Ermənistanı Azərbaycanla müharibəyə Rusiya şirnikləndirir

0
608

Son dövrlərdə cəbhə bölgəsində gərginliyin yenidən artması Azərbaycanla Ermənistan arasında yeni müharibə təhlükəsini əmələ gətirib. Faktiki olaraq istər siyasi müşahidəçilərin, istərsə də hərbi ekspertlərin əksəriyyəti yaxın vaxtlarda Azərbaycanla Ermənistan arasında yeni müharibənin başlyaya biləcəyi təhlükəsinin kifayət qədər böyük olduğunu vurğulayırlar. Təsadüfi deyil ki, Qarabağ münaqişəsində iştirak edən hərbi ekspert, Üçüncü ordu korpusunun sabiq komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov Azərbaycanla Ermənistan arasında yeni müharibə təhlükəsinin artıq qapı ağzında olduğunu vurğulayıb. O, ötən gün Teleqraf. com saytına verdiyi müsahibəsində deyib ki, bölgədə müharibə hər an yenidən başlaya bilər: “Hərbi əməliyyatlar hər an başlaya bilər. Burada təəccüblü bir şey yoxdur. Çünki qeyd etdiyiniz kimi təmas xəttində və iki ölkə sərhədində vəziyyətin tarixçəsinə baxsaq, görərik ki, belə vəziyyətlər mütəmadi olaraq yaranır. Yəni Ermənistan tərəfindən bu və ya digər istiqamətdən gərginliyə səbəb olan addımlar atılır. Ermənistanda hakimiyyətdə kimin olmasından asılı olmayaraq daxili proseslər gərgin olduğu zaman həmin gərgin vəziyyətdən, problemlərdən diqqəti yayındırmaq üçün cəbhə bölgəsində, yaxud Ermənistan-Azərbaycan sərhədində müəyyən gərginlik yaratmağa, təxribat törətməyə çalışırlar. İndi də daxili problemlərdən diqqəti yayındırmaq istəyirlər”.
Polkovnikin sözlərinə görə, Azərbaycan belə bir mühribəyə hazırdır və kimlərinsə Ermənistanı Azərbaycanla savaşa şirnikləndirməsindən, onlara dəstək verməsindən asılı olmayaraq ölkəmiz öz ərazilərini azad etməyə qadirdir.
Müharibənin artıq qaçılmaz olduğunu və bölgədə yeni müharibənin başladılmasında 3-cü qüvvənin maraqlı olduğunu politoloq Tofiq Abbasov da xüsusi qeyd edib. O deyib ki, biz qaçılmaz müharibəyə çoxdan hazırıq. Düşmən tərəf isə hələ cəbhədə postlara qoymağa əsgər axtarır: “Cənab Prezidentin özü də çıxışında bildirdi ki, Ermənistan ciddi müharibəyə hazırlaşır. Təbii ki, Ermənistan tək deyil, onları buna sövq edən, ruhlandıran 3-cü qüvvə var. Lakin Ermənistan hələ anlamır ki, regionda qüvvələr nisbəti çox dəyişib. Digər tərəfdən, regionda dominant qüvvə Azərbaycandır. Ermənistan tərəfi nə qədər PKK, ASALA və ya başqa muzdluları münaqişəyə cəlb etsə də, bu, qüvvələr nisbətini tarazlaşdırmaq üçün kifayət deyil.Düşünürəm, hazırda müharibə ehtimalı çox yüksəkdir, amma müharibə olmayacaq. Çünki Qafqazda alovlanacaq kiçik qığılcım böyük alova çevrilə bilər”.
Hərbi ekspert polkovnik Şair Ramaldanov və politoloq Tofiq Abbasov bölgədə yeni müharibənin başladılmasında maraqlı olan 3-cü qüvvənin kim olduğunu deməsələr də, bunun Rusiya olduğu heç kimə sirr deyil. Rusiyanın bölgədə yeni müharibədə maraqlı olmasına səbəb isə Azərbaycala Türkiyə arasında hərbi əməkdaşlığın ən yüksək səviyyədə inkişaf etdirilməsidir. Türkiyənin Liviyada və Suriyada Rusiya üçün təhlükəli rəqibə çevrilməsi və indi də Azərbaycanda fəallaşması Moskvanı təşvişə salıb. Xüsusi ilə Azərbaycanla Türkiyə arasında keçirilən yüksək səviyyəli hərbi təlimlər Moskvanı vəziyyətdən çıxış yolu axtarmağa məcbur edib. Azərbaycanı Türkiyədən təcrid etmək və Bakıya növbəti dəfə “dərs” vermək üçün Rusiya bu dəfə də Errmənistan kartından ölkəmizə təzyiq vasitəsi kimi iştifadə etməyə cəhd edir. Bunu Rusiyanın Azərbaycan-Türkiyə hərbi təlimlərindən sonra Ermənistana təcili şəkildə 400 ton hərbi sursat göndərməsi də sübut etməkdədir. Nəhayət Azərbaycan-Ermənistan müharibəsinin yenidən başlaması Rusiyaya Türkiyənin diqqətinin Suriya və Liviyadan yayındırılması və fürsətdən istifadə edərək hər iki ölkədə hegemonluğunun tam şəkildə bərpa etmək üçün lazımdır. Bu, günümüzün acı bir həqiqətidir.
Əslində Rusiyanın Qafqazı yenidən işğal etmək barədə Xarici İşlər naziri Sergey Lavrovun təşəbbüsü ilə hazırlanan və prezident Vladimir Putin tərəfindən dəstəklənən plana malik olduğu iddiası illər öncə gündəmə gəlmişdi. Lakin Rusiyanın başı Ukraynaya qarışdığından bu planın sonraya saxlanıldığı ehtimal edilir . İddiaya görə planda Rusiya ilə Ermənistan arasında birbaşa koridor açılması nəzərdə tutulub. Bunu həyata keçirmək üçün Rusiyanın daha əlverişli məqam gözlədiyi istisna edilmir. Bununla belə hadisələrin gedişi göstərir ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının genişləndirilməsi Rusiyanı ölkəmizə qarşı yendən erməni kartını işə salması ilə müşayiət olunmaqdadır. Uzun illər siyasətdən yazan jurnalist kimi Ermənistanın Azərbaycana qarşı son təxribatlarının da arxasında Rusiyanın dayandığına şübhə etmirəm. Hər halda mənə elə gəlir ki, bölgədə yenidən müharibə başlayacağı təqdirdə biz erməni ordusu adı altında bu dəfə də ruslarla döyüşməli olacağıq. Belə hesab edirəm ki, bu gün bölgədə hər an başlaya biləcək yeni müharibə təhlükəsinin arxasında Rusiyanın dayana biləcəyi barədə artıq susmağa dəyməz və bu həqiqətin beynəlxalq ictimaiyyətə çatdırılması ölkəmizin cuverenliyinin və müstəqilliyinin qorunub saxlanılması baxımından olduqca vacib və önəmlidir.
Əziz Mustafa

Arazinfo.com

BIR CAVAB BURAXIN