Fətullah Vaşinqtonla birləşib Ermənistanla sərhədləri açır…

0
612

Fərhad Məmmədov

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra Fətullah Gülən tərəfdarlarının, yaxud FETÖ-nün əvvəllər törətdiyi başqa əməllərin də üstü açılır. Hərçənd ki, FETÖ-çulara indiki divantutma kampaniyası çərçivəsində bu təhlükəli təriqətin üzərinə yüklənən ittihamların hansının doğru, hansının yalan olduğunu ayrıd etmək də çox çətindir. Bununla belə artıq sübut olunmuş həqiqətdir ki, məsələn, Türkiyə Silahlı Qüvvələrinin 200-dən çox generalını, admiralını, digər yüksək rütbəli zabitləri, Atatürkçü ziyalıları, jurnalistləri uydurma “Ergenekon”, “Balyoz” kimi ittihamlarla ömürlük həbsə məhkum etdirən məhz Fətullah Gülənin dövlətə yerləşmiş caynaqları idi.

Eləcə də etiraf və təsdiq edilir ki, fətullahçı şəbəkə Türkiyə dövlətini ələ keçirmək planlarında məhz AKP hakimiyyəti dövründə çox irəli gedib. Prezident Ərdoğan bu günlərdə nəhayət təriqətə dəstəyə görə səhvini etiraf etdi və “rəbbindən, türk xalqından” bu səhvə görə üzr istədi. Bildirdi ki, təriqətə dəstək verəndə onun məkrli üzünü, təhlükəli tərəfini görə bilməmişdi…

Fətullah Gülən təriqətinin yaxın keçmişdəki daha bir əməli də var ki, bunu Azərbaycan oxucusuna ayrıca xatırlatmağa ehtiyac var.  Söhbət Türkiyənin Azərbaycanın maraqlarını, Qarabağ məsələsini bir kənara qoyaraq Ermənistanla barışığa, sərhədlərin açılmasına yönəlmiş cəhdindən, 2009-cu ilin oktyabrında Sürixdə protokolların imzalanması ilə nəticələnən məlum prosesdən gedir.

Həmin proses 2008-cu ildə gizlicə başlamışdı və təvazökarlıqdan uzaq da olsa qeyd etməliyəm ki, bu sətirlərin müəllifi olaraq Azərbaycan mediasında ilk dəfə Türkiyə hökumətinin məxfi şəkildə Ermənistanla barışıq prosesini başlatdığına dair xəbəri o vaxt  işlədiyim “Yeni Müsavat” qəzetində mən yazmışdım. Və Azərbaycan ictimaiyyətini və dövlətini bu prosesin nə dərəcədə təhlükəli olduğu, Türkiyə hökumətinin Bakıdan gizli olaraq ermənilərlə anlaşmağa meylləndiyi haqda xəbərdar etmişdim. Həmin vaxt ingilisdilli mediada yer alan qısa xəbərdə deyilirdi ki, Türkiyə xarici işlər nazirinin müavini Feridun Sinirlioğlu İsveçrədə Ermənistan XİN-in təmsilçisi ilə bu ölkə ilə sərhədlərin açılmasını da nəzərdə tutan əhatəli barışıq prosesinə dair məsləhətləşmələr aparır.

Bu xəbər olduqca gözlənilməz idi. Axı 90-cı illərin əvvəllərində Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına cavab olaraq Türkiyə bu ölkə ilə sərhədlərini bağlamışdı. Və hər fürsətdə elan edirdi ki, Qarabağ münaqişəsi nizamlanmayana, Azərbaycan əraziləri işğaldan azad olunmayana qədər sərhədlər açılmayacaq. O zaman nə baş verirdi? Qardaş Türkiyə cümhuriyyəti nədən Ermənistanla məsləhətləşmələr barədə Bakını xəbərdar etməmişdi və doğrudanmı işğal probleminin aradan qalxmasını gözləmədən sərhədləri açıb Azərbaycanın mövqelərinə sarsıdıcı zərbə vurmağ hazırlaşırdı?

