“Amazon” şirkətinin sahibi Ceff Bezosun sərvəti 150 milyard dolları keçdi. Bu günə qədər heç kəsin sahib ola bilmədiyi qədər pulu var, amma axşamlar evdə qab yuyur.
Ötən gün internetdə onlayn alış-veriş nəhəngi olan “Amazon”un səhmlərinin dəyərində artım olub. Ceff Bezos bir neçə saat içərisində 1.2 milyard dollar pul qazanıb. Son iki il ərzində sərvətini ikiyə qatlayan milyarder dünyanın ən zəngin insanıdır.
1995-ci ildə qurduğu “Amazon” şirkəti açılış günü sadəcə, 6 sifariş almışdı. Hazırda gün ərzində edilən sifarişlərin sayı 2 milyondur. Sərvəti nə qədər çox olursa-olsun Ceff Bezosun günlük yaşam qaydaları dəyişmir.
Musavat.com milyarderin günlük həyatı haqqında bəzi maraqlı faktları təqdim edir.
Ceff Bezos səhər nə vaxt istəsə, o zaman qalxır. Heç vaxt yuxusan oyanmaq üçün saat qurmur. Çalışqan biri olduğu bilinən milyarder öz ailəsi ilə vaxt keçirməyə də çox önəm verir.
Səhərlər yuxudan oyanan zaman yeməyini mütləq roman yazarı olan həyat yoldaşı MacKenzie Bezos ilə yeyir. Günortaya qədər övladları ilə vaxt keçirir. Bezosun səhər yeməyi anlayışı biraz fərqlidir.
Milyarderin səhər yeməyi bunlardır: Kartoflu osminoq, sarımsaqlı yoqurt, basdırma və yumurta…
Milyarderin sərt bir müdir olduğu da vurğulanır. Hətta bəzi məlumatlara görə, o, işçilərə qarşı çox sərt olduğu zaman özünün sakitləşdirilməsi üçün yanında məsləhətçi də gəzdirir.
Günün sonunda evə gələn milyarder mətbəxdə qabları yuyur. O, bunu bir qayda olaraq, hər gün axşam edir. Milyarder Ceff Bezos kosmos haqqında da maraqlanır. O, kosmik araşdırmalara milyonlar xərcləyir.
Bu qədər sərvətinin olmasına baxmayaraq, C.Bezos 1996-cı il modelli “Honda” markalı avtomobilindən imtina etmir.(musavat.com)