“GƏRƏK BU SİRRİ AÇMAYAYDINIZ…” – Deputat “dollar oyununu” açdı, Palata sədri əsəbləşdi

0
682

Bank Standard”da vətəndaşların 560 milyon manata yaxın əmanəti var. 460 milyon manat qorunmuş, 100 milyon manat qorunmamış pullardır. Bəs indi bu 100 milyon manatın axırı necə olacaq? Bu pullar axı insanların, vətəndaşlarındır”.

Vahid_Ehmedov1465308874Modern.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında deputat Vahid Əhmədov deyib.
O, “Kredit büroları haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, bir tərəfdən insanlarımızı bank sisteminə inandırmaq istəyirik: “Necə ki, vətəndaşları milli valyutamıza inandıra bilmirik. Digər tərəfdən isə banklar bağlanan kimi insanlarımız pis günə qalır. Mən iqtisadçı kimi özüm də bu proseslərdən baş açmıram. Özlərinin nə əməliyyatları varsa, 5-10 gün milli valyutanı möhkəmləndirirlər, daha sonra isə milli valyutanı buraxırlar. Axı bu insanlarla bu cür davranmaq olmaz! 30-40 məktubu elə banklardakı bu cür hallarla bağlı elə mən şəxsən özüm, Rüfət müəllim, sizə göndərmişəm”.

Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlı isə deputat Vahid Əhmədova bu cür cavab verib: “Bu, bank sirridir. Siz gərək bunu açıb deməyəsiniz”.

Vahid Əhmədovun cavab reaksiyası belə olub: “Burada bank sirri var ki? Vətəndaşın əmanəti normal şəkildə qaytarılmır. Bank rəhbərləri hamısı milyonerdir. Heç birinin bankı bağlansa belə, veclərinə deyil. Olan yenə də sadə vətəndaşlara olur. Dövlət başçısı harda səfərdə olursa deyir ki, dövlət arxanızdadır, kreditləri rahat ala bilərsiniz. Digər tərəfdən isə banklar bu cür neqativ, qanunsuz əməllərlə məşğuldurlar. Hər bankın arxasında müyyən insanlar dayanır. Amma belə də olmaz axı… “Royal Bank” bağlandı. Bu günə qədər də orada əmanətləri olan insanlar hələ də əmanətlərini almayıblar”.

rufet_aslanliNəzarət Palatasının sədri Rüfət Aslanlının fikirləri həqiqətən təəccüb doğurur. Belə görünür ki, bankların “dollar oyununa” birbaşa Palata şərait yaradır! Bununla bağlı “AzPolitika.info” bir müddət əvvəl geniş bir təhlillə çıxış etmişdi (bax: DOLLAR BÖHRANI: ÖLKƏNİ VƏ HÖKUMƏTİ NƏ GÖZLƏYİR? – Prezident, nə demişdi?…). Həmin yazıda da qeyd etmişdik ki,  bu gün manatın tədricən dəyərsizləşməsi yalnız iqtisadi səbəblərlə bağlı deyil. Şübhə yoxdur ki, burda maliyyə bazarına nəzarət edən şəxslərin, ayrı-ayrı hökumət təmsilçilərinin şəxsi maraqları da ciddi rol oynayır. Məhz onlar hər həftə dövlətin (Neft Fondunun) 100 milyon dollar vəsaitini bankların əli ilə “qara bazara” çıxararaq, rəsmi məzənnə ilə real məzənnə arasındakı fərqdən hər ay 10 milyonlarla dollar gəlir əldə edirlər! Buna görə də tədrici devalvasiyada, manatın hər gün müəyyən qədər dəyər itirməsində və ya dolları “oynatmaqda” maraqlı görünürlər.

Deputat Vahid Əhmədovun fikirləri də bunu təsdiqləyir. Bu “oyundan” bir qrup şəxs milyonlarla dollar qazanc götürsə də, milli valyutaya, ölkə iqtisadiyyatına və əhaliyə ağır zərbə vurulur. Belə ki, manata inam itir, getdikcə dəyərsizləşir. Maliyyə sabitliyi olmadığından nəinki xarici, hətta yerli investorlar belə iqtisadiyyata sərmayə yatırmaqdan imtina edir, işgüzar mühit zəifləyir. Dolların “oynaması” biznes adamlarını xaricdən gətirdikləri məhsulları da baha satmağa məcbur edir ki, bu da ümumilikdə bahalaşmaya səbəb olur. Nəticədə əhalinin vəziyyəti ağırlaşır, hökumətdən narazılıq artır.

Bu baxımdan “dollar oyunun” müəllifləri, əslində həm də hökumət əleyhinə sabotajla məşğuldurlar! Bunu tamahlarını cilovlaya bilmədikləri üçün, yoxsa qəsdən etdiklərini isə müvafiq qurumlar araşdırmalıdır.

Rasim
AzPolitika.info

BIR CAVAB BURAXIN