Feridun Sinirlioğlu

Xəbər geniş rezonansa səbəb oldu və Bakıdan rəsmilər Türkiyə tərəfindən izahat, açıqlama, təkzib gözləməyə başladılar. Nəhayət Türkiyə hökuməti etiraf etdi ki, Ermənistanla əhatəli barışıq prosesinə dair məsləhətləşmələr aparılır, lakin Ankara bu məsələdə hökmən Azərbaycanın maraqlarını nəzərə alacaq. Yəni Qarabağ məsələsi həllini tapmadan Ermənistanla sərhədlərin açılmasından söhbət getməyəcək. Buna baxmayaraq həmin vaxtdan etibarən Azərbaycanla Türkiyə arasındakı münasibətlərdə gərginlik mərhələsi başladı. Etiraf etmək lazımdır ki, bu, iki ölkə münasibətləri tarixində ən gərgin dövr idi.

Bəs Türkiyəni Ermənistanla barışıq prosesini başlatmağa hansı amillər məcbur etmişdi? Doğrudanmı bu, həmin vaxt baş nazir Ərdoğanın müşaviri olan professor Əhməd Davudoğlunun sonradan iflasa uğrayan “qonşularla sıfır problem” strategiyasından irəli gəlirdi?

Təhlillər göstərirdi ki, Azərbaycana xəbər verilmədən başladılan bu prosesin arxasında əslində ABŞ və onun təzəcə formalaşmış Barak Obama administrasiyası dayanır. Obamanın dövlət katibi olmuş Hillari Klinton sonralar özü də etiraf etdi ki, Türkiyə-Ermənistan barışıq prosesi ABŞ administrasiyasının bölgə üzrə siyasətinin başlıca prioritetini təşkil edirdi və şəxsən özü bu məsələyə görə həddindən artıq çox vaxt sərf etməli olmuşdu.

Məqsəd Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması və Avropa İttifaqı ilə inteqrasiyası yolu ilə onu Rusiyanın forpostu olmaqdan çıxarmaq, beləliklə də Cənubi Qafqaz, eləcə də daha geniş Avrasiya regionunda möhkəmlənmək idi. Və ABŞ-ın bu planında Azərbaycanın maraqları kənara qoyulmuşdu, yaxud sadəlövhcəsinə hesab edilirdi ki, Ermənistan Türkiyə ilə sərhədlərini açıb iqtisadi baxımdan inkişaf etməyə başlasa Qarabağ məsələsinin də həllində irəliləyişlər əldə olunacaq.

Bəs ABŞ-ın bu planının həyata keçirilməsində Türkiyədən kimlər iştirak edirdi? Prosesin başladığına dair xəbərlərin yayılmasından sonra bu məsələ Türkiyə mediasında da əsas gündəm mövzusuna çevrilmişdi. Və Türkiyə mediasının müntəzəm monitorinqini aparan jurnalist kimi qeyd edə bilərəm ki, prosesə dəstək verməkdə Fətullah Gülən təriqətinə bağlı çoxsaylı KİV-lər xüsusi canfəşanlıq edirdi. Və indi üzə çıxır ki, Ermənistanla barışıq prosesinə dair danışıqları aparan diplomat Feridun Sinirlioğlu da “camaatın” kadrı idi.

Əslində Ermənistanla sərhədlərin açılması planına Gülən camaatının dəstəyi təkcə mediada aparılan təbliğatdan ibarət deyildi. Bu, həmin vaxtlar idi ki, təriqət Türkiyə dövlətinin bütün strukturlarında, o cümlədən XİN-də möhkəmlənmişdi, Ankaranın xarici siyasətini yönləndirəcək gücə malik idi.Və indi Ərdoğanın dediyi kimi “Pensilvaniyada oturan şarlatan” Vaşinqtonun çox kritik geosiyasi həmləsinə dəstək verərək faktiki olaraq idarə etdiyi Türkiyə dövlətini Azərbaycandan gizli olaraq Ermənistanla barışıq prosesinə başlamağa yönləndirə bilmişdi.

Sonradan proses prezident Abdullah Gülün (Gül əslində nəqşibəndilər təriqətinə bağlıdır, lakin hesab olunur ki, o, Ərdoğana nisbətən Gülən camaatına daha yaxın məsafədə idi-müəl.) Ermənistanla futbol diplomatiyası ilə davam etdi, ilk dəfə Türkiyə prezidenti İrəvanda səfərdə oldu. Və bütün bu mərhələ ərzində Azərbaycan tərəfinin narahatlıqlarına cavab olaraq Ankaradan bəyan edirdilər ki, Ermənistanla danışıqlarda Qarabağ məsələsi başlıca şərtdir. Hərçənd ki, Ermənistan rəsmiləri danışıqlarda belə şərtin olduğunu hər dəfə inkar edirdi. Beləliklə, Azərbaycan Türkiyə rəsmilərinin vədlərinə nə dərəcədə arxayın ola bilərdi?

