“Foros əməliyyatı”: Qorbaçov sadiq generalları necə məhv etdi

0
667


 

ORT kanalı “Əsil həqiqətdə” verilişini təqdim edəndə onun siyasət dünyasının qaranlıqlarına işıq salmaq üçün necə uğurlu layihə ola biləcəyini çoxları düşünürdü, lakin ideya müəllifləri kütlələrin zövqünü “korlamayaraq”, ənənəvi şəxsi intriqalara daha çox meydan verirdilər. Nə edəsən, bazar qanunları və reklam şərtləri qeyri-rentabelli fəaliyyəti mümkünsüz edir. İnformasiya məkanının sərt rəqabətinə dözməlisən. Dekorasiyadan tutmuş sonuncu teleeffekt detallarına qədər, hamısı pul tələb edir.

Lakin dünən proqam heyəti istisna hal kimi, Sovetlər Birliyinin sonuncu imperatoru və 20-ci əsrin ən ziddiyətli adamı Mixail Qorbaçovun “Foros əməliyyatı” ətrafında on illərdir davam edən suallara aydınlıq gətirməyə çalışırdılar.

Adətən, müasir Rusiya demokratlarının əsarətə və tiraniya rejimlərinə qarşı özlərini vəsf edən təbliğat materialları ilə müqayisədə bu dəfə mərkəzi televiziya rəsmi təbliğatın bir qədər xaricinə çıxmışdı. Gerçəkdən epoxal hadisələri o dövrün əsas qəhrəmanlarının dilindən eşitmək çox maraqlıdır və tarixi daha obyektiv anlamağa kömək edir. Çünki hələ də geriyə qayıdış arzusunda, yaxud qorxusunda olan, həmçinin, iqtisadi-siyasi transformasiyanın çətinliklərini öz dərisində hiss edən və desovetləşmə adı altında öz keçmişindən qoparılan milyonlarla insan üçün 1985-ci ildən başlayan yenidənqurma hərəkatının final nöqtəsi sirlər pərdəsinə bürünmüş şəkildə beyinləri qarşıdırmaqda davam edir.

Əvvəlcə, verilişin formatına uyğun olaraq, “yalan detektoru” qurğusuna qoşulmağa razılaşan müsahib o məşum günlərdə Baş katibin yanında olan və Birinci şəxsin təhlükəsizliyinə birbaşa cavabdehlik daşıyan Vyaçeslav Generalov oldu. Çekist məktəbinin yetirməsi kimi sərt məntiqi, qətiyyətli və inamlı mülahizələri, eyni zamanda, xidməti fəaliyyətinə uyğun məxfi informasiyalara söykənən arqumentləri onu dinləyən hər kəsdə rəğbət doğururdu. Axı uzun illər müxtəlif səviyyələrdə QKÇP haqda böyük əfsanələr dolaşıb. Kimi ona qırmızı imperiyanın ölümünə dözməyən və dünyanın üçdə birinə nəzarəti hər gün böyük ölçüdə əldən verən sadiq kommunist elitasının sonuncu xilas cəhdi kimi yanaşıb, başqa biriləri isə Krımda əyləşən və radikulit xəstəliyini bəhanə gətirərək 6 il ərzində apardığı dağıdıcılıq missiyasını başa çatdırmağa çalışan və Qərb imperalizminə təslimçilik raportu verməyə hazırlaşan Qorbaçovun özünün rəzil oyunu olduğunu deyir, onu xəyanətdə suçlandırırlar. Zatən xarici kəşfiyyat mərkəzləri məxfi qrif altından çıxardıqları səhifələrdə çox düyünlər açılıb və Reyqan-Tetçer cütlüyünün bir-birindən fərqli, lakin mahiyyətcə eyni məqsədə xidmət edən SSRİ-ni daxildən dağıtmaq planları artıq heç kəsdə şübhə doğurmur. Lakin bizim qeydlərimizin məqsədi indi o deyil.

Vyaçeslav Generalovun studiyada dediklərini bir neçə tezisdə belə ifadə etmək olardı:

– Baş katibin tam izolyasiyaya məruz qoyularaq, hakimiyyət çevrilişinə gedildiyinə dair deyilənlər tam cəfəngiyyatdır. Bütün telefonlar işləyir, gəmi və hava nəqliyyatı heç bir təhlükə siqnalı almadan ən yaxın çevrədə əmr gözləyrdilər;

– Aleksandr Yakovlev – hamının “boz kardinal” adlandırdığı fiqur Qorbaçovun bütün siyasi qərarlarına və hərəkətlərinə nufuz edirdi. DTK rəhbəri Kryuçkovun dediyi kimi, burada “xarici barmağın” rolunu görməmək mümkün deyildi. Bütün həyatı boyu Sovet quruluşuna nifrət edən və onun dağılacağını gözləyən Yakovlev Kaluginlə birgə Amerikanın Kolumbiya Universitetində təhsil alarkən, casusluq fəaliyyətinə cəlb olunmuşdu və onu himayə edən “gizli əllər” okeanın o tayında əyləşərək, Moskvaya – 3-cü Romaya yeritdikləri şəbəkə hesabına Alen Dallesin vaxtilə hazırladığı planları həyata keçirirdilər. Reyqan doktrinası ötən əsrin 80-ci illərinin çağırışlarına uyğunlaşdırılsa da, mahiyyəti dəyişməmişdi. Qərb amansız rəqabətin hökm sürdüyü son 40 ildə ilk dəfəydi belə güclü və hazırlıqlı fiqurları sovet elitası sıralarına qoşa bilmişdi. Yakovlevin agent olmasına dair sənədlərlə tanışam və onun hansı tapşırıqlar əsasında hərəkət etdiyini yaxşı bilirəm;

– Qorbaçov sistemli şəkildə Qızıl ordunun nüfuzuna zərbələr vurandan, sosialist ölkələrini və Əfqanıstanı NATO-ya təhvil verəndən sonra müttəfiq respublikalarda baş qaldıran milli-azadlıq hərəkatları vasitəsilə rəhbərlik etdiyi imperiyanı dağıdırdı. Onun guya partiya və sovet idarəçilik həyatında köklü dəyişikliklər etmək istərkən, islahatların təsadüfən gətirib dövləti uçurumun bir addımlığına çıxardığı barəsində deyilən versiyalar tam əsassızdır.

Gerçəkdən də 70 il ərzində bolşevizmin “axilles dabanı”nı axtaranların nəhayət, əsrin sonlarında ən mühüm nöqtəni tapdıqları artıq hamıya bəllidir. Sən demə, ən “zəif bənd” elə Kreml sahibinin çiyni üstündə gəzdirdiyi başı imiş. Onsuz da öz quruluşuna görə saysız lətifələrə və mistik mühakimələrə səbəb olan Qorbaçovun kəlləsi ona qədər sovet manatları üzərində əbədiləşən Leninin əzəmətli və vahimə saçan başı ilə bağlı fantaziyaları da kölgədə qoymuşdu…

Yaşının ahıl çağlarında studiyaya gələn və o vaxtlar əbləh yerinə qoyulduqları üçün dərin qəzəb keçirən İttifaq rəhbərindən hesab sormaq istəyənlərdən biri də Sovetlərin bütün mayınqayırma və kosmik sənayesinə rəhbərlik edən, Mərkəzi Komitənin katibi və Siyasi Büronun üzvü, QKÇP-çi üsyançıların sırasında məşhur mətbuat konfransına qatılan və buna görə bir il yarım həbsxana həyatı yaşayan Oleq Baklanov idi. Əslində kim belə adamlara yalnız ideoloji təəssüb amilinə və daşıdıqları partbiletin rənginə görə qiymət verirsə, onlar səhv edirlər. Çünki kommunist əqidəsinə sadiq, leninçi və marksist təlimə dərindən inanan, lakin Amerika ilə amansız yarışda nəhəng kosmik fəzanı fəth edərək dünyadakı hərbi balansı “Varşava paktı” ölkələrinin xeyrinə dəyişən, strateji miqyasda Qərbin hava məkanını vahimədə saxlayan “Buran orbital sistemi və Satana“ raketlərini yaradan, ”nüvə çamadını”nı kəşf edən belə qurucu adamlar mənsub olduqları ölkəyə yüksək ideallarla xidmət etdikləri üçün istənilən formasiyada ehtirama layiqdirlər. Xatirladaq ki, bir çoxları kimi Baklanov da Qriqori Romanovun Baş katib seçilməsini Sovetlərin müasirləşməsi, iqtisadi staqnasiyadan və neft iynəsindən xilas olması üçün yeganə düzgün yol sayırdılar. Lakin 1982-85-ci illərdə 3 Baş katibi Kremlin sütunlu salonlarından o dünyaya yola salandan sonra o vaxtkı partiya elitası bir qədər gənc namizəd axtarışına çıxmışdı və nəzərlər karyera çarxı sürətlə yuxarı fırlanan stavrapollu kəndli balasının üzərində dayananda apokalipsisin yaxında olduğunu dərk edən çox az adam vardı. Haşiyə çıxaraq xatırladaq ki, Britaniya məxfi arxivlərindən 2014-cü ildə gizli kod altından çıxarılan sənəddə deyilir ki, Londonda potensial namizədlər kimi tərcümeyi-halı nəzərdən keçirilən, həm də real olaraq sovet hakimiyyətinin birinciliyinə qadir şəxslər sırasında Heydər Əliyevin deyil, məhz Mixail Qorbaçovun üzərində dayanılmışdı.

