vicdan məhbusu” Tiflisdə imiş. V.İsgəndərli gürcü hakimiyyətinə siyasi qaçqın statusu almaq üçün müraciət edib və hazırda Tiflisdə “Qafqaz azadlıqlarını müdafiə mərkəzi” adlı insan haqları qrupunun şöbəsini yaratmağa can atır. Bu təşkilatı Hollandiyada siyasi mühacir Azər Ramizoğlu təsis edib. Budur, V.İsgəndərli də şansdan istifadə etməyi –öz keçmişinin ağ ləkələindən təmizlənməyi və tamamilə liberal-hüquq müdafiəçisi roluna girməyi qərara alıb. Gürcüstan hakimiyyəti isə ona şərait yaradıb!
Yeni ad-Zamirə, çoxdan yaddan çıxmış Emin
Tiflisin Z.Botsvadze küçəsində Zamirə Abbasova adlı çəlimsiz qız yaşayır. O, Mingəçevirdə doğulub, hərçənd Gürcüstanda nüfuzlu amerikan mərkəzi “İmagine-münaqişələrin transformasiyası” mərkəzində işləyir. Və bu arıq, çəlimsiz qız uşağı “Sərhədsiz radio” layihəsi çərçivəsində Tiflisdə onlarla azərbaycanlı jurnalistə master-klas təşkil edib. Layihəni sanballı Amerika fondları-NED, IREX, alman fondu Henrix Böll maliyyələşdirir.
Zamirə Abbasova Azərbaycan hakimiyyətinə qarşı düşmən münasibəti də deməsək çox tənqidi münasibət bəsləyir. Və bu məsələdə yaxşı tanıdığımız “insan haqları müdafiəçisi” Emin Hüseynov ondan geri qalmır.
Şüvəlan türməsinin məhbusu Mehman Hüseynovun böyük qardaşı Emin insan haqları müdafiəsi işini yüksək gəlirli, mənfəətli işə çevirib, bundan böyük pullar qazanıb. Buna görə o, Xədicə İsmayılova tərəfindən haqlı qınağa və partiya yoldaşlarının haqlı tənqidinə məruz qalıb. E.Hüseynovu Azərbaycan vətəndaşlığından məhrum ediblər və o, uzaq İsveçrədə məskən salıb. Lakin bu yaxınlarda gözlənilmədən öz tarixi vətəninin sərhədləri yaxınlığında peyda olub.
Hüseynov Vasiliya Petraşvili küçəsində dəbdəbəli, ikimərtəbəli malikanə alıb və orada özünün RATİ təşkilatının fəaliyyətini bərpa etməyə hazırlaşır. Həmin malikanədə onlarla ABŞ vətəndaşı da məskunlaşıb, azərbaycanlılar da var-Fərqanə Novruzova və operator Elvin Əliyev. Belə görünür ki, gizli inqilabçı düşərgədən daha bir tanış sima dost Tiflisdə Bakıya qarşı mübarizə cəbhəsi açmağı planlaşdırır.
Həmin o doktor
Və əlbəttə, Gürcüstandakı anti-Azərbaycan şəbəkənin əsas siması Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan doktor Fərman Ceyranovdur. Eksperimental Cərrahiyyə Xəstəxanasının baş həkimi Fərman Ceyranovun o vaxtkı səhiyyə naziri Əli İnsanovla döyüşünü kim xatırlamır?! Bu həyat uğrunda yox, ölüm savaşı idi. Və ölkənin o vaxtkı prezidenti, ədaləti bərpa edib, nazirin yox, hüquqları tapdanmış baş həkimin tərəfini tutdu. Bəs baş həkim hakimiyyətin bu yaxşılığına nə ilə cavab verdi?
2013-cü ildə F.Ceyranov Gürcüstana köçdü, bu ölkənin vətəndaşlığını qəbul etdi – axı o əslən Saqarekodandır. F.Ceyranov Tiflisdə şəxsi “Lanset” klinikasını açdı. Amma insanda siyasətə olan ehtirasa nə qalib gələ bilər? Və Ceyranov yenidən hakimiyyət uğrunda döyüşə atılır: həkimliklə böyük pullar qazanmaq olmaz. O, Saakaşvilinin “Vahid Gürcüstan” partiyasına daxil oldu və hətta bu partiyanın siyahısı üzrə parlamentə namizədlər siyahısında yer aldı.
