Ermənistanın “İsgəndər” hədəsi, həmsədrlərin “sülh” planı

0
510

Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların dalana dirəndiyi bir vaxtda problemin aradan qaldırılmasında “vasitəçi” funksiyasını həyata keçirən ATƏT Minsk Qrupu həmsədrlərinin martın 11-də Azərbaycana, ötən gün isə Yerevana səfərləri beynəlxalq aləmin diqqət mərkəzində olub. Bu da əsassız deyil. Həmsədrlərin Yerevana səfəri ərəfəsində işğal edilmiş Azərbaycan ərazilərinə, Dağlıq Qarabağa səfər edən Ermənistan prezidenti Serj Sarkisyan növbəti dəfə ölkəmizi “hədələyib”. O, münaqişə yenidən başlayacağı təqdirdə Azərbaycana “İsgəndər” raketlərindən istifadə etməklə zərbələr endirmək barədə göz qırpmadan əmr verəcəyini həyasızcasına bəyan edib. Belə güman etmək olar ki, Sarkisyanın bu bəyanatı əslində Yerevana səfər edəcək həmsədrlərin də şantaj edilməsinə xidmət edib. Sarkisyan bununla da münaqişənin həllində hər hansı güzəştə getməyəcəyini və bu yolla Azərbaycana “öz “şərtlər”ini “diqtə” etdirmək niyyətində olduğunu nümayiş etdirib. Xatırladaq ki, Ermənistan danışıqların bərpa edilməsi üçün münaqişə zonasında qarşılıqlı şəkildə atəşkəsin hansı tərəfdən pozulduğunu qeydə alan müşahidə kameraları quraşdırılması “şərtini” irəli sürür. Lakin Azərbaycan bu amilin status-kvonun qorunub saxlanılmasına xidmət edəcəyi qənaətindədir və buna razılıq vermir. Məhz bu amil də Ermənistanın “İsgəndər” raketlərindən istifadə edəcəyini bəyan etməklə Azərbaycanı və ATƏT MQ həmsədrlərini şantaj etməsi kimi dəyərləndirilir. Belə ehtimal edilir ki, həmsədrlərin Yerevana səfəri ərəfəsində Ermənistanın vasitəçi dövlətlərə meydan oxuması və “İsgəndər” amilindən şantaj vasitəsi kimi istifadə etməsi həmsədr ölkələrin pərdə arxasından dəstəyini alması ilə bağlıdır. Təsadüfi deyil ki, ATƏT Minsk Qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland digər beynəlxalq problemlərlə müqayisədə münaqişənin həllinə münasibətdə Fransanın, Rusiyanın və ölkəsinin maraqlarının üst-üstə düşdüyünü xüsusi intonasiya ilə vurğulayıb. Bu isə o deməkdir ki, Rusiya və Fransa kimi ABŞ-da sözdə status-kvonun dəyişdirilməsinə tərəfdar olduğunu bildirsə də, əməli fəaliyyətində onun saxlanılmasına tərəfdarıdır. Bunu Hoqlandın münaqişənin həllinin tərəflərin özündən asılı olmasını vurğulaması da bir daha sübut edir. Aydın məsələdir ki, münaqişənin həllinin tərəflərin öz üzərinə atılması mövcud status-kvonun qorunub saxlanılmasına xidmət edir. Üstəlik həmsədrlər Sarkisyanın Azərbaycanı “İsgəndər”lə hədələməsinə də hər hansı münasibət bildərməyiblər. Düzdür, Hoqland münaqişənin həllində üçmərhələlil həll planına malik olduqlarını və bu müstəvidə də iki ölkə prezidentlərinin görüşünü təşkil etməyə çalışdıqlarını söyləyib. Amma sual ortaya çıxır: Həmsədrlərin münaqişənin həllini tərəflərin öz üzərinə qoyduqaları, üstəlik Ermənistan Azərbaycanı “İsgəndər”lə şantaj etdiyi bir vaxtda prezidentlərin görüşünə ehtiyac varmı? Aydın məslədir ki, yox. Çünki, belə vəziyyətdə prezidentlərin görüşü formal xarakter daşıyaraq danışıqların imitasiyasından, həmsədrlərin iflasını ört-basdır etməkdən başqa bir şey olmayacaq.Məsələyə münasibət bildirən millət vəkili, Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Zahid Oruc “Yeniavaz.com”-a verdiyi açıqlamada Hoqlandın münaqişənin həllini tərəflərin üzərinə qoymasının hər hansı bir sağlam məntiqə sığmadığını vurğuladı: “Əslində ötən ilin aprel döyüşləri zamanı münaqişənin həlli ilə bağlı status-kvonun dəyişdirilməsi üçün əlverişli imkan yaranmışdı. Lakin Azərbaycan tərəfi məlum səbəblərdən hərbi sahədə əldə etdiