Faşist Almaniyasının ABŞ-a gizli hücumu niyə baş tutmadı? (1)

0
623

II Dünya müharbəsi dövründə Hitler Almaniyası nəinki Avropada, həm də onun hüdudlarından kənarda müttəfiq dövlətlərə qarşı mübarizə planı hazırlamışdı. Bu planlardan birində də okeanın o tayındakı ABŞ-a qarşı yeni cəbhənin açılması nəzərdə tutulmuşdu. Plana əsasən ABŞ-daxilində çoxsaylı diversiyalara baş vurulmalı və həyata keçirilən ardıcıl partlayışlar və terror aktları ilə ölkə iflic hala salınmalı idi. Lakin bir təsadüf nəticəsində bu planı həyata keçirmək hitlerçilərə nəsib olmadı…

1942-ci il iyun ayının 13-də ABŞ dəniz sahillərini mühafizə xidmətinin sərhədi müdafiə alayının 20 yaşlı dənizçisi Con Kallen Amanqsett Lonq-Aylend postunda adi xidməti vəzifəsini yerinə yetirirdi. Hava qatı duman idi və göz-gözü görmürdü. Ona görə də qabağı görmək üçün Con Kallen əlindəki fonarı tez-tez işə salmalı olurdu. Sərhədçi öz postundan yarım mil aralanmışdı. Qəfildən onun diqqətini kiçik qayıqla sahilə çıxmaqda olan 4 nəfər cəlb etdi. Con Kallen dərhal onlara yanaşaraq olduqca sərt şəkildə:

– Burada nə baş verir?-deyə soruşdu.

Uzun sifətli və zorla hiss edilən ləhcə ilə ingilis dilində danışan naməlum adamlardan biri ona cavabında bildirdi ki, onlar balıqçıdırlar və dumanda azıblar.

Amma naməlum adamların cavabı Kalleni razı salmadı. Üstəlk onların danışığı heç yerli camaatın danışığına bənzəmirdi. Ona görə də qətiyyətli şəkildə:

– Siz mənimlə posta getməli və orada məsələyə aydınlıq gətirməli olacaqsınız,-dedi.

Bunu eşidən uzun sifətli “balıqçı” isə hədələyici tonda ona cavab qaytardı:

– Qulaq as, cavan oğlan, sənin anan və atan varmı? Sən onları yenidən görmək istəyirsənmi? Əgər yenidən valideynlərini görmək istəyirsənsə, onda bu pulları götür və öz ehtiyacın üçün xərclə. Burada gördüklərini də yaddan çıxar, anladınmı?

Qəfil təklifdən şoka düşən sərhəd xidmətçisi özündən asılı olmadan əlinə verilən pul paçkasını bərk-bərk sıxdı. Əvvəlcə istədi ki, naməlum adamları zorla posta aparsın. Sonra fikrindən daşındı, onun 4 nəfərə gücü çatmayacaqdı. Ona görə də geri dönərək sahili mühafizə postuna qaçdı. Naməlum qonaqlar isə rezin qayığı boşaldaraq tələm-tələsik 4 su keçirməz yeşiyə partladıcıları qoydular və onu qumu qazaraq gizlətdilər. Kallendən naməlum qonaqlar barədə məlumatı alan sərhəd-mühafizə xidməti dərhal hadisə yerinə yola düşdü. Onlar geri qayıdanda artıq naməlum qonaqlar yoxa çıxımışdılar. Beləliklə, nasist diversantların ABŞ-a gizli çıxışı baş verdi…