Doktor partiyanın liderinə – parlamentinin komitə sədri Tamazi Meçiauriyə çox yaxındır. Fərman Ceyranov Milli Şuranın Gürcüstanda gizli nümayəndəsi funksiyalarını yerinə yetirir, Meydan TV-nin nümayəndəliyinə himayədarlıq edir. Tiflisə gələn müxalifətçilər, inqilab üçün hosteldən başqa, Ceyranovun klinikasının şəraitindən də istifadə edirlər.
Yeri gəlmişkən, gürcü hakimiyyəti bu doktordan öz klinikasının tikintisi adı altında götürülmüş 17 milyon dollarlıq krediti indiyə qədər niyə ödəmədiyini soruşsa, pis olmazdı. Ceyranovun kredit problemi Türkiyənin İŞ Bank-ının rəhbərliyində də maraq oyada bilər. Həkim-konspirator bu məbləği türk bankının filialından götürüb.
Xarici İşlər Nazirliyi və Gürcüstan hökuməti nə cavab verəcək?
Bax, özünü Azərbaycana qardaş və dost adlandıran dövlətdə belə xoşagəlməz mənzərə formalaşır. Araşdırmaya təqdim olunanlar Azərbaycan müxalifətinin Gürcüstandakı radikal gizli fəaliyyəti haqda faktların cüzi bir hissəsidir. Belə olan təqdirdə gürcü hökumətindən soruşmaq istəyirsən: bəyəm Azərbaycan hakimiyyəti Bakıda gürcü müxalifətinə meydan verib?! Bizim hökumətimiz nəyə görə gürcü hakimiyyətinin və hüquq-mühafizə orqanlarının belə münasibətinə layiq görülüb?
Ən təzə nümunə. 19 apreldə gürcü sərhədçiləri və gömrükçülər “Meydan TV”-nin Berlin bölməsinin əməkdaşı, Azərbaycan hakimiyyəti tərəfindən axtarılanın Camal Əlini ölkəyə buraxmadılar. Və Azərbaycan, əlbəttə, bunu qiymətləndirdi. Bəs niyə onu saxlamadılar? Və Azərbaycana vermədilər? Əgər gürcü tərəfi analoji xahişlə Azərbaycana müraciət etsəydi, Bakıda necə hərəkət edərdilər?! Məgər bu rəsmi Tiflisə məlum deyil?! Niyə Gürcüstan hakimiyyəti paytaxtın mərkəzində bu anti-Azərbaycan nüvənin formalaşması üçün hər cür şərait yaradıb?! Axı bu həmkarlar öz niyyətlərini – mövcud hakimiyyəti devirməyi gizlətmirlər.
O zaman Gürcüstan hakimiyyəti niyə nəinki tədbir görmür, eyni zamanda bu qaçqınların səylərinə hər cür dəstək verir, onları qəbul edir və fəaliyyətlərinə şərait yaradır?
Axı Azərbaycan Gürcüstan naminə çox şeyi güzəştə gedir. Energetika sahəsində meqalayihələr bir yana qalsın, xatırladırıq ki, məhz Azərbaycan Gürcüstanın ərazi bütövlüyünü şərtsiz dəstəkləyib, Cənubi Osetiyadakı referendumu pisləyib, birgə çağırışlara layiqli cavab verərək siyasi müttəfiqliyi dərinləşdirməyə hazırdır. Bəs biz əvəzində nə alırıq?! Radikal gizli qrupların fəaliyyətini, arxadan zərbə, ölkəmizdə vəziyyəti qarışdırmağa yönəlmiş bədnam niyyətləri?! Bəyəm Azərbaycan bu zərbəyə layiqdir?! Gürcüstana nə qədər vaxt lazımdır ki, mövcud situasiyanı radan qaldırsın, orada məskunlaşmış gizli qrupları ərazisindən qovub çıxarsın?!
Eynulla Fətullayev
Virtualaz.org