Sonrakı proseslər göstərdi ki, Bakının şübhələri əsassız deyil. İsveçrə danışıqları sona yaxınlaşanda və tərəflər barışıq prosesinə dair birgə protokolun mətnini razılaşdırmağa başlayanda üzə çıxdı ki, sənəddəQarabağa , Azərbaycan ərazilərinin işğaldan azad olunmasına dair hər hansı şərt yer almır.

Protokolun paraflanma mərhələsində Azərbaycan rəhbərliyi onun məğzi barədə məlumatları əldə edə biildi, ancaq Ankaradan yox, nə qədər təəcüblü və ilk baxışdan qəribə də görünsə Rusiyadan.

Sürix protokollarının imzalanması ərəfəsində bu sətirlərin müəllifi mötəbər qaynaqdan məlumat əldə etdi ki, Azərbaycan rəhbərliyi həmin sənədin surətini əldə edib. Və çox qəzəblənib və Türkiyə nümayəndələrinə indiyə qədər Bakının faktiki olaraq aldadılmasına görə kəskin reaksiya göstərilib.Sənədi sızdıran isə Rusiya Xarici Kəşfiyyat Xidməti-SVR idi. O zaman Rusiya nədən strateji müttəfiqi və ya forpostu olan Ermənistanın Türkiyə ilə gizli razılaşmasını Azərbaycan tərəfinə ötürməli idi? Axı bu, ilk baxışdan başadüşülməzdir…

Lakin əslində məsələ olduqca sadə idi: Rusiya Sürix prosesinin kimin planı olduğunu çoxdan bilirdi və Ermənistanın ABŞ tərəfindən onun orbitindən qoparılmasına yönəlmiş bu planı əngəlləmək üçün çalışırdı. Və qeyd etmək lazımdır ki, bütün proses boyu Rusiya bir dəfə də olsun Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasını dəstəkləyən bəyanat verməmişdi.

Beləliklə, “Yeni Müsavat” qəzetində həmin xəbərin yayılması fırtına effekti yaratdı, heç kim, nə Rusiyada, nə Azərbaycanda bu xəbəri təkzib etmədi. Türkiyə mediası xəbər ətrafında böyük fırtına qopararaq Rusiyanın Ermənistanla barışıq prosesində maraqlı olmadığını həftələrlə müzakirə etdi. Sonradan prezident İlham Əliyev çıxışlarından birində eyhamla bildirmişdi ki, Sürix protokollarında nəyin olub-olmadığını Azərbaycan başqa mənbələrdən öyrənmişdi və həmin məlumata əsasən öz addımlarını müəyyənləşdirmişdi.

Nəhayət proses yekunlaşırdı və 2010-cu ilin sentyabrında ABŞ prezidenti Barak Obamanın qlobal humanitar forum üçün İstanbula səfəri zamanı Ermənistan-Türkiyə protokolları paraflanmalı, yəni imzalanmaya hazır duruma gətirilməliydi. Və bu sammitə şəxsən Obama tərəfindən Azərbaycan prezidenti də dəvət olunmuşdu. Məqsəd Türkiyənin Ermənistanla sərhədlərinin açılmasına Azərbaycanı da razı salmaq, ona təzyiq göstərmək idi. Ancaq İlham Əliyev Obamanın dəvətini rədd edib İstanbula getmədi, Təhlükəsizlik Şurasını toplayaraq Azərbaycanın regionda yaranmış yeni situasiyaya uyğun olaraq öz siyasətini müəyyən edəcəyinə, Bakının maraqları nəzərə alınmayan heç bir regional təşəbbüsün uğur qazanmayacağına dair sərt bəhyanatlar verdi.

Sürix prosesinin məhz Azərbaycan prezidentinin qətiyyətli siyasəti və çevik diplomatik gedişləri, habelə Türkiyə və Azərbaycan cəmiyyətinin, milliyətçi kəsimin, medianın güclü etirazları nəticəsində iflasa uğradığı artıq bəllidir. Sürix protokolları imzalansa da ratifikasiya olunmadı və gərəkəsiz kağız parçası kimi bir kənara atıldı. O vaxtkı baş nazir Ərdoğan Bakıya səfər edərək parlamentdə qəti  bəyan etdi ki, Türkiyə Qarabağ məsələsi nizamlanmadan Ermənistanla sərhədləri açmayacaq. Bu bəyanat iki qardaş ölkə arasında münasibətləri yenidən öz məcrasına qaytardı.

