Gürcüstan parlamentinə dörd azərbaycanlı deputat daxil oldu

0
542

Gürcüstanda keçirilən parlament seçkilərində 4 azərbaycanlı deputat mandatı qazanıb. Majoritar dairələrdə keçiriləcək ikinci turdan sonra onların sayı 5 də ola bilər.

Hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasından proporsional siyahı üzrə namizədliyi irəli sürülmüş Mahir Dərziyev, hakim partiyanın majoritar siyahıdan namizədləri Savalan Mirzəyev seçicilərin 50,02 faizinin, Ruslan Hacıyev isə 56,13 faiz səslərini toplayaraq deputat mandatı qazanıblar.

Daha bir soydaşımız, ölkənin əsas ana müxalifəti sayılan “Vahid Milli Hərəkat” partiyasının üzvü Azər Süleymanov də proporsional siyahı üzrə mandat əldə edib.

Gürcüstan Mərkəzi Seçki Komissiyasından bildiriblər ki, artıq bülletenlərin 100 faizi sayılıb və ilkin hesablamalara görə, proporsional siyahı üzrə cəmi 3 partiya parlamentə keçə bilib. “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyası 48,65 faiz, “Vahid Milli Hərəkat” Partiyası 27,11 faiz, “Gürcüstan Vətənpərvərlər Alyansı” isə 5 faiz səs toplayıblar. Əsas müxalifət partiyalarından olan “İrakli Alasaniya- azad demokratlar” partiyası 4,62 faizlə mandat qazana bilməyib. Parlamentdə təmsil olunmaq üçün hər bir partiya 5 faizlik həddi keçməlidir.

Gürcüstan MSK-nın məlumatına görə, əksər majoritar dairələrdə namizədlər lazım olan səsi toplaya bilməyiblər. Ona görə də həmin dairələrdə ikinci tur keçiriləcək. İkinci turun noyabrın 2-də keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonu ərazisində təşkil olunmuş 36 saylı dairədə daha bir azərbaycanlı, Əhməd İmamquliyev qələbəyə daha yaxındır. Birinci turda o, seçicilərin 47,91 faizinin səsini qazanmaqla Tamaz Naverianini (43,41 faiz) üstələyib. Həmin dairədən daha az səs toplamış namizədlər ikinci tura buraxılmayacaqlar. Gürcüstan Seçki Məcəlləsinin tələbinə görə, ikinci tura, birinci torda ən çox səs toplamış iki namizəd buraxılır.

Beləliklə, Ə.İmamquliyev ikinci turda qələbə qazansa Gürcüstan parlamentində təmsil olunacaq azərbaycanlı deputatların sayı müstəqillik dövründə ilk dəfə 5 nəfər olacaqdır. (“Report”)

BIR CAVAB BURAXIN