Fondun keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb

0
638

image

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsinə və təsdiqinə həsr olunmuş iclası keçirilib.

Müşahidə Şurasının sədri Həsən Həsənov gündəlikdə olan məsələ barədə məlumat vermək üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib. İcraçı direktor Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilmişmüsabiqənin 2017-ci il oktyabrın 25-dən dekabrın 12-dək “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası”nda əksini tapmış 19 istiqamət üzrə keçirildiyini bildirib.

Sonra müsabiqənin ekspertlərin rəyləri əsasında hazırlanmış yekun nəticələri iclasın müzakirəsinə təqdim edilib. Müşahidə Şurasının sədri Həsən Həsənov, üzvlərdən – Camaləddin Quliyev, Ramiz Əskər, Bəhruz Quliyev, İntiqam Hümbətov, Əvəz Rüstəmov və Rasim Həsənov Fondun keçirdiyi müsabiqələrin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, yaradıcı əməyini stimullaşdırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması baxımından əhəmiyyətini qeyd ediblər.

Müzakirələrin yekununda müsabiqənin şərtlərinə uyğun olaraq 19 istiqamətin hər biri üzrə 6 yazı müəllifi qalib elan edilib, ümumilikdə 114 nəfər jurnalistin mükafatlandırılması haqqında qərar qəbul olunub.

***

Dekabrın 25-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb.

Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Müşahidə Şurasının üzvləri, habelə ölkənin 30-dan çox aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirmiş ekspertlər və qalib jurnalistlər iştirak ediblər.

Fondun icraçı direktoru Vüqar Səfərli tədbiri giriş sözü ilə açaraq media nümayəndələrini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayıb. 2017-ci ilin Azərbaycan mediasının böyük bayram sevinci yaşadığını vurğulayan icraçı direktor iyul ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə jurnalistlər üçün inşa edilmiş binada 255 jurnalistə mənzillərin verilməsini tarixi və əlamətdar hadisə kimi qiymətləndirib. V.Səfərli jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımları – iki binanın istifadəyə verilməsini və sayca üçüncü binanın təməlinin qoyulmasını dünyada analoqu olmayan sosial layihə kimi dəyərləndirib. Bu qayğıkeş münasibətə görə ölkə jurnalistləri adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürünü ifadə edən V.Səfərli dövlətimizin başçısını doğum günü münasibətilə təbrik edib, xalq və dövlət naminə yorulmaz fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb.

İcraçı direktor Fondun fəaliyyət göstərdiyi 8 il müddətində mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi və problemlərinin həlli istiqamətində çoxsaylı layihələr həyata keçirdiyini xatırladıb. O, eyni zamanda Fondun təşəbbüsü ilə bu il media rəhbərlərinin Naxçıvan MR-ə və Türkiyə Respublikasının İstanbul şəhərlərinə səfərlərinin təşkil olunduğunu qeyd edib.

İcraçı direktor bildirib ki, Fond tərəfindən il ərzində təşkil edilən fərdi jurnalist yazıları müsabiqələrinin məqsədi jurnalistlərin peşəkarlıq səviyyəsini yüksəltmək və yaradıcı əməyini stimullaşdırmaq, habelə sosial vəziyyətlərini yaxşılaşdırmaqdan ibarətdir. Çıxışını davam etdirən Vüqar Səfərli müsabiqəyə 66 kütləvi informasiya vasitəsindən 153 yazı təqdim edildiyini, yazıların 12 ekspert tərəfindən qiymətləndirildiyini qeyd edib.

İcraçı direktor Fondun Müşahidə Şurasının iclasında təsdiq edilmiş yekun nəticəyə əsasən 19 nəfər jurnalistin I, 38 nəfər jurnalistin II, 57 nəfər jurnalistin III yerə layiq görüldüyünü bildirib. Ümumilikdə, müsabiqə iştirakçılarından 114 nəfərin mükafatçı olduğunu bildirən Vüqar Səfərli I yer üçün 500 manat olmaqla 1, II yer üçün 400 manat olmaqla 2, III yer üçün 300 manat olmaqla 3 mükafatın nəzərdə tutulduğunu qeyd edib.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov çıxışında media nümayəndələrini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib. O, doğum günü münasibətilə dövlətimizin başçısına sosial şəbəkələr vasitəsilə səmimi təbriklərini çatdıran media nümayəndələrinin fəallığını və təşəbbüskarlığını yüksək dəyərləndirib. Fondun keçirdiyi müsabiqələrdə ekspert kimi iştirak etdiyini xatırladan Ə.Amaşov yazıların keyfiyyətinin ildən-ilə yüksəldiyini, vətənpərvərlik hissinin gücləndiyini diqqətə çatdırıb.

Fondun ekspertlərindən – Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov çıxış edərək keçirilmiş fərdi jurnalist yazıları müsabiqələrinin jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi və sosial vəziyyətinin yaxşılaşdırılması baxımından əhəmiyyətini vurğulayıb, qalibləri təbrik ediblər. Ekspertlər çıxışlarında yazılarda ras gəldikləri qüsurların aradan qaldırılması ilə bağlı tövsiyə və təkliflərini bildiriblər.

Sonra 19 istiqamətin hər biri üzrə müsabiqə qaliblərinin adları açıqlanıb.

Tədbirə yekun vuran Vüqar Səfərli media nümayəndələrini bir daha Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onları Fondun keçirdiyi digər müsabiqələrdə də fəal iştirak etməyə çağırıb.

BIR CAVAB BURAXIN