Formula 1 yarışlarının çempionları: Mensell, Şumaxer  

0
576

“Oxu məni” qəzeti Formula 1yarışlarının çempionları haqqında silsilə yazılarını davam etdirir:

 Naycel Ernest Ceyms Mensell- Formula 1-in İnciltərədən olan çempionu

 Formula 1yarışlarında çempion olmaq şərəfinə nail olan pilotlardan biri də Naycel Ernest Ceyms Menselldir. 1953-cü il avqust ayının 8-də anadan olan Naycel də uşaq yaşlarından Avropada demək olar futbol qədər sevilən avtoralli yarışlarının heyranı idi. Bu da balaca Naycelin idmanın  ən təhlükəli və risqli növü hesab edilən avtoralli yarışlarını seçməsinə gətirib çıxardı.Hələ çox gənc ikən  kartinq yarışlarında iştirak etməyə başlayan Naycel qısa müddətdə tanınmış avtoralli mütəxəssislərinin diqqətini özünə cəlb edə bildi. 1976-ci ildə ilk dəfə avtoralli üzrə MalloryPark yarışlarında debüt edən Naycel Mensell 9 mərhələdən 6-da birinci yeri tutdu. Növbəti ildə isə Mensell bu dəfə 27 mərhələdən 7-də qalib adını qazandı. Bununla belə yarışların birində qəza keçirən Mensellə həkimlər müalicə müddətində sükan arxasında əyləşməyi qadağan etmişdilər. Lakın o xəstəxanada  5 gün qala bildi. 6-cı gün xəstəxananı həkimlərin icazəsi olmadan tərk edən Mensell yenidən yarışlarda iştirak etməyə başladı. 1980-ci ildən Formula1 yarışlarında iştirak etməyə başlayan Mensell dələrlə qələbəyə yaxın oldu. Təsadüfi deyil ki, onun bəxtinə Formula 1 yarışlarında 3 dəfə ikinci yeri tutmaqvitse-prezident olmaq düşüb. Bununla belə Mensell nəhayət ki, 1992-ci ildə Formula 1 yarışları üzrə dünya çempionu  titulunu qazana bildi. O, beləliklə İngiltərədəCeyms Hantdan sonra Formula 1 yarışları üzrə çempion titulunu qazanmağı bacaran ikinci pilot oldu. Amma sonrakı illərdə bütün cəhdlərinə baxmayaraq Mensell bir daha çempion ola bilmədi.

 

Mixael Şumaxer-Formula 1 yarışlarının 7 qat çempionu və canlı əfsanəsi

 

Formula 1 yarışları tarixində onun qədər çempion olmağı bacaran ikinci bir pilot və ya obrazlı şəkildə desək qəhrəman dünyaya gəlməyib. Söhbət Formula 1 yarışlarında 7 dəfə dünya çempionu olmağı bacaran yeganə pilot kimi adını bu oyunların tarixinə yazdıran Mixael Şumaxerdən gedir. O bundan əlavə 5 dəfə ardıcıl olaraq Formula 1 yarışlarında qalib gəlməyi bacarıb,iki dəfə ikinci, üç dəfə üçüncü yeri tutub və bununla da sağ  ikən bu oyunların canlı əfsanəsinə çevrilib. Mətbuat tərəfindən məhəbbətlə ”Günəş oğlanı”, “ Şumi” adları ilə çağrılan Şumaxer 1969-cu il yanvar ayının 3-də Almaniyanın Şımali Reyn Vestfaliya əyalətinin Xürt-Hermulhaym şəhərində anadan olub. Onun atası yerli kartinq yürüşləri trassının idarəedicisi idi. Balaca Mixael də hələ 4 yaşı olanda kartinqin sükanı arxasında əyləşmişdi. Artıq 5 yaşı olanda o həmyaşıdları arasında təşkil edilən kartinq yarışlarında hamını özündən xeyli geridə buraxırdı. 14 yaşı olanda  Şumaxer avto pilot kimi rəsmi yarışlarda iştirak etmək üçün lisenziya aldı. 1984-1987-ci illərdə o kartinq yarışları üzrə Almaniya və Avropa çempionatlarının qalibi oldu. 1990-cı ildən Şumaxer Formula 3 yarışlarında iştirak etməyə başladı. Burada göstərdiyi yüksək nəticələrə görə, o Formula 1 yarışlarında iştirak etmək hüququ əldə etdi. 1991-ci ildə Şumaxer “Cordan” klubunun tərkibində yarışlara qatıldı. Sonra isə “Benetton” komandasının şərəfini qorumağa başladı. 1994-cü ildə Şumaxer Formula 1 yarışlarının çempionu titulunu qazandı.Özü də o ikinci yerdə gedən Deymon Hilli cəmisi 1 xal qabaqlamışdı.

1995-ci ildə keçirilən Formula 1 yarışlarında Şumaxer yenidən qələbəyə əsas namizədlərdən biri hesab edilirdi. Elə də oldu. Şumaxer ilk mərhələdən başlayaraq liderliyi ələ keçirdi və sona kimi də öz üstünlüyünü qoruyub saxlaya bildi. Nəticədə istedadlı pilot ən yaxın rəqibi Deymon Hilli özündən 33 xal geridə buraxaraq ikinci dəfə Formula 1 yarışlarının qalibi oldu. Amma sonrakı illərdə belə demək mümkünsə Şumaxer sanki gözə gəldi. O 1996,1997, 1998 və 1999-cu illərdə Formula 1 yarışlarında liderlik yürüşünü davam etdirə bilmədi. Əlbəttə bunun obyektiv və subyektiv səbəbləri vardı. İkinci dəfə yarışların qalibi olduqdan sonra Şumaxerdə bir növ özünə arxayın olmaq əmələ gəlmişdi. Bundan istifadə edən rəqibləri isə həmin illərdə təşəbbüsü ələ alaraq Şumaxerin 3-cü dəfə çempion olmasına imkan vermədilər. Amma nəhayət ki, Şumaxer özünü toplayaraq 4 illik fasilədən sonra 2000-ci ildə nəyə qadir olduğunu bir daha sübut edə bildi. 2000-ci ildə Yaponiyada keçirilən Qran-Pri yarışlarında 17 mərhələdən 9-da qalib gələn Şumaxer sona bir  tur qalmış yenidən 3-cü dəfə dünya çempionu titulunu qazandı. Artıq Şumaxerin Formula 1 yarışlarında zirvə yürüşü başlamışdı. 2001-ci ildə keçirilən Formula 1 yarışlarında Şumaxer əsl istedad, məharət nümayiş etdirdi. O, Alen Prostun rekordunu təzələyərək 4-cü dəfə dalbadal  yarışların qalibi oldu. 2002-ci ildə keçirilən Formula 1 yarışlarında da Şumaxer daha böyük uğur qazandı. O, 17 mərhələdən 11-də qalib gələrək bu oyunların tarixində yeni bir rekorda imza atmış oldu. Bununla da ardıcıl  3-cü dəfə dünya çempionu olmağı bacaran Şumaxer ümümu hesabda 5 qat qalib kimi adını yarışların tarixinə yazdırdı. Formula 1 yarışlarında Şumaxerə kimi 5 qat dünya çempionu titulunu yalnız Xuan Fanxio qazanmışdı. Amma onun qələbə yürüşləri davam etməkdə idi. 2003-cü ildə nəhayət  6-cı dəfə dünya çempionu titulunu qazanan Şumaxer Fanxionun rekordunu təzələmiş oldu. Özü də o bu dəfə 18 mərhələdən 13-də qalib gələrək vaxtından xeyli əvvəl çempionluğözü üçün təmin etmişdi. 2004-ci ildə isə Şumaxer  7-ci dəfə dünya çempionu tituluna yiyələndi və bu qələbəsi ilə yarışların tarixində ən böyük rekorda imza atdı. Amma 2005-ci ildə Şumaxer yenidən uğursuzluq zolağına düşdü. Həmin il Formula 1 yarışlarında çempion titulunu Fernando Alonso qazandı. İkinci yer fin Kimi Raykonenə, üçüncü yer isə Şumaxerə nəsib oldu. 2006-cı ildə Şumaxer yenə də çempion titulu uğrunda mübarizədə Fernando Alonsoya məğlub oldu. Bu uğursuzluq Şumaxerdə xoşagəlməz izlər buraxdı. Ona görə  də o, 2006-cı il sentyabr ayının 10-da Formula 1 yarışlarında iştirakını dayandırdığını bildirdi. Bundan sonra o bir müddət avtoralli yarışları üzrə ekspert kimi fəaliyyət göstərdi.

2013-cü il dekabr ayının 29-da  Şumaxer oğlu və dostları ilə birgə Fransanın kurort  şəhəri olan Meribel şəhərində istirahət edirdi. O burada  xizəklə sürüşərkən trasdan çıxaraq 20 metr hündürlükdə qayadan yıxılaraq başından ağır zədə aldı. Onu təcili şəkildə xəstəxanaya çatdırdılar. Ancaq Şumaxer komaya düşdüyü üçün uzun müddət  bu vəziyyətdə xəstəxanada müalicə olundu. İki dəfə onun üzərində əməliyyat  aparıldı.  Son illərdə Şumaxerin vəziyyəti barədə mətbuata çox az  şey məlumdur. Ötən ilin sonlarındakı məlumata görə, Şumaxer yaddaşını itirib, o ayağa qalxa bilmir. Şumaxerin müalicəsinə ailəsi bu günə kimi 15 milyon avro xərcləyib. Hətta müalıcə xərclərini ödəmək üçün ailəsiŞumaxerin Norveçdəki villasını və şəxsi təyyarəsini satmağa məcbur olub.

Hazırda Şumaxer ABŞ-dakı xüsusi klinikada həkim nəzarəti altında yaşayır. Onun haçansa sağala biləcəyinə ümdlər edilir.

Amma bütün hallarda Şumaxer Formula 1 yarışlarında əfsanə kimi qalacaq. Çətin ki, onun müəyyən etdiyi rekordu 7 qat dünya çempionu  titulunu kimsə təkrarlaya və ya təzələyə bilsin.

Emin Axundov

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

17 − 13 =