Gebbelsin 105 yaşlı katibəsi ilk dəfə müsahibə verib

0
615

“The Guardian” qəzeti yazır ki, Joseph Goebbels-in 105 yaşlı katibəsi özünün ilk və bəlkə də son müsahibəsini verib. Məqalədə deyilir ki, 105 yaşlı Bromhilde Pomsel İkinci Dünya Müharibəsinin son günlərində Hitlerin bunkerində olmuş son canlı şahiddir. Joseph Goebbels-in katibəsi olan Bromhilde Pomsel “Alman həyatı” adlı film üçün səmimi müsahibə verib.

Xanım Pomsel müsahibəsində müharibənin son günlərində Hitler bunkerində hökm sürən ovqatın təfərrüatlarını açıqlayıb. O deyib ki, Hitler və onun ən ali rütbəli generalları Rusiya ordusunun Berlinə yaxınlaşmaqda olduğu bir vaxtda, böyük həcmlərdə spirtli içkilər içir və ayılmamağa çalışırdılar.

Pomsel “The Guardian” qəzetinə deyib ki, “Biz çalışırdıq ki, alkoqolun ardı kəsilməsin”.“Bu başın keyliyini saxlamaq üçün mühüm idi” – deyib 105 yaşlı şahid.

Məqalədə deyilir ki, Hitlerin yaxın çevrəsinə aid olsa da, Pomsel o vaxtlar Holokost haqqında heç nə bilmədiyini iddia edib. “Kimə deyirəm, inanmır, amma mən doğrudan da bu barədə heç nə bilmirdim” – deyib Pomsel.

O deyib ki, əgər həmin vaxtlar geri qayıtsaydı, adamlar elə o vaxtkı kimi hərəkət edərdilər.“Bu gün “mən imkanım olsa, zavallı, təqib olunan yəhudilər üçün daha çox iş görərdim” deyənlərin səmimiyyətinə inanıram. Amma deməliyəm ki, onlar bunu edə bilməzdilər – deyib qadın, – O vaxt bütün ölkə sanki cadu edilmişdi”.

105 yaşlı keçmiş katibə deyib ki, indi ölümünə hazırdır. “Mənim ölməyimə çox qalmayıb. Arzu edərdim ki, buna illər yox, aylar qalsın. İnnən belə taleyindən narahat olacağım övladlarım da yoxdur. Mən təkcə buna ümid edirəm ki, o vaxt baş verən hadisələr bir də olmasın…” – deyib Bromhilde Pomsel.

O 1933-cü ildə bir radiostansiyada katibə idi və yazı makinəsində çox sürətlə yaza bilirdi. Joseph Goebbels məhz bu qabiliyyətinə görə onu şəxsi katibəsi etmişdi.

O bu vəzifədə müdirinin intiharınadək qalıb. Goebbels öz fürerinin intiharından 24 saat sonra öz həyatına son qoyub. (BBC azeri)

BIR CAVAB BURAXIN