Baklanovun söylədikləri onunla hazırda ömrünün 86-ci ilini ötürən keçmiş Baş katibin peşəkar casus obrazını və hazırda Roma Papası kimi onun dünyaya oxuduğu messiyaların həqiqi mahiyyətini anlamağa imkan verir. Gəlin faktlara bir daha diqqət yetirək: Sovetlərin üzülən boğazının sonuncu iliyi olan “Foros əməliyyatı” qətiyyən dövlət çevrilişi cəhdi sayıla bilməzdi. Çünki Baklanovun dediyi kimi, Yanayev başda olmaqla, ürəyi yanan bir qrup genaral və siyasi rəbhər şəxs 18 avqustda istirahət mərkəzinə – Foros adasına yola düşmüşdülər. Əslində tarixdə belə analoji səhnələr çox olub. Bir vaxtlar ədalətli Çardan mərhəmət uman on minlərlə rəiyyət təmsilçisini keşiş qaponlar süngü ilə qarşılamışdılar. Krımda isə Maksimin qızı Raisanın əri üzərindəki hakimiyyəti çar 2-ci Nikolayı öz ovsunlayıcı əsarətində saxlayan Valentin Rasputindən çox idi və İblisdən nicat diləyən sadəlövh svita onları gözləyən daha məkrli plandan xəbərsiz Qara dəniz sahillərinə yola düşmüşdülər. Bir vaxtlar dünyanı lərzəyə salan mərkəzi hakimiyyətin yalançı kralın arxasınca düşməsi rüsvayçılqdan başqa bir şey deyildi.

Baklanov deyir ki, Qorbaçov onları soyuq kabinetində saatlarla dinləyəndən, çıxış yolları haqqındakı təkliflərini eşidəndən sonra əsil kahin leksinonu ilə silahdaşlarını yola salıb: ”Cəhənnəm olun, gedin nə istəyirsiz, onu da edin”!

Yəni, dövlət çevrilişi adlanan məzhəkədə baş rolu özü oynayan Qorbaçov ölümə göndərdiyi yoldaşlarını adbaad özü seçmişdi.

Bütün qardaş xalqları biri-birinə qırdırandan və imperiyanın məhək daşlarını yerindən oynadandan sonra Stalindən fərqli olaraq, müharibəni Qərbə uduzan Mixail Sergeyeviç öz çevrəsinə İudanın missiyasını tapşıraraq, həmin gecə dərin yuxuya gedir. Çoxmilyonlu ölkənin bel sütununu sındıran rəhbər özünün can ağrılarını birtəhər sağaltmalıdır axı.

Baklanovun daxil olduğu xüsusi xilas komitəsi paytaxta dönərək, səhəri dirigözlü açırlar və 19 avqustda əlləri-dizləri əsən kiçik bir heyətlə Leninin qurduğu dövlətin yerə qoyulmuş cəsədinə süni nəfəs vermək məqsədi ilə kürsüyə qalxırlar. İnqilab əksinqilaba qarışır və edam kötüyü Robespyerin öz başını tələb edən kütlələrin qarşısına diyirlənir.

Hadisələrin sonrakı inkişafı hamınıza bəllidir. 4 günlük ev dustaqlığıından və “mənəvi iztirabları”ndan azad olan rəhbər paytaxta dönərək, ona xəyanət edən sonuncu sadiq kommunistlərdən canını qurtarır və yalın ayaqda səndələyən Rusiya imperiyasını alkaş Yeltsinə təhvil verərək, səhnəni tərk edir…

Baklanov ölümündən qabaq sanki özü məhkəmə quraraq, keçmiş rəhbərindən intiqamını almağa hazır idi. O yarımçıq qalmış qiyamın qisasını özü ilə o dünyaya aparmaq istəmirdi. Ona görə də tez-tez Qorbaçovu duelə çağırmadıqlarına görə proqram müəlliflərinə iradını bildirirdi.

Əlbəttə, tarixin təkərini heç kəs geri döndərə bilməz. Lakin “Qırmızı imperiya və ya xaqlar həbsxanası” adlandırılmasından asılı olmayaraq, 70 yaşlı sovet-bolşevik hakimiyyəti son dərəcə acınacaqlı şəkildə tarixə qovuşurdu. O üzdən, bir çox xalqlar minillik azadlıq arzularını çin etsələr də, millətlərin qanlı savaşına səbəb olan Qorbaçovun gerçək simasını tanımağa dərin bir ehtiyac var. Kimisə cəllad kimi Nürnberq məhkəməsinə çıxarmaq mümkün deyilsə də, xalq öz keçmişini bilməyəndə gələcəyini qura bilmir. Məgər, indiki dünya düzəni həmin ssenarilərin təkrarı deyilmi?

Keçmiş sovet elitasının sağ qalan üzvlərini Qorbaçova qarşı səmimi nifrət birləşdirir. Çünki satqınlıq və riyakarlıq məhkəmələrin bəraətini alsa da, xalq onları bağışlamır.

Tarix iki dəfə təkrar olunur, deyirlər: biri faciə, digəri komediya şəklində.

Ona görə 19 avqust 1991-ci ilin dövlət çevrilişi cəhdini ekranlara daşıyanda bir tərəfdə meydanlarda xaotik şəkildə şütüyən kütlələri və zirehli tankları nümayiş etdirirlər, o biri yanda isə Böyük Teatrda səhnəyə qoyulan “Qu gölü” baletinin həzin melodiyasını..

Millətlərin taleyi bax beləcə iki müstəvidə, lakin vahid quruluşda davam edir. Məgər, pərdənin arxasındakılar təkcə aktyorlardır?

 

BIR CAVAB BURAXIN