Göynükdən Akhana: Yurd həsrəti, Yurd yanğısı

0
762

2018-ci ilin həlim fevral günlərinin birində jurnalist dostum Osman Məmmədovla Bakı Beynəlxalq Avtovağzalından Türk Dünyasının paytaxtı Ankaraya yola düşdük. İllər uzunu ürəyimizin ən dərin qatında tumarlaya-tumarlaya bəslədiyimiz Türkiyə Cümhuriyyətini görmək, gəzmək və havasını udmaq azrumuz nəhayət ki, gerçəkləşmək üzrə idi. Özümüzü dərk etdiyimiz gündən etibarən içimizdə bir Türkiyə sevgisi cücərməkdəydi. Bizimlə bərabər yaşlaşan bu arzunun işığında yolumuza davam edirdik. Amma nədənsə hələ də rahatsız duyğulardan qurtulmamışdıq. XXI əsr olmasına, sovet qadağalarının sərhədləri ayıran tikanlı məftillərlə birlikdə tarixin zibilliyinə gömülməsinə baxmayaraq elə bilirdik Sarp keçid məntəqəsindən geri qaytarılacağıq. Bu və buna bənzər qarmaqarışıq düşüncələrlə Sarp qapısından içəri Böyük Türkiyə Dövlətinin ərazisinə ayaq basq…

Sarp qapısının üzümüzə açılması Qara dənizin həlim mehinin sifətimizə sığal çəkməsi eyni anda baş verdi. Qulaqlarımızın seyvanından içəri daxil olan Anadolu türkcəsini eşidəndə tam arxayın olduq ki, artıq kimsə bizim qarşımızı kəsə bilməz!

 

***

 

Türklüyün mənəvi paytaxtı qədim Şəki bölgəsi hesab olunur; bunu biz yox, möhtəşəm aydın düşüncəli insanlar deyir. Sadəcə olaraq biz bu fikri bir daha vurğulamağı özümüzə borc bildik.

Çox-çox sonralar özümüz üçün bir nəticə hasil etdik: şəkililər doğma yurdlarını tərk etmək məcburiyyətində qalarkən tərəddüdsüz şəkildə Anadolu Türkiyəsinə üz tutublar, ona görə ki, vətənin hər bir guşəsi əzizdir. Fərq etməz Şəkidə yaşadın, yoxsa Boluda, Dənizlidə, Kütahyada, Bursada, Antepdə, Maraşda, Urfada, Trabzonda, İstanbulda, Ankarada, Bakıda, Təbrizdə…, əsas odur ki, milli kimliyini, dinini, vətən, bayraq, dövlət sevgisini itirməyəsən. Bu mənada Türk Dünyasının hər bir guşəsi bizim üçün Vətən anlamı daşıyır…

Şəkililərin Şəkidən məcburən köçməsi faktları kifayət qədər çoxdur. Bu çoxlu faktların içərisindən birinin izinə düşərək fevralın çox da şaxtalı keçməyən günlərinin birində Türkiyə Cümhuriyyətinin Dənizli vilayətinə gəlib çıxdıq…

…Dənizlinin əsası bizim eranın 150-ci ilində xanlar, şahlar, varlı insanlar tərəfindən qoyulmuşdu. Bunu Dənizlidə aşkar edilib cəmiyyətə təqdim olunan yüzlərlə arxeoloji qazıntılar sübut edir. Bura vaxtilə bir çox dövlətlərin paytaxtı və yaxud mərkəz şəhəri olmuşdur.

1983-cü ildə əkin sahəsini belləyən bir qadının beli yerdən çoxlu insan sümüyü çıxartmışdır. Qadın əvvəlcə elə bilibmiş ki, bu mal-qaranın, itin sümüyüdür. Bir müddət sonra yenə eyni hadisə baş verir və sümüklərin içərisində insan başı da aşkarlanır. Qadın məsələnin ciddiliyini anlayır və ətrafda yer belləyən digər insanları çağırır. Bundan xəbər tutan Dənizli Tarix İnstitutunun əməkdaşları həmin kəndə gəlirlər. Tədqiqatların nəticəsində məlum olur ki, aşkarlanan insan sümükləri XIX əsrdə ermənilərin işgəncə ilə öldürdüyü soyqırım qurbanlarının sümükləri imiş. 