Təxribata hazırlıq

Hitler Almaniyası kəşfiyyat idarəsinin- abverin hazırladığı plana əsasən ABŞ-da təxribatları həyata keçirmək vəzifəsini kəşfiyyat leytenantı Valter Kappeyə tapşırmışdılar. Valter Kappe qeyri-adi kəşfiyyatçı bacarığına malik idi. Kappe 12 ildən artıq idi ki, ABŞ-da nasizmin təbliğatı və orada müvafiq təşkilatların yaradılması ilə məşğul idi. O, bu işdə əsasən vaxtı ilə Amerikada yaşayan, sonra isə geriyə vətənə qayıdan almanlardan istifadə edirdi. Kappe onların Hitlerə sədaqətlə xidmət edəcəyinə əmin idi. 1941-ci ilin qışında Kappe Amerikadan qayıdan almanlar arasında casus ovuna başladı. Bu olduqca ağır və əziyyətli iş idi. O, gestaponun təqdim etdiyi siyahıya əsasən Amerikada yaşayan almanlarla tanış olur və onlar arasında əvvəlcə izahedici işlər aparırdı.1942-ci il aprel ayının 10-da Berlin yaxınlığındakı qalın meşəlikdəki xüsusi hazırlıq mərkəzində ABŞ-a göndəriləcək təxribatçılarla görüş keçirildi. Təxribat üçün seçilən insanlar müxtəlif vaxtlarda ABŞ-da işləyən, sonra isə geriyə öz ölkələrinə qayıdan almanlar idilər. Onlar ABŞ-a qarşı “nasist hücumu”nda -təxribatlarda iştirak etməli idilər. Onların arasında ən uzun sifətə malik olan Corc Con Daş da vardı. 39 yaşı olan Daş 19 il ABŞ-da yaşamışdı. O, Nyu-Yorkda əvvəlcə ofisiant işləmişdi, sonra isə aviasiya hissələrindən birində xidmət etmişdi. 1941-ci ildə isə yenidən Almaniyaya qayıtmışdı.

Verner Till isə Amerikaya 1927-ci ildə gəlmişdi, o da 14 il adı çəkilən ölkədə yaşamışdı və müxtəlif işlərdə işləmişdi. Edvard Kerlinq qatı nasistlərdən hesab edilirdi. Amerikada 11 il yaşamış, xidmətçi və sürücü işləmişdi. German Noybauer aşpaz idi. Kəşfiyyatçı-təxribatçı qrupunda ən gənci Herbert Hans Haupt idi. O, həyatının 22 ilini ABŞ-da yaşamışdı. Ernst Peter Burger nasist partiyasının üzvü idi, Amerikada maşinist işləmiş, Milli Qvardiyada xidmət etmişdi. Henrix Genk Amerikada 13 il yaşamışdı. O, instrumentlər hazırlayan fəhlə idi. Rixard Kvirin Amerikaya 1927-ci ildə gəlmişdi. Bir neçə il Amerikada mexanik işləyəndən sonra geriyə qayıtmışdı. Onu orduya cəlb etmişdilər və Kvirin ixtisaslı mütəxəssis kimi dərhal diqqəti cəlb etmişdi. Kappe adı çəkilən bu insanlarla Amerikada təxribatlar törədə biləcəyinə əmin idi. Çünki seçilən bu insanların hər biri həqiqətən də əvəzedilməz mütəxəssislər hesab edilirdilər. Kappe kəşfiyyat qrupunun üzvlərinin hamısını öncədən partadıcı maddələrdən, gizli yazışmalardan, istifadə etməyi, qranat atma, güllə atıcılığı, əlbəyaxa döyüş və diversiyaların həyata keçirilməsi üzrə xüsusi təlimlər keçdirmişdi. İnstruktorlar ən çox diqqəti şübhə doğurmadan alına biləcək və təxribatda uğurla istifadə ediləcək materiallardan, o cümlədən şəkər pudrasından və kükürd turşusundan istfadə etməklə hazırlanan yandırıcı qatışğın hazırlanmasına yönəltmişdilər. Buna paralel olaraq aspirini spirtdə həll etməklə yazılan yazı quruduqda görünmürdü. Spirtlə isladılmış pambıqla qurumuş yazını üzərini siləndə isə o, yenidən görünürdü. Partladıcı maddəni işə salmaq üçün su ilə doldurulan və kiçik deşiyi olan kanistrin için itiuclu məftil tıxac buraxılırdı. Bütün su qurtaranda təxribatçı dərhal kanistrdən uzaqlaşırdı. İtiuclu dəmir tıxac metalla toqquşan kimi qığılcım əmələ gəlirdi və bu da dərhal partladıcı maddəni hərəkətə gətirir və partlayış baş verirdi. Təlimlərin son günü kəşfiyyatçıları Berlin yaxınlığındakı gəmiqayırma zavoduna gətirərək onlara qum təpələrini göstərdilər. Mütəxəssislər bildirdilər ki, bu qumla lokomotivi asanlıqla işləməz hala gətirmək mümkün idi. Bundan əlavə kəşfiyyatçılara olduqca kiçik partlayıcının köməyi ilə mühüm dəmiryolu qovşaqlarını bir neçə günlüyə sıradan çıxarmağın üsullarını öyrətdilər. Sonra kəşfiyyatçıları Aliminium zavoduna gətirdilər. Kappe təxribatçılara yüksək gərginlikli elektrik xətlərinin sıradan çıxarılması metodlarını onlara izah etdi. Qeyd etdi ki, transfatora açılan yüngül atəş ən azı 8 saatlığa elektrik cərəyanın olmaması deməkdir. Bu müddət isə kifayətdir ki, əridilmiş maye aliminium soyuyaraq vanna və peç sistemini sıradan çıxarsın. Nəticədə zavodu işə salmaq üçün uzun müddət vaxt lazım gələcəkdi.