Bütün bunlarla yanaşı həmin dövrdə şəxsən qarşılaşdığım epizodu da xatırlatmağa dəyər. 2009-cu ilin payızında, Sürix protokollarının paraflanması ərəfəsində Türkiyədə Gülənə bağlı qəzetlərdən biri Bakıdakı səfir Hulusi Kılıçı hədəf almışdı. Yazmışdı ki, səfir mandatından kənara çıxaraq Azərbaycan ictimaiyyətinə Ermənistanla sərhədlərin açılmasının yolverilməzliyi məsələsində dəstək verir, yəni Türkiyə XİN-in təlimatlarını deyil, sanki Azərbaycan hökumətinin təlimatlarını yerinə yetirir.

Fətullahçı qəzetin səfirlə bağlı bu yazısını Ermənistanla barışıq prosesinin arxasında hansı qüvvələrin dayandığının növbəti sübutu kimi oxuculara çatdırdım. Hulusi Kılıcın məhz bu prosesin əleyhinə olduğu üçün fətullahçı şəbəkə tərəfindən hədəfə alındığını göstərdim. Bəs sonra nə baş verdi?

Fətullahçı qəzetin həmin xəbəri əsasında hazırladığım məqalə Türkiyənin Bakıdakı səfirliyində ciddi narahatlıq doğurdu. Axı səfirə dəstək ifadə olunan məqalə niyə belə narahatlıq doğurmalıydı?

Ardınca səfir Hulusi Kılıc özü “Yeni Müsavat”ın redaksiyasına gəldi. Baş redaktor Rauf Arifoğlu və bu sətirlərin müəllifi ilə görüşündə məqalədən duyduğu narahatlığı, bu məqalənin onun karyerasına zərbə vura biləcəyini ifadə etdi. Narahatlığın səbəbini açıqlamasa da diplomatın nə demək istədiyi mənə aydın idi. Səfir  Gülən təriqətinin onun fəaliyyətindən narazı olmasının bu cür xüsusi vurğulanmasını narahatlıqla qarşılamışdı. Narahat idi ki, Azərbaycan mətbuatında onun təriqətdən bu cür müdafiə olunması karyerasını bitirə, cəzalandırılmasına səbəb ola bilər. Axı necə də narahat olmayasan-Fətullah Gülən Türkiyədə az qala dövlətdir və ona qarşı olanlara divan tutdurur…

Hulusi Kılıc

Diplomatla polemikaya girib bildirdim ki, həmin qəzetin məqaləsi Türkiyənin Azərbaycanla münasibətlərinə, regiondakı maraqlarına zərbə vuran Sürix prosesinin arxasında kimlərin dayandığını bir daha təsdiq edir. Və açıq bildirdim ki, Türkiyədə bu prosesi fətullahçı media xüsusi təbliğ edir və təriqət Ankaranın xarici siyasətinə yön verəcək qədər güclənib. Bu da Türkiyə dövləti üçün yaxşı heç nə vəd etmir. Səfir isə təbii ki, bu deyilənlərlə bağlı şərh verməməyi üstün tutdu. Ancaq onu bildirdi ki, Azərbaycanı özünə qardaş bilir və bu yöndə çalışır. Və xahiş etdi ki, ona problem yarada biləcək bu cür məqalələr yazmayaq…

Əslində o vaxtlar Azərbaycanda da Fətullah Güləni tənqid etmək çətin idi, “yuxarılardan” redaksiyalara göndərilən təlimata əsasən “hocaəfəndidən” neqativ kontekstdə yazmaq arzuolunan deyildi. Bunu da başa düşmək olardı. Axı Fətullah Türkiyədə faktiki olaraq hakimiyyət idi və təriqətə qarşı çıxanlar dərhal düşmən elan olunurdu. Azərbaycan da Türkiyə ilə dostluq-müttəfiqlik münasibətləri naminə bu amili nəzərə almağa məcbur idi. Buna baxmayaraq ara-sıra təriqətin Türkiyə dövlətində möhkəmlənməsinin doğurduğu təhlükələrdən yaza bilirdik…

Virtualaz.org

BIR CAVAB BURAXIN