Fazil Məmmədovun ətrafında yeni hadisələr başlayıb

0
561

Dekabrın 5-də vergilər naziri vəzifəsindən uzaqlaşdırılan Fazil Məmmədovun ətrafında qalmaqallı proseslər davam edir. Sabiq nazirin səhhətində yaranan problemə görə vəzifəsindən çıxarıldığı  deyilsə də, onunla bağlı ciddi araşdırmaların başladıldığı barədə məlumatlar başqa mətləblərdən xəbər verir

Modern.az-a sabiq nazirlə bağlı yeni məlumatlar daxil olub. Əldə etdiyimiz bu məlumatlarda Şəmkir rayonunda inşa edilmiş “Şəmkir Aqropark” Logistika Mərkəzinin Fazil Məmmədovun korrupsiya şəbəkəsinin bir qolu olduğu bildirilir. Qeyd edilir ki, həmin kompleksin tikintisini kurasiya edənlər Fazil Məmmədovun birbaşa yaxın adamları olan Şəmkirin hazırkı icra başçısı Alimpaşa Məmmədov və Fazil Məmmədovun müşaviri işləmiş Qüdrət Seyfullayevdir.

İddialara görə, “Şəmkir Aqropark” kompleksinin inşasından tutmuş fəaliyyətinə qədər bütün dövrləri əhatə edən iri maliyyə mənimsəmələri həyata keçirilib. Bu prosesin Fazil Məmmədovun havadarılığı altında gerçəkləşdiyi söylənilir.
Kompleksdə olan soyuducu anbarların qurulmasında mənimsənilən vəsaitin milyonlarla manatla ölçülsüyü vurğulanır. O da qeyd olunur ki, soyuducu anbarları quran xarici şirkətin xidmət müqabilində veriləcək pulu hələ də ödənilməyib. Nəticədə kompleksin daxil olduğu ofşor holdinq Avropa məhkəməsinə verilib.

Məlumata görə, Qüdrət Seyfullayev “Şəmkir Aqropark”ın direktoru işlədiyi müddətdə müxtəlif adlar altında minlərlə ton meyvə və tərəvəz alınaraq qəsdən korlanıb, yararsız məhsul kimi silinib. Məqsəd ayrıllan pulların yeyintisini ört-basdır etmək olub.
“Şəmkir Aqropark” kompleksində istehsal sahəsində baş verən bəzi hadisələrin ört-basdır edilməsində, milyonlarla manat vəsaitin sovrulmasında və mənimsənilməsində kompleksin digər rəhbər şəxslərinin də adı keçir. Bu səbəbdən də Qüdrət Seyfullayevin müavinləri işləmiş şəxslərin də mənimsəmə və israf etmə maddələri ilə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi iddia olunur.

Modern.az-a verilən digər məlumata görə, hazırda Şəmkir rayonunda Fazil Məmmədova görə ciddi yoxlamalar aparılır. O da bildirilir ki, Fazil Məmmədovun kurasiyasında olmuş “Synerjy Group”, “Ata Holdinq”, “XX əsr” şirkətlərini yoxlayırlar.
Hətta sabiq nazirin Şəmkir şəhər icra nümayəndəsi işləyən yeznəsinin də artıq işdən çıxarıldığı bildirilir…

BIR CAVAB BURAXIN