Gürcüstan adambaşı ÜDM-ə görə Azərbaycanı ötə bilər

0
734

Azərbaycan Cənubi Qafqazda iqtisadi güc mərkəzi kimi mövqeyini itirməkdədir. İki ölkənin rəsmi statistik məlumatları təsdiqləyir ki, adambaşına Ümumi Daxili Məhsul (ÜDM) istehsalına görə Gürcüstan artıq Azərbaycana çatıb.

İQTİSADİYYATIN STRUKTURUNDA KÖKLÜ DƏYİŞİKLİK OLMASA…

Gürcüstan Milli Statistika İdarəsi bu ilin 9 ayında ölkədə adambaşına 2 min 806 ABŞ dolları həcmində ÜDM istehsal olunduğunu, rüblük hesablamada daim artım qeydə alındığını açıqlayıb.

Eyni dövrdə Azərbaycanda adambaşına ÜDM 2 min 881 dollar olub. Halbuki bir il əvvəl bu göstərici 4 min 214 dollar 20 sent idi. Mütəxəssislərin fikrincə, iqtisadiyyatda ciddi struktur dəyişiklikləri olmazsa, 2017-ci ildə adambaşına ÜDM istehsalı həcminə görə Gürcüstan Azərbaycanı qabaqlayacaq.

GÜRCÜ İQTİSADİYYATININ SİRRİ

Rəyi soruşulan iqtisadçıların Gürcüstan və Azərbaycanda adambaşına ÜDM istehsalı göstəricisinin bərabərləşməsinə münasibəti təxminən belədir: Qonşularımız bizdən sayca 6 milyon az olsalar da, böyük həcmli valyuta gətirə bilən təbii qaynaqları olmadan da iqtisadiyyatı kənar amillərdən yetərincə sığortalanıb. Nəticə isə artıq göz önündədir: Gürcüstan iqtisadi baxımdan daha sürətlə irəli getməyə başlayıb.

Fikrilərini iqtisadi nəzəriyyə ilə əsaslandıran Elçin Rəşidov deyir ki, hər hansı ölkə iqtisadiyyatının ölçülməsində ÜDM həcmi ən vacib vasitədir. Adambaşına ÜDM istehsalı isə, istər istehsal, istərsə istehlak metodu ilə hesablandıqda, bir nəfərin payına düşən orta illik mal və xidmətlərin istehsal və ya istehlak göstəricisidir. Ekspert iqtisadi inkişafın digər indikatorlarının da önəmini vurğulayır:

«ƏSAS GƏLİRLƏRİN NECƏ BÖLÜŞDÜRÜLMƏSİDİR»

«Bu, insanların illər uzunu topladığı sərvətdir. Ayrıca, gəlirlərin əhali arasında necə paylanması da önəm daşıyır. İndi Azərbaycanda rəsmi statistikada əks olunanlardan fərqli olaraq, ölkədə gəlirlərin qeyri-bərabər bölündüyünü hər kəs bilir. Bariz nümunə kimi, bir tərəfdə bahalı otel otaqlarının dolmasını, əks tərəfdə bir qarın çörəyə yaşayanların çoxaldığını göstərmək olar. Bu fərq getdikcə artır. Böhranlı illərdə belə göstəricilər, yəni təbəqələşmə daha çox dərinləşir».

Kutaisidə tikiş fabriki

Kutaisidə tikiş fabriki

E.Rəşidov Azərbaycan və Gürcüstanın sosial-iqtisadi infrastrukturunun (yol, elektrik, qaz şəbəkələri, təhsil və s.) inkişaf səviyyəsinin, aşağı-yuxarı, bərabər sayır. Bununla belə, dollar ifadəsilə adambaşına pul gəlirləri, orta aylıq əməkhaqqı sahəsində 2015-ci ildən bəri Azərbaycan Gürcüstandan geridə qalır.

«Səbəb – Gürcüstan iqtisadiyyatı xarici şoklara daha dayanıqlıdır. Çünki Azərbaycandan fərqli olaraq, resurslara bağlı deyil. İqtisadiyyatını şaxələndirib, ixracatı da ölkəni valyuta ilə təmin edir», – ekspert belə düşünür.

«DEVALVASİYA VƏ NEFT AMİLİ OLMASAYDI»

İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev adambaşına ÜDM istehsalında Gürcüstanın Azərbaycana çatmasını devalvasiya və neft amili ilə əlaqələndirir.

Manatın dollarla müqayisədə zəifləməsi, neft gəlirlərinin azalması son nəticədə ölkənin dövlət büdcəsini, elə ÜDM-in də dollar ifadəsilə, təxminən 2 dəfə kiçildib: «Adambaşına ÜDM istehsalı göstəricisi bir ölkədə yüksək, digərində aşağı ola bilər. Amma bu heç bir halda gəlirlərin insanlar arasında yenidən bölgüsünün nə şəkildə aparıldığı haqda təsəvvür yaratmır. Sosial rifah halını səciyyələndirən digər amillər var. Məsələn, keyfiyyətli təhsil və səhiyyə xidmətlərinə əlçatımlılıq. R.Atakişiyev bu sahədə ciddi islahatlara ehtiyac olduğunu deyir. Gürcüstan artıq neçə ildir ki, bütün ölkə ərazisində icbari tibbi sığorta sistemini tətbiq edib, Azərbaycansa yalnız 2017-ci ildə bu sahədə ilik addımlarını atacaq.

R.ATAKİŞİYEV: «GÜRCÜSTAN BİZİM KİMİ XAMMALDAN ASILI QALMAYIB»

Ekspert Gürcüstanın neftdən asılılıq yaşamadığına, eləcə də gəlirlərinin qeyri-neft sektorunda formalaşdığına diqqət çəkir. «Azərbaycan dövlət büdcəsinin gəlirləri neftin yüksək qiymətləri hesabına 24 milyard ABŞ dollarına çatdığı 2014-cü ildə neftsiz Gürcüstanın xəzinəsinə 7 milyard dollar vəsait daxil olmuşdu».

MANATIN ALICILIQ QABİLİYYƏTİ DÜŞDÜKCƏ…

«Manatın dollara nisbətdə məzənnəsi düşsə də, ÜDM məzənnənin düşmə tempi ilə müqayisədə daha sürətlə artsaydı, onda dollar ifadəsində adambaşına ÜDM də artmış olardı. Manatın real alıcılıq qabiliyyəti düşdükcə, ölkənin sərvəti də, yeni yaradılan dəyər də getdikcə azalır. Bu, iqtisadi qanunauyğunluqdur». İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev Azadlıq Radiosuna belə deyib.

BIR CAVAB BURAXIN