Faşist Almaniyasının ABŞ-a gizli hücumu niyə baş tutmadı? (2)Əziz Mustafa

0
546

May ayının 26-da, tapşırığa getməyə 2 gün qalmış təxribatçı qrup rəhbərlərinə 50 min dollar verdilər. Qrupun digər üzvlərinə isə öz adi ehtiyaclarını ödəyə bilmələri üçün adambaşına 4400 dollar vermişdilər. Pullar belə bağlanan xüsusi kəmərlərdə gizlədilmişdi. Daş isə ona verilən 50 min dolları gizli alt cibi olan çemodana yığarkən özündən asılı olmadan onları yoxlamağa başladı. Əvvəlcə şübhələnəcək bir şey tapa bilmədi. Amma pulların digər hissəsini də çemodana yığarkən onların hələ 9 il əvəl ABŞ-da dövriyyədən çıxarılmış köhnə pullar olduğunu gördü. Dərhal bu barədə Kappeyə məlumat verildi. Kappe isə pulları yeniləri ilə əvəz etdi. Xeyli sonralar Daş demişdi: “Bu pullarla bağlı xoşagəlməz hadisəni heç cür başımdan çıxara bilmirdim. Əgər onlar pullarla bağlı ciddi bir məsələdə belə bir bağışlanmaz səhvə yol verirdilərsə, onda bizim başımız onlar üçün heç bir əhəmiyyət kəsb etmirdi”.

Bir neçə gündən sonra onları sualtı qayıqla ABŞ sahillərinə göndərdilər. Təxribatçıların ABŞ sahillərinə çıxarılması üçün dumanlı bir gün seçilmişdi və sahili mühafizə xidməti əməkdaşı ilə yuxarıda adı çəkilən insident olmasaydı plan öz qaydası9 ilə gedirdi… Sahili mühafizə xidmətindən aralanaraq izi itirməyə nail olandan sonra Daş və Burger Nyu-Yorka gəldilər. Onlar “Hoverner Klinton otel”də, Genk və Kvirin isə “Martiniki” mehmanxansında yaşamağa başladılar. Təxribat qrupu şübhə doğurmadan uğurla ABŞ-a gəldiklərindən çox məmnun idilər. Sonralar avtomobil aldılar və sahildə gizlətdikləri partladıcı maddələrlə dolu yeşikləri çıxararaq əvvəlcədən planlaşdırdıqları kimi Katskill dağında yeraltı sığınacağa apardılar. Amma onlar nəzərdə tutulan təxribatları həyata keçirməyə tələsmirdilər. Bu da səbəbsiz deyildi. Təxribat qrupunun rəhbəri Kappe şübhə doğurmamaq üçün əlinin altındakılara mümkün qədər Amerika həyatına daha çox uyğunlaşmağı məsləhət görmüşdü. Amma hər şey gözlənilmədən öz məcrasından çıxdı. Buna səbəb isə birinci qrupda baş verən hadisə oldu. Burger uzun sifət Daşla otaqda tək olarkən sonuncu ona mürəciətlə:

-Qulaq as Burger, bütün bu baş verənlər mənim heç xoşuma getmir. Mən bilmək istəyirəm, sən məsələnin bu qədər uzanmasına necə yanaşırsan? Bu xoşagəlməz vəziyyətdə çıxmaq üçün yaxşı bir ideya fikirləşmişəm,-dedi. Burger isə ona qısa cavab verdi:

-Mən, bilirəm sən nə demək istəyirsən…

– Onda çox əla oldu. Əgər dediklərimlə razı olmasan, onda mənə verilən instruksiya əsasında səni öldürməli olacağam.

– Mənə görə narahat olma, sən ideyanı həyata keçir,-deyə Burger ona məsləhət verdi.

