Ermənilərin soyqırım siyasəti ifşa edilir

0
569

 

Son illərdə prezident İlham Əliyev tərəfindən ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımlarının beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması yönündə həyata keçirdiyi tədbirlər və ölkəmzdəki tolerantlıq, multikulturalizm siyasətinin dünya üçün modelə çevrilməsi erməniləri daim narahat etməkdədir. Bu müstəvidə də ermənilər tərəfindən ölkəmizdə yaşayan talışların, ləzgilərin və digər etnik xalqların guya hüquqlarının pozulması barədə qaldırılan ajiotaj davam edir. Buna misal kimi ötən gün Ermənistanın müvafiq qurumları tərəfindən “Talış ağsaqalları şurası”nın adından yayılan “bəyanat”ı göstərmək olar. “Bəyanat”da da ermənilər tərəfindən mövcud olmayan bir quruma istinad edilərək ölkəmizdəki etnik azlıqlar arasında qarşıdurma salma cəhdləri aydın hiss olunur. Özü də bu həqiqətdən uzaq, mövcud olmayan “Talış ağsaqqalları şurası” adından yayılan prmitiv “bəyanat” Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən aprelin 22-dən 27-dək Lənkəranda keçirilməsi nəzərdə tutulan “XX əsrdə türk-müsəlman xalqlarının soyqırımı” mövzusunda dördüncü beynəlxalq konfrans ərəfəsinə təsadüf edib. Ermənilərin məsələ ilə bağlı təşvişə düşməsi isə əsassız deyil. Belə ki, erməni cəlladları 1918-ci ilin mart ayında Azərbaycanın hər yerində olduğu kimi Lənkəran və ona bitişik ərazşilərdə də etnik mənsubiyyətindən asılı olmayaraq bütün müsəlmanlara qarşı soyqırımları həyata keçiriblər. Ermənilərin mövcud omayan “Talış ağsaqqaları şurası” adından verdiyi və heç bir əsaslara söykənməyən “bəyanat”ı ilə bağlı “Yeniavaz.com”a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nazim Xəlilov bütün bunları ölkəmizə qarşı növbəti təxribat cəhdi kimi dəyərləndirdi. Onun sözlərinə görə, konfrans ərəfəsində ermənilər soyqırımı siyasətlərinin ifşa edilməsindən təlaşa düşüblər. Tarix institutu rəsmisi qeyd etdi ki, erməni təbliğatçıları növbəti dəfə dəridən-qabıqdan çıxaraq tarixdə azərbaycanlıların və digər türk-müsəlman xalqlarının soyqırımının olmadığını sübut etməyə çalışırlar. Lakin onların cəhdləri hədərdir və rüsvayçı şəkildə boşaçıxacaq: “1918-1920-ci illərdə erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş soyqırımları, yüzlərlə günahsız insanları yalnız etnik mənsubiyyətinə görə öldürmələri barədə təkzibolunmaz, çoxsaylı tarixi sənədlərə əsaslanan faktlar var. Belə ki, 1918-ci ildə Azərbaycanın hər yerində olduğu kimi ermənilər Lənkəranda da talışlara qarşı soyqırımları həyata keçiriblər. Ona görə də Tarix institutu tərəfindən Lənkəranda keçirilməsi nəzərdə tutulan konfrans ermənilərin etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanda yaşayan bütün müsəlmanlara, o cümlədən yəhudilərə qarşı həyat keçirdikləri soyqırımı siyasətinin ifşasına yönəlib və bu da onları narahat etməyə başlayıb. Üstəlik bu konfrans ermənilərin müxtəlif yollarla ölkəmizdə “talış problemi”ni qaldırma cəhdlərinə baş vurduğu bir vaxta təsadüf edir. Bu isə təbii ki, erməniləri narahat etməkdədir. Erməni təbliğat maşını azərbaycanlılara qarşı soyqırımı cinayətinin dünya birliyi tərəfindən gec-tez tanınacağından ehtiyat edərək “Talış ağsaqqalları şurası” adından yalanlara əl atırlar. Üstəlik AMEA-nın Tarix İnstitutu tərəfindən hər il Rusiya, Almaniya, Fransa, Türkiyə, Gürcüstan, İran, Polşa, Bolqarıstan, Albaniya, Özbəkistan, Qazaxıstan və digər ölkələrdən nüfuzlu alimlərin iştirakı ilə keçirilən konfranslarda erməni millətçiləri tərəfindən Azərbaycan, Türkiyə, Mərkəzi Asiya və digər regionların türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımı aktlarının üstü açılır. Diqqətəlayiqdir ki, Lənkəranda keçiriləcək beynəlxalq konfransda azərbaycanlı alimlərlə yanaşı, xarici ölkələrdən 56 tanınmış alimin məruzəsi dinləniləcək”.

Nazim Xəlilov qeyd etdi ki, erməni qatillərinin cinayətlərini hamı, o cümlədən talış ağsaqqalları yaxşı xatırlayırlar. Onun sözləinə görə, Azərbaycanda bütün xalqlar – Azərbaycan türkləri, talışlar, ləzgilər, avarlar, yəhudilər, ruslar və başqaları bir ailədir. Bu müstəvidə də Nazim Xəlilov Tarix institutu tərəfindən Lənkəranda keçirilməsi nəzərdə tutulan və erməni soyqırımlarının ifşasına yönələn konfransın böyük əhəmiyyətə malik oluğunu vurğuladı.

Əziz Mustafa

BIR CAVAB BURAXIN