Formula 1  pilotlar üçün cəsarət, risq və əsl qəhrəmanlıq tələb edən yarışdır

0
676
2018-ci ilin aprel ayının 27-29-da Bakıda keçiriləcək növbəti  Formula 1 yarışlarına indidən qızğın hazırlıq gedir.  Azərbaycanın idman sevərləri üçün   Formula 1 yarışları nisbətən yeni olsa da  əslində bu maraqlı idman oyununun olduqca maraqlı tarixi var. İlk öncə qeyd edək ki, Formula 1  yarışlarının qalibləri Beynəlxalq Avtomobil Federasiyası tərəfindən (Fédération Internationale de l’Automobile — FIA) müəyyən edilir. Bir il ərzində Formula 1 üzrə  keçirilən Qran-pri yarışlarında daha çox xal toplayan ralli ustası çempion elan edilir.
Formula 1 yarışları üzrə dünya çempionatı 1950-ci ildən keçirilməyə başlasa da, əslində onun kökləri ötən əsrin 20-30-cu illərinə gedib çıxır. Həmin dövrdə avtomobil yarışları üzrə Avropada  ilk Qran-prilər keçirilirdi. Yarışlara dünyanın hər yerində  maraq  böyük idi. Bunu nəzərə alan təşkilatçılar   avtomobil yarışları üzrə dünya çempionatının keçirilməsi  barədə qərar qəbul etdilər. Bu məqsədlə yarışların reqlamenti də hazırlandı . İlk dünya çempionatının keçirilməsi isə 1941-ci ildə nəzərdə tutulmuşdu. Lakin II Dünya müharibəsinin başlaması və faşist  Almaniyasının 1940-ci ildə Fransanı işğal etməsi Formula 1 yarışları üzrə ilk dünya çempionatının keçirilməsinə imkan vermədi. Yalnız müharibə başa çatandan sonra 1946-ci ildə Beynəlxalq Avtomobil Federasiyası (FİA) Formula A yarışları (sonralar Formula 1 adalndırıldı) üzrə dünya çempionatının keçirilməsi barədə qərar qəbul etdi. Lakin dünya çempionatının keçirilməsi yenə də baş tutmadı. Buna səbəb alman pilotların  məlum səbəblər üzündən  yarışlarda iştirakına icazə verilməməsi idi. Amma II Dünya müharibəsində Almaniyanın müttəfiqi olan İtaliya pilotları yarışa buraxılmışdı.  İtaliya pilotları çempionata 1941-ci ildə dünya yarışları ərəfəsində istifadə etməyi nəzərdə tutduqları və mühərrikinin həcmi 1,5 olan yarış maşınları ilə  buraxıldılar. Nəhayət bir neçə  uğursuz cəhddən sonra dünya çempionatının 1950-ci ildə keçirilməsi qərara alındı. Dünya çempionatının keçirilməsi ərəfəsində   Formula 1  üzrə 3 Qran-pri yarışları baş tutdu. 1948-ci ildə reqlamentə əsasən Formula 2, Formula 3 yarışları, həmçinin milli avtomobil çempionatları da keçirildi. Qərara alındı ki, Formula 1 yarışları konkret olaraq dünya, Formula 2 qitə, Formula 3 isə milli çempionatlar  üzrə keçirilsin. 1950-ci ildə keçirilən ilk avtoralli yarışlarında 22 pilot iştirak etdi. Yarışların qalibi isə italiyalı Cuzeppe Farina oldu. O Alfa-romeo maşını ilə yarışda iştirak edirdi və sonralar 5 dəfə dünya çempionu olan argentinalı Xuan Manuel Fanxionu azacıq qabaqlaya bilmişdi.
Alberto Askari isə 1952-1953-cü illərdə dalbadal iki dəfə çempion titulunu qazanaraq o dövr üçün rekord müəyyən edib . Formula 1 yarışları tarixində 33 pilot qalib adını qazanıb. Amma bu sahədə rekorda imza atan idmançılar da var. Məsələn, alman pilot əfsanəvi Mixael Şumaxer 7 dəfə Qran-Piri yarışlarında qalib gəlib. Bundan əlavə Şumaxer ardıcıl olaraq qalib titulunu qazanmaq üzrə də  çempion titulu əldə edib. Şumaxer Formula 1 yarışları tarixində 2000-2004-cü illərdə dalbadal 4 dəfə çempion titulunu qazanan   yeganə idmançıdır. 2017-ci ildə Bakıda keçirilən   və hələ ki, sonuncu Formula 1 yarışlarının qalibi isə Lyus Hamiltondur.
 Onu da deyək ki, illər ötdükcə  Formula 1 yarışları təkmilləşdirilib. Bu müstəvidə də sonralar ortaya çıxan bəzi problemlərin həlli üçün Formula 1 yarışlarına müvafiq  dəyişikliklər edilib.  Belə ki, 2005-ci ildə edilən reqlament dəyişıkliklərinə əsasən əgər  iki nəfər eyni miqdarda xal toplayarsa, onda mövsüm ərzində daha çox mərhələdə qalib adını qazanan pilot çempion elan edilir.
Formula 1 yarışlarının dünyada geniş şöhrət qazanmasına səbəb isə ilk növbədə bu oyunun olduqca böyük cəsarət və risq tələb etməsi ilə əlaqədardır. Bu baxımdan  Formula 1 yarışlarının qaliblərini sözün əsl mənasında qəhrəman hesab etmək olar. Çünki,  qaliblər  və ya daha daha dəqiq desək Formula 1 yarışlarında iştirak edənlərin həyatı  yarışboyu təhlükədə olur. Ona görə də hər bir idmançı maksimum dərəcədə ehtiyatlı olmalı, eyni zamanda qalib adını qazanmaq üçün  sona kimi mübarizə aparmalıdır. Yeri gəlmişkən onu da deyək ki, Formula 1 yarışlarında ani bir diqqətsizlik sonda həyat üçün təhlükəli hadisələrə gətirib çıxarır. Bunu Formula 1 yarışlarında ölümlə nəticələnən  bir neçə hadisə də təsdiq edir. Məsələn,1994-cü ildə keçirilən yarışlar zamanı bədbəxt hadisə baş verdi. Belə ki, baş verən qəza nəticəsində  pilot Roland Patsenberqer dünyasını dəyişdi. Digər idmançı Rubens Barrikello ağır zədə aldı. Bundan sonra yarışlar zamanı  pilotun ağır xəsarət almasının qarşısını almaq üçün əlavə təhlükəsizlik tədbirləri həyata keçirildi. Yarış iştirakçıları həmçinin qəza zamanı 14 saniyə ərzində yanğına davamlı olan xüsusi kombinezon da geyinirlər. Eyni zamanda pilotların onların təhlükəsizliklərini qismən də olsa təmin edən xüsusi şlemaltı, yanmayan parçadan hazırlanan əlcək geyinmələri məcburidir. Nəhayət yanğın baş verəcəyi təqdirdə pilot 5 saniyə ərzində təhlükəsizlik kəmərini açaraq maşını tərk etməyi bacarmalıdır. Bu tələb pilotun həyatının xilas edilməsinə xidmət edir.
Qəza nəticəsində pilotların daha çox boyun nahiyəsindən həyat üçün təhlükəli olan zədə aldıqlarını nəzərə alaraq onların təhlükəsizliklərini təmin etmək üçün də əlavə  tədbirlər həyata keçirilib. Bu məqsədlə də qəza zamanı pilotların başlarının və boyunlarının təhlükəsizliyini təmin edən xüsusi vasitələrdən istifadə edilir.
Formula 1 yarışlarının tarixindən danışarkən onu da deyək ki, bu idman növü respublikamızda get-gedə populyarlaşmaqdadır. Təbii ki, bu amil öz növbəsində ilk milli ralli ustamızın yetişməsinə də öz təsirini göstərib.
Hazırda dünyada sevilən və milyonlarla insan tərəfindən izlənən Formula 1 yarışlarında artıq bir neçə milli idmançımız da iştirak etməyə başlayıb. Bu idmançılardan biri 21 yaşlı Gülhüseyn Abdullayevdir. O, hələlik Azərbaycanın ilk iki Formula  pilotundan biridir. Gülhüceyn Abdullayev kiçik yaşlarında həvəskar kartinqlə məşğul olaraq avtoidmana başlayıb.
Azərbaycanı beynəlxalq avtomobil idmanı yarışlarında təmsin edən Gülhüseyn Abdullayev ilk uğurlarına imza atmışdır. “Gulf Formula 1000” çempionatında həmyerlimiz ardı-ardına qələbələr qazanaraq gələcəyin parlaq pilotlarından biri olacağını təsdiqləmişdir.
Həmyerlimiz 22 yaşlı Cavidan Əlizadə də kartinq yarışlarında bir neçə qələbə qazandıqdan sonra təcrübəsini artırmaq üçün Malayziyaya yollanıb. Kuala-Lumpurda Asiya Avtoidman Federasiyasının başçısı Peter Tomsonla görüşən C.Əlizadə F4 Asia seriyasının testlərində iştirak etməyə dəvət olunub. O artıq ilk sınaq yarışlarında uğurla çıxış edib. Əgər maliyyə vəsaiti (175 min dollar)  tapılsa onda, Cavidan Əlizadə Formula 4 yarışlarında iştirak edə biləcək.
Bir sözlə Azərbaycanda da Formula 1 yarışlarında respublikamızı ləyaqətlə təmsil edə biləcək pilotlar yetişməkdədir və onların da bu idman növündə digər məşhur ralli ustaları kimi tarix yazacaqlarına ümidlər bəsləyirik.
Emin Axundov

BIR CAVAB BURAXIN