“Foreign Policy”: Azərbaycan Qərbə niyə bu dərəcədə lazımdır?

0
579

ABŞ-da çıxan “Foreign Policy” jurnalında “Heritage” Amerika Fondunun Duqlas və Sara Ellison adına xarici siyasət mərkəzinin direktoru Lük Koffinin və “Caspian Policy Center” analitik mərkəzinin direktoru Əfqan Niftinin “Azərbaycan Qərbə niyə bu dərəcədə lazımdır?” sərlövhəli məqaləsi dərc edilib.

Arazinfo.com-un AZƏRTAC-a istinadənməlumatına görə, məqalədə bildirilir ki, enerji ehtiyatlarını və digər malları Asiyadan Avropaya nəql etmək üçün 3 yerüstü marşrut var – İran, Rusiya və Azərbaycan marşrutu. Qərbin Rusiya və İranla münasibətləri korlandığına görə, yüz milyardlar dəyərində ticarət əməliyyatları üçün təkcə bir marşrut – Azərbaycandan keçən marşrut qalır. Müəlliflər qeyd edirlər ki, ticarət yolları Azərbaycanın Gəncə şəhəri yaxınlığındakı ensiz ərazidən keçir. Çünki Ermənistan cənub tərəfdən Azərbaycan ərazisinin beşdəbir hissəsini işğal edib.

Əgər Avropa neft və qazın yeganə tədarükçüsündən asılılığı azaldarsa, Vaşinqtona bundan yalnız fayda gələcəkdir. Koffi və Nifti qeyd edirlər ki, hazırda regionda 3 iri boru kəməri vardır ki, bunlar da Azərbaycanın Gəncə şəhəri yaxınlığından keçir: bu ölkədən Gürcüstan vasitəsilə Türkiyənin Aralıq dənizi limanına çatan Bakı-Tbilisi-Ceyhan boru kəməri, Xəzər dənizindən Qara dəniz sahilindəki limana neft nəql edən Bakı-Supsa boru kəməri və Azərbaycandan Türkiyəyə ötürülərək Avropaya qaz tədarük edən Cənub Qaz Dəhlizinin ayrılmaz hissəsi olan Cənubi Qafqaz boru kəməri.

Neft-qaz yolları ilə yanaşı, Avropanı Asiya ilə birləşdirən texnoloji dəhliz də mövcuddur. Qərbi Avropanı Xəzər regionu ilə birləşdirən optik-lifli kabellər də Gəncə yaxınlığında olan ərazidən keçir. Atlantik okeanı sahillərində Fransanın Brest şəhərini Qırğızıstan-Çin sərhədində yerləşən Erkeştamla birləşdirən, Avropanın ikinci ən uzun avtomagistralı olan E60 Gəncə şəhərindən keçir. Buraya heç də az əhəmiyyət kəsb etməyən Bakı-Tbilisi-Qars dəmir yolunu da əlavə etmək olar.

“Gəncə dəhlizi” NATO-nun Əfqanıstanda davam edən missiyası çərçivəsində ABŞ və NATO qoşunlarının təchizatında da böyük əhəmiyyət kəsb edir. Hərbi əməliyyatların gərgin dövründə məhvedici təsirə malik olmayan materialların üçdəbirindən çoxu, o cümlədən yanacaq, ərzaq malları və geyim Azərbaycanın yerüstü və hava məkanı vasitəsilə keçirilib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan müəlliflər yazir ki, döyüş əməliyyatları nəticəsində 30 min insan həlak olub, yüz minlərlə insan isə məcburi köçkünə çevrilib. Erməni silahlıları 1992-ci ildən başlayaraq Azərbaycanın Dağlıq Qarabağ regionunu və ona bitişik yeddi rayonu işğal ediblər. Qərbin Ermənistana təzyiq vasitələri nisbətən məhdudlaşıb. Müxalifət lideri Nikol Paşinyanın hakimiyyətə gəlməsinə baxmayaraq, Ermənistanın iqtisadiyyatı və təhlükəsizlik sistemi üçüncü tərəfdən asılı olaraq qalmaqdadır.

Müəlliflər qeyd edirlər ki, Şərqlə Qərb arasında mühüm ticari, energetika və iqtisadiyyat əlaqələrinin daha da möhkəmləndirilməsi üçün ABŞ və Avropa Bakı ilə münasibətlərə prioritet diqqət ayırmalıdırlar. Qərb Ermənistan ilə yaxşı münasibətlərə səylərini davam etdirməli, lakin Birləşmiş Ştatlar regionda öz strateji prioritetlərini müəyyənləşdirərkən daha diqqətli və realist olmalıdır. Məqalədə daha sonra deyilir ki, ABŞ-ın Ermənistan ilə münasibətlərindən fərqli olaraq, 1990-cı illərin əvvəllərindən başlayaraq, bir çox sahələrdə, ilk növbədə, energetika əməkdaşlığında, 2001-ci ilin 11 sentyabrından isə terrorizmlə mübarizə sahəsində ABŞ-Azərbaycan münasibətlərində irəliləyiş müşahidə olunur.

Tramp administrasiyasının milli təhlükəsizlik strategiyasında sabit müttəfiqlərlə yaxşı münasibətlərin inkişafına xüsusi əhəmiyyət verilir. Cənubi Qafqaza münasibətdə bu siyasətin zəruriliyi daha çox gözə çarpır. Məqalənin sonunda bildirilir ki, regionda gərginliyin azaldılması həyati əhəmiyyətə malik olan energetika, kommunikasiya və ticari dəhlizlərin təminatına kömək olacaq.

 

BIR CAVAB BURAXIN