11.868 km2 ərazisi olan Dənizli vilayətində bir milyona yaxın insan yaşayır…

2014-cü ildə apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, Dənizlinin Pamukkale rayonunun Akhan məhəlləsində Şəkidən köçmüş mühacirlərin övladları yaşayır. Bu maraqlı xəbər bizi necə ağuşuna aldısa, 4 il sərasər Akhana səfər etməyin xəyalı ilə yaşadıq. Nəhayətdə xeyirxah bir eloğlumuzun köməkliyi ilə Akhana gedib çıxdıq.

Akhana çatanda yerli vaxtla saat 11-İ keçmişdi. Bizi Akhanın muxtarı Məsud bəy qarşıladı. Ilk dəqiqədən böyük sevgi və mehribanlıq göstərən Məsud bəy bizi evinə apardı. Xanımı İzmirdə olduğu üçün bizə xidməti özü göstərdi…

Səhər muxtarlıqda Şəkidən köç etmiş insanların nəvələri, nəticələri ilə tək-tək tanış olduq. Bizə məlum oldu ki, 1902-ci ilin əvvəllərində Şəki rayonunun  Baş Göynük kəndindən 10, Şabalıq kəndindən 2, Qumux kəndindən isə 1 ailə doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar.

Göynüyü tərk etməyə məcbur olan insanlar Qafqaz mücahidi Şeyx Şamilin yaxın silahdaşları olub. Çar Rusiyasına məğlub olmamışdan öncə uzaqgörən İmam Şamil Göynükdən olan naiblərini gələcəkdə baş verə biləcək fəlakətdən qurtarmaq üçün onlara tövsiyyə edir ki, “Osmanlı Dövlətinə pənah aparın. Bizlər Vətən mücadiləsini uduzduq”. Hətta yaxından dostluq etdiyi Sultan Əbdüləziz həzrətlərinə belə bir məktub da yazır: “Hörmətli Padişahım! Gələnlər mücahidlərdir və mənim naiblərimdir. Onların yer-yurd salmalarına yardım göstərməyinizi xahiş edirəm”.

Şeyx Şamildən ayrılan Göynüklü naiblər üç tərəfdən hündür dağlarla, sıldırım qayalarla əhatə olunmuş Baş Göynük kəndinə geri dönürlər. Böyüyüb boya-başa çatdıqları  doğma kəndlərindən ayrılmaq istəmirlər. Həm də düşünürlər ki, imamlarının məğlubiyyətindən sonra Çar Rusiyası onları təqib etməyəcək.

Baş Göynüyün təbii relyefi elədir ki, buranı asanlıqla ələ keçirmək çox çətindir. Bəlkə bu səbəbdən olmuşdur ki, Şeyx Şamilin başlatdığı hərəkatı 25 ilə yatıran Çar Rusiyası Göynüklü mücahidləri ələ keçirməyə çox zaman sərf etmişdir. Şamilin məğlubiyyətindən 30 il sonra Baş Göynüyə hücum edənÇar əsgərləri təbiətin yaratdığı maniələri aşmaq üçün xeyli qurban verməli oldular. Bəlkə də bu üzdən idi ki, onlar Baş Göynüyə daxil olarkən olmazın vəhşiliklər törətdilər. Hər evə 6 nəfərlik dəstə ilə daxil olmağa çalışan Çar əsgərləri qeyrətli Göynüklülərin müqaviməti ilə rastlaşırdılar. Lakin güc nisbəti onların xeyrinə olduğu üçün sonda istəklərinə nail olurdular.