Bir sözlə kəşfiyyat-təxribat qrupundakıların hamısı öz işini yaxşı bilən və istənilən tapşırığı həyata keçirməyə qadir olan mütəxəssislər idilər. Ona görə də Kappe qrupun uğur qazanacağına həddindən artıq əmin idi.

Son sınaq

Aprel ayının 29-da kəşfiyyatçıların son dəfə sınaqdan çıxarılması başladı. Kursantları komandalara bölərək onları xüsusi tapşırıqla şərti fabrik, dəmiryolunun və ya neft anbarlarının sıradan çıxarılmasına yolladılar. Təyinat yerinə çatandan sonra təxribatçılar gizlicə vəziyyəti öyrənməli, partladıcı maddələri hazır vəziyyətə gətirməli və 36 saat ərzində obyekti məhv etməli idilər. Tapşırığı yalnız iki nəfər yerinə yetirə bilmədi və onları dərhal qrupdan xaric etdilər. Amerikaya göndərilən təcribatçı qrupun üzvlərinə yüksək maaş və tapşırığı uğurla yerinə yetirəcəkləri halda xüsusi mükafat və yeni hərbi rütbələr vəd etmişdilər. Onları 2 qrupa bölmüşdülər. Daşın rəhbərlik etdiyi birinci qrupa Burger, Genk və Kvirin daxil idilər. Onlara Tennessi ştatındakı Alkoa, İllinoys şatatındakı İst-Sent-Luis Nyu-York şəhərindəki aluminium zavodlarını, Filadelfiyadakı strateji təyinatlı müəssisələri, həmçinin Pittsburq və Luisvil arasındakı Oqayo çayındakı şlüzləri partlatmaq tapşırılmışdı. Kerlinqin rəhbərliyi altındakı ikinci qrupa isə Noyabuer, Til və Haupt daxil idilər. Bu qrupa isə dəmiryollarını, Nyu-York və İst River çayı üzərindəki Hell Qeyt körpülərini partlatmaq və Nyu-Yorkun su təchizatı sistemini sıradan çıxarmaq tapşırılmışdı. Bundan əlavə bu qrupların hər biri ictimai yerlərdə bomba partladaraq ABŞ əhalisi arasında qorxu və təşviş toxumları səpməli idilər.

Kappe hər bir kəşfiyyatçıya tapşırmışdı ki, tapşırığı yerinə yetirmək istəməyən və ya bu işə tərəddüdlə yanaşan yoldaşını yerindəcə öldürsün. Amma Kappe Amerika reallıqlarını nəzərə almamışdı və bu da gələcəkdə ona və təxribatçı qrupa baha başa gələcəkdi.

Əziz Mustafa

BIR CAVAB BURAXIN