General yazdı: Fəlakət düz bir il sonra başlayacaq…

0
581

Britaniyanın “The İndependent” internet qəzeti  NATO silahlı qüvvələrinin baş komandanının keçmiş müavini, general Riçard Şirrefin  yeni kitabından söz açıb. Kitabda deyilir ki, Qərb bir ildən sonra Rusiya ilə açıq müharibədə olacaq. Kreml Baltik dövlətlərini Latviyadan başlayaraq işğal edəcək və NATO buna reaksiya vermək istəyəndə isə onu nüvə silahı ilə hədələyəcək.

“Tərəddüdlü NATO fəlakətlə üzləşəcək. Güclü siyasi bəyanatların güclü hərbi qüvvəyə üstün gəldiyi an yetişəcək” –kitabda deyilir.

General Şirref yazır ki, Rusiya ilə müharibə gələn ilin mayında baş verəcək. Müəllifə görə  “aqressiv və fürsətçi Putin” Qərbin zəif siyasi liderliyindən istifadə edərək Rusiyanı bir daha qüdrətli dövlətə çevirəcək.

Kitabda deyilir ki,  2008-ci ilin Gürcüstan müharibəsi və 2014-cü ildə Krımın ilhaqı, habelə Ukraynada separatçlığın qızışdırılması böyük Rusiya ekspansiyası planının yalnız başlanğıcıdır. General bunu da qeyd edir ki, keçmiş sovet respublikalarındakı dondurulmuş münaqişələr böyük planın icrasında Putinin işinə yarayacaq.

Kitab haqqında məqalənin müəllifi, tanınmış jurnalist Kim Sengupta  yazır ki, generalın proqnozlarına baxmayaraq Putin Donbasda “qızğın başlı”komandirləri daha praqmatik siyasətçilərlə əvəz edib.

Jurnalist sual edir ki, belə bir şəraitdə Rusiya prezidentinin Baltik regionunda daha bir müharibə nəyinə lazımdır? “Axı Ukrayna və Gürcüstandan fərqli olaraq Baltik dövlətləri NATO üzvüdürlər” –  məqalədə deyilir.

“Birdən ser Riçardın axirət proqnozu doğrulmasa, onda necə olsun?” – deyə Sengupta soruşur. Jurnalist yazır ki, general artıq özünü həmin varianta da hazırlayıb. O Londondakı Royal United Services İnstitutunda etdiyi təqdimat çıxışında deyib ki, müharibənin qarşısını almaq üçün NATO Şərqi Avropa və Baltik hövzəsində canlı qüvvə və hərbi texnika cəmləşdirməlidir.

Məqalədə deyilir ki, NATO əslində bu işi artıq görməyə başlayıb və yeri gəlmişkən 1997-ci ildə Boris Yeltsinin hökumətinə verdiyi vədləri pozub. O vaxt Moskvaya zəmanət verilmişdi ki, NATO keçmiş Varşava paktının ölkələrində canlı qüvvə yerləşdirməyəcək.

Sengupta yazır ki, NATO komandanları öz hökumətlərinin Kremlin hərbi qabiliyyəti barədə tam məlumata malik olmamasından narahatdırlar. Halbuki eyni zamanda Qərbin hərbi liderləri həmişə Rusiya hərbiyyəsini məsxərəyə qoyublar: “onların texnikası köhnəlib, aviasiya bombaları dəqiq deyil, dəniz donanmaları isə çürüyüb”. Lakin məqalədə bu da qeyd olunur ki, Qərbin Ukraynada gördükləri onu şoka salıb. Rusiyanın hərbi təyyarələri Suriyada ABŞ koalisiyasının bir ayda etdiyi uçuşları bir gündə ediblər.

Rusiya donanması min kilometrlərlə uzaqda olan Xəzər dənizindən Suriyaya ballistik raketlər atıb. NATO-nun hərbçiləri narahatdırlar ki, rusların şərqi Ukrayna və Suriyada qurduğu hava hücumundan müdafiə sistemləri Qərbi Əsəd rejiminin və ya Ukrayna separatçılarının qarşısında aciz qoyacaq.

ABŞ-ın Avropadakı hərbi komandanı general-leytenant Ben Hodces deyib ki, Rusiyanın elektron silahlar sahəsində tərəqqisi heyrətamizdir. ABŞ hərbi hava qüvvələrinin komandanı general-leytenant Frank Gorenc isə bildirir ki, Rusiyanın Krımda və Kalininqradda qurduğu antiraket sistemləri NATO təyyarələrinin Baltik üzərində və xüsusən də Polşada uçuşlarını son dərəcə çətinləşdirib.

Buna baxmayaraq, Kim Sengupta bu qənaətdədir ki, Rusiyanın müasir silahlar sahəsində tərəqqisi onun heç də hücuma hazırlaşdığını göstərmir, hərçənd Moskva hərbi xərcləri bir xeyli artırıb. Məqalədə deyilir ki, başlıca problem Qərb siyasətçilərinin hərbi sahəyə daha çox investisya qoymaqdansa, hərbi hərəkətlər barədə bəyanatlar verməsindədir.

Məsələn Liviyadakı hərbi əməliyyatlarla bağlı hərbçilərin giley-güzarına cavab olaraq baş nazir Devid Kemeron demişdi: “Bilirsiniz nə var? Siz müharibənizi edin, siyasi çıxışları mən edərəm”. “Baş nazirin Liviya macərasının necə nəticələndiyi məlumdur” – Sengupta yazır.

General Şirrefin özü də Kemeronu dəfələrlə tənqid edib. O öz kitabında həmçinin hərbi büdcəyə ixtisarlara dair müdafiə naziri Filip Hammondla çəkişməsindən də yazıb. Bundan qəzəblənən Hammond generalın cəzalandırılmasına çağırıb. Başqa sözlərlə, bu, keçmiş komandanın tribunala verilməsi demək olardı. Lakin ser Riçard deyib ki, “xoşbəxtlikdən o, Hammondu yox, NATO-nun tabeçiliyində olub. (BBC Azərbaycan-nın xülasəsi)

BIR CAVAB BURAXIN