Çar əsgərlərinin vəhşiliklərinə dair olmuş iki hadisəni bu yerdə xüsusi qeyd etmək istərdik… 

Rus əsgərləri bir evə girərkən 108 yaşında bir qoca qadın Kəbənin şəkli olan səccadənin üzərində namaz qılırmış. Rusların tərcüməçisi erməni millətindən olan bir nəfər imiş. O, yalandan Kəbənin şəklini cəbbəxananın saxlandığı binanın şəkli kimi yozur və rus əsgərlərini bilərəkdən provakasiyaya çəkir. Rus əsgər ağbirçək qadını sorğu-suala çəkərək cəbbəxananın yerini söyləməsini tələb edir. İstədikləri məlumatı ala bilmədiklərindən 108 yaşlı qocanı vəhşicəsinə qətlə yetirirlər.

Rus əsgərləri digər evə girərkən gənc bir ana 3 aylıq körpəsini əmizdirirdi. Dünyanın haqsız işdəklərindən xəbərsiz olan körpə anasının döşünü əmərkən düşünmürdü ki, az sonra süd əvəzinə qan əməcək. Bəli, bu belə də olur; ananın övladının ağzında olan döşünü dibindən kəsirlər…

Bu minvalla ruslar Baş Göynüyə girmək üçün 11 nəfəri qətlə yetirirlər. Bundan sonra Şeyx Şamilin naibləri özlərini deyil, kənd camaatını xilas etmək üçün kəndi tərk etmək qərarına gəlirlər. 13 ailə əşyalarını – geyəçəklərini, yiyəcəklərini götürə biləcəkləri qədər götürüb yola çıxırlar. Bu zaman xanımların üzərlərində gəzdirdikləri qızıl-zinət əşyalarını bir yerə toplayıb 12 kiloluq 2 ədəd küpə yerləşdirirlər. Köçün ağsaqqalı Hacı Mahmud idi. Baş Göynükdən Osmanlı Türkiyəsinə üz tutan köç Batuma çatanda bura artıq Çar Rusiyasının gözü qızmış əsgərlərinin nəzarətinə keçmişdir. Rusiyanın təbəəliyindən açıq şəkildə boyun qaçırıb Osmanlı Dövlətinə sığınmağı qarşılarına məqsəd qoymuş Göynüklülər istəklərinə çatmaq uğrunda canlarından keçməyə hazır idilər. Ancaq bu dəfə belə olmadı. Rüşvət xəstəliyinə tutulmuş Çar əsgərləri Göynüklü mühacirləri yanlarında apardıqları 2 küp qızılın birinin müqabilində limana buraxdılar. Köçün ağsaqqalı Hacı Mahmud digər küpdəki qızılla gəmi kirayələdi, yeyəcək aldı. Artıq əllərində bir qara qəpik belə qalmamışdı.

Günlərlə yol gəlib, nəhayət 1902-ci ilin sonlarında İstanbula çatdılar. Zeytunburnunda sahilə çıxdılar. Üst-başlarından açıqca hiss olunurdu ki, köçkündürlər. O dönəmlərdə yerli insanlar gəlmələri sevmirdilər.

Yerli insanlarla aralarında kiçik bir münaqişə də yarandı. Amma geri dönmək fikrində də deyildilər. Osmanlı Dövləti onların tək nicat yolu idi.

Bu arada Sultan II Əbdülhəmid məmləkətində Qafqazdan gəlmiş köçkünlərin olması barədə xəbər alır. Sultanın kürəkəni də Qafqaz əsilli çərkəz imiş. Bu xəbər ona da çatır. Xəbəri eşidər-eşitməz özünü sahilə çatdırır. Köçkünləri padişahın hüzuruna gətirir. Hacı Mahmud 30 il öncə Şeyx Şamilin Sultan Əbdüləzizə yazdığı məktubu qoynundan çıxarıb Sultan II Əbdülhəmidə verir. Padişah Şeyx Şamilin məktubunu açıb oxumağa başlayır. Kənardan baxanlar aydın şəkildə görürlər ki, II Əbdülhəmid məktubun təsirindən xeyli kövrəlib.