Bu isə o demək idi ki, onların hər ikisi təxribat planını həyata keçirməkdən imtina edirlər. Şənbə günü Federal Təhqiqat Bürosunun ( FTB) Nyu-Yorkdakı federal məhkəmənin binasında yerləşən rezidensiyasına zəng etdilər. Həmin vaxt otaqda olan FTB əməkdaşı Dina F. Makuorter dəstəyi qaldırdı. Telefonun o başında ingiliscə zəif ləhcə ilə danışan naməlum adam Almaniyaya məxsus olan sualtı qayıqla gizlicə ABŞ sahillərinə çıxdıqlarını və FTB şefi Edqar Quver üçün olduqca əhəmiyətli məlumatları olduğunu söylədi.

Naməlum adam:

– Mən bir həftədən sonra Vaşinqtonda olacağam və Quverlə şəxsən görüşmək istəyirəm ,-deyərək dəstəyi asdı.

Əvvəlcə FTB əməkdaşı naməlum adamın bu sözlərini biganəliklə qarşıladı. II Dünya müharibəsi gedirdi və belə bir vəziyyətdə düşmən ölkə casusları istənilən təxribata əl ata bilərdilər. Onsuz da son aylarda onlara çoxlu sayda zənglər gəlir, nəyi isə məlumat verir, xəbərdarlıq edirdilər. Amma bu zəngləri dərindən araşdıranda onların əsassız olduğu üzə çıxırdı. Ona görə də Makuorter əvvəlcə bu zəngə ciddi əhəmiyyət vermək istəmədi. Ancaq sonra istər-istəməz vəzifə borcunu yerinə yetirməli olduğunu xatırlayaraq naməlum adamın zəngi barədə kiçik bir məlumat hazırladı. Sonra isə digər işlərlə məşğul olmağa başladı. Amma bir neçə saatdan sonra sahili mühafizə xidmətindən FTB-yə zəng edərək axşam naməlum adamların kiçik balıqçı qayığı ilə sahilə çıxdıqlarını və bundan sonra naməlum istiqamətdə gözdən itdiklərini bildirdilər. FTB-də dərhal anladılar ki, naməlum adamın zəngi ilə sahilə çıxan “balıqçılar” arasında bir əlaqə var. Dərhal xüsusi əməliyyat planı hazırlanaraq dəniz sahili ərazilər ciddi nəzarətə götürüldü. Bu müstəvidə sahili mühafizə xidmətinin gözətçi postlarının sayı 4-5 dəfə artırıldı və təcili şəkildə bu məqsədlə əlavə canlı hərbi qüvvələr cəlb edildilər.

Bu arada isə hadisə yerindən 1000 mil cənubda “U-201” sualtı qayığı ilə ABŞ sahillərinə ikinci təxribat qrupu yaxınlaşırdı. İyunun 17-də “U-201” Florida sahillərinə yaxınlaşdı. Sualtı qayıqdan kiçik rezin qayığa minən təxribat qrupunun üzvləri Kerlinq, Noybauer, Till və Haupt sahildə heç kimin olmamamsından istifadə edərək partladıcı maddələrlə dolu yeşikləri qumu qazaraq basdırdılar. Sonra da geyimlərini dəyişərək şose yoluna çıxdılar və Ceksonvilə gedən avtobusu gözləməyə başladılar. Əvvəlcədən hazırlanan plana əsasən yaşayış məntəqələrindən birində avtobusdan düşən qrup üzvləri iki yerə bölündülər. Kerlinq və Till Sinsinatti ştatına gedən qatara mindilər. Haupt və Noybauer isə Çikaqoya yola düşdülər.

Bu arada isə artıq həyatını xilas etməyi düşünən və mənasız bir işə görə risq etmək istəməyən Daş həftənin ortalarında Vaşinqtona getdi. O paytaxta çatan kimi dərhal FTB-yə zəng edərək: – Mən bir neçə gün əvvəl sizin Nyu-Yorkdakı büronuza zəng edən adamam. Hazırda Meyflauer mehmanxanasındakı 351 nömrəli otaqdayam,- deyə məlumat verdi. FTB əməkdaşları dərhal Meyflauerə getdilər. Daş FTB-nn iki nəfər ən təcrübəli əməkdaşlarından hesab edilən Dueyn Trevor və Tomas Doneqana Abverin hazırladığı plan barədə ətraflı məlumat verdi. Ertəsi gün Daşı Frenk Conston və Norvall Uillz dindirdilər. Daşın söylədiklərini sözbəsöz yazmaq üçün xüsusi stenoqrafistlər işə cəlb edilmişdi. Onları hər iki saatdan bir dəyişdirirdilər. Daşın verdiyi ifadə 254 səhifə olmuşdu. O təxribat qrupunun rəhbəri Kappe və onun təxribatçılar hazırlayan məktəbi barədə geniş məlumat vermiş, həyata keçirilməsi nəzərdə tutulan məxfi təxribat planınını ən xırda incəliklərinə qədər açıqlamışdı. O eyni zamanda təxribat həyata keçiriləcək obyektlərı, bu işdə iştirak edəcək digər qrup üzvlərinin adlarını da açıqlamışdı. Amma Daş digər hərbi sirrləri də satmışdı. O bildirmişdi ki, alman sualtı qayıqları dənizin dibinə enərək hərəkət edir və ona görə də bomba zərbələrindən, həmçinin minalardan qoruna bilirlər. Daş həmçinin ABŞ-a Almaniyaya qarşı mübarizədə istənilən yardımları etməyə hazır olduğunu bildirdi. Onun məlumatları əsasında hərəkətə keçən FTB əməkdaşları Daşdan xoş xəbər gözləyən Burgeri “Hoverner Kinton otel”də həbs etdilər. Burger bundan çaşbaş düşmüşdü. Çünki o FTB ilə könüllü əməkdaşlığa görə ən azından həbs ediməyəcəyini gözləyirdi. Bundan 1 saat sonra isə Genk və Kvirini kino-teatrdan çıxaraq otelə gələndə həbs etdilər.

İkinci qrupa rəhbərlik edən Edvard Kerlinq isə Nyu-Yyorka yola düşdü. Lakin o da mənzil başına gedib çata bilmədi. Onu, həmçinin Tilli yolda FTB əməkdaşları həbs etdilər. Haupt isə Çikaqodakı köhnə evlərinə qayıtdı və ertəsi gün FTB-yə gedərək Almaniyadan vətənə-Amerikaya qayıtdığı və yenidən adı çəkilən ölkədə yaşayacağı barədə məlumat verdi. Ancaq o təxribat planı barədə susmağa üstünlük verdi. Onu evi buraxsalar da izləyirdilər. Haupt Noybauerlə görüşəndə onların hər ikisini həbs etdilər. İyulun 2-də isə Prezident Ruzvelt həbs edilənlərə bağlı məsələni araşdırmaq üçün xüsusi komissiya yaratdı. Gizli bir şəkildə keçirilən istintaq zamanı təxribat qrupunun üzvləri hər şeyi boyunlarına aldılar. Kappe istintaqa verdiyi ifadəsində Hitler rejimini sevmədiyini, Burger Gestapo ilə problemlərinin olduğunu, xüsusi gücə, böyük dağıntıya qadir olan partladıcılar barədə ətraflı məlumat verdiyini bildirdi. Onlar məhkəmə ilə könüllü şəkildə əməkdaşlıq etdiklərini və bunların nəzərə alınmasını xahiş etdilər. Amma məhkəmə sədri, baş hərbi prokuror:

– Hər halda siz buraya xoş niyyətlə, turist səfərinə gəlməyibsiniz,-deyə ironiya ilə bildirdi. Ona görə də məhkəmənin qəbul etdiyi qərar da olduqca ağır oldu. Daşa 30 il, Burgerə isə ömürlük həbs cəzası verdilər. Təxribat qrupunun digər üzvləri isə edam edildilər. Beləliklə Almaniyanın ABŞ-a qarşı gizli təxribatlara baş vurmasının qarşısı alınmış oldu. Buna baxmayaraq Abver Amerikaya qarşı gizli savaş niyyətindən əl çəkməmişdi və oraya təxribatçı qrupları göndərməkdə davam edirdi.

BIR CAVAB BURAXIN