Fransada prezidentliyə namizədlərin erməni sərsəmləmələri

0
546

 

Avropada Ermənistanın ən böyük dayaqlarından biri olan Fransada erməni ajiotajı deyəsən sərhəd bilmir. Hər halda Fransada qarşıdan gələn prezident seçkiləri ərəfəsində buna başqa ad vermək mümkün deyil. Bu müstəvidə də prezident kürsüsü uğrunda mübarizə aparan bütün namizədlər ermənilərə dəstəyi önə çıxararaq yumşaq desək ağlasığmaz sərsəmləmələrə baş vurmaqdadırlar. Özü də bu zaman prezidentliyə namizədlər beynəlxalq hüquq normalarını belə tapdalamaqdan çəkinməyərək BMT tərəfindən tanınan dövlətlərin ərazi bütövlüyü prinsiplərinə qarşı meydan oxuyur. Fransalı prezidentliyə namizədlərin sayıqlamalarını isə onların nəinki qondarma erməni soyqırımına, həm də Azərbaycanın əzəli ərazisi olan Dağlıq Qarabağa münasibətlərində aydın şəkildə görmək mümkündür. Məsələn, Fransa prezidentliyinə namizəd, millətçi və şovinist Marin Li Pen “Nouvelles d’Armenie”-yə verdiyi müsahibəsində həyasız şəkildə Azərbaycanın daxili işlərinə müdaxilə edərək Dağlıq Qarabağ münaqişəsinin həllini bu ərazinin Ermənistana birləşdirilməsində gördüyünü iddia edir. Ermənilərin təsiri altına düşərək özünü onlardan daha çox erməni kimi aparmağa cəhd edən və tarixdən xəbəri olmayan bisavad Li Penin iddiasına görə Qarabağ Ermənistan ərazisi olub və 1921-ci ildə Stalinin göstərişi ilə Azərbaycana verilib. Amma əgər bu bisavad prezidentliyə namizəd bir az o dövrün tarixini araşdırsaydı, onda görərdi ki, ermənilər indiki Ermənistan ərazilərinə Rusiyanın Azərbaycanı işğal etməsindən, 1828-ci ildə imzalanan Türkmənçay müqaviləsindən sonra köçürülüb. Üstəlik 1918-ci ildə Azərbaycanın razılığı əsasında indiki Ermənistan adlanan ərazinin cəmisi 10 min kvadrat kilometr hissəsində Ermənistanın yaradılması baş tutub. Xanım Marin Li Pen bunu bilmək istəmir, çünki ermənilərin saxta təbliğat maşını onun beyninə bərk yeriyib. Ümumiyyətlə Li Penin istənilən çıxışı, o cümlədən Avropaya münasibətdə dediyi sözlər prezidentliyə namizədin deyil, dəlinin dediklərini xatırladır. Məsələn, Li Pen qalib gələcəyi təqdirdə Avropaya arxa çevirəcəyini, Avropa Birliyindən ölkəsini çıxaracağını söyləyir. Adama elə gəlir ki, onun çıxşlarının mətnləri Rusiya və Ermənistanda hazırlanıb. İstənilən halda buna başqa ad vermək mümkün deyil. Çünki prezidentliyə namizədin çıxışlarında 2 amil rusların, ermənilərin maraqlarının müdafiəsi özünü aydın şəkildə göstərir.

Amma Marin Li Pen ermənilərin və rusların mövqeyini dəstəkləyən yeganə prezidentliyə namizəd deyil. Onun analoji sayıqlamalarını prezidentliyə digər namizəd Fransua Fiyon da özünəməxsus şəkildə təkrar edir. Fiyon da qondarma soyqırımı və Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ermənilərdən daha çox erməni kimi çıxış edir. Əslində Marin Li Penin və Fiyonun Rusiya və Ermənistan meyilli olduğu Avropada, o cümlədən Fransada heç kimə sirr deyil. Belə güman edilir ki, Fiyon və Li Pen Rusiya tərəfindən Fransadakı erməni lobbisinin vasitəsi ilə ələ alınıb və onlara böyük həcmdə maliyyə dəstəyi göstərilir. Eyni sözləri prezidentliyə digər namizəd Emmanuel Makron haqqında da demək olar. Makron da mətbuata açıqlamalarında tarixdən xəbərsiz olduğunu nümayiş etdirir. O da Dağlıq Qarabağa və qondarma erməni soyqırımına münasibətdə Ermənistanın mövqeyindən çıxış edərək sərsəm açıqlamalar verməkdə sanki Li Pen və Fiyonla yarışa girib. Adamdan soruşarlar: sizə kim icazə verib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsini seçkiqabağı çıxışlarınızda alver hədəfinə çevirir, tarixdə olmayan qondarma soyqırımı haqqında hakim rolunda çıxış edirsiniz? Sözün düzü ermənipərəst və ruspərəst olduqlarını açıq şəkildə nümayiş etdirən bu namizədlərdən hər hansı birinin Fransanı idarə edə biləcəyini düşünəndə məni dəhşət götürür. Çünki Marin Li Pen, Fransua Fiyon və ya Emmanuel Makrondan hər hansı birinin prezident seçilməsi nəinki Fransa, həm də Avropa, Şərq və Qərb sivilizasiyaları üçün fəlakət demək olacaq.

BIR CAVAB BURAXIN