Baş Göynükdən gəlmiş mühacirlər 3 ay sərasər Sultanın Ulduz sarayında qonaq qalırlar. Sultan hörmətli qonaqlarının hər birinə qaldıqları hər günə görə bir ədəd qızıl sikkə verdirirmiş. Məqsəd o imiş ki, gələcəkdə yurd-yuva salarkən bu qızıl sikkələrdən yararlansınlar…

Üç aydan sonra Göynüklü mühacirlərə Paşabahçə tərəfdən yer göstərilir. Lakin onlar buranı məqbul hesab etmirlər. Göynükdə yaşayarkən çəltik əkib becərdiklərindən, barama qurdu bəslədiklərindən başqa işlə məşğul olmağı ağıllarından belə keçirmirdilər. Paşabahçədə isə buna imkan yox idi.

Nəhayət Sultan II Əbdülhəmid fərman imzaladı ki, Göynükdən gəlmiş mühacirlər ürəkləri istəyən yerdə yurd sala bilərlər. Bir sıra  əraziləri gəzib-dolandıqdan sonra Dənizliyə gəlib çıxırlar. Ərazini gəzib-dolaşdıqdan sonra istəklərinə uyğun ərazi tapıb indiki Akhan məhəlləsini salırlar…

 

Hacı Mahmudun nəticəsi Hikmət Akhanın yaddaşına istinadla Göynük elindən Osmanlıya pənah aparmış mücahidlərin siyahısını bu cür qruplaşdıra bildik:

1.     Əri Qafqazda şəhid olmuş Sədəf adlı qadın (Qumux kəndi). Özü ilə birlikdə 1 qızını və 7 oğlunu aparmışdır. Yeddi oğlunun hamısı Çanaqqala döyüşlərində şəhid olmuşdur.

2.     Hacı Səməd və 2 yaşlı oğlu Mahmud (Şabalıd kəndi).

3.     Həbişoğlu Cuma və 7-8 yaşlı oğlu Hümmət (Şabalıd kəndi).

4.     Hacı Mahmud, övladları Zəhra, Məmməd, İsa, Musa (Baş Göynük kəndi).

5.     Hacı Mahmudun qardaşı həkim İsmailin uşaqları – 14 yaşlı Fatma və 12 yaşlı Əli (Çanaqqala şəhidi).

6.     Hacı Gülü ləqəbli Rafiq; oğulları Kərim, Səməd, Abdulla, Saleh, Gerixan, qızı Fatma və 5 oğlu. Fatmanın 5 oğlunun hamısı Çanaqqala döyüşlərində iştirak etmiş və üçü şəhid olmuşdur.

7.     Hacı Gülünün qardaşı Hacı İbrahim və oğlu Məsim Motor.

8.     Şeyx Mahmud oğlu Məmməd.

9.     Şeyx Mahmudun Qafqazda şəhid olmuş qardaşı Danışın oğlu Cəbrail.

10.                        Hacı İsmail.

11.                        Məcid oğlu Xəlil İbrahim və oğlu Məmməd.

12.                        Şamil Sultan oğlu.

13.                        Hacı Səməd və oğlu Mahmud (2-3 yaşında olub).

14.                        Hacı Daşdiklərdən Yusif, həyat yoldaşı Məkkə, qızları Kafiyə və Hürü.

15.                        Hacı Cabbar, Abbas, Hüseyn, Hacı Nəcib.

16.                        Musa Hacı Abbas oğlu…

Hikmət Akhanın bizə söylədiyinə görə Akhan adının yaranması təsadüfi deyildir. Məskunlaşdıqları əraziyə ad vermək məsələsi ortaya çıxanda Göynüklü mühacirlər aralarında razılaşıb belə bir qərar verirlər:

–         Vətənimizi Çar Rusiyasının əsgərlərinə təslim etdiyimiz üçün üzümüz qaradır. Heç olmasa burada ağ olsun. Azərbaycanda xanlıq idik (Şəki xanlığı nəzərdə tutulur). Onların nəsli unudulmasın deyə xan sözünü də götürək, olsun Ağxan – Akhan…

 PS. Türkiyədə Göynük adlı 4-5 yer var. Bir Göynük kəndi də Naxçıvandadır. Allah nəsib olsa onlarla bağlı da gələcəkdə araşdırma aparacağıq

 

Şahin Aydəmir

Osman Məmmədov

Bakı-Ankara-Dənizli-Bakı

BIR CAVAB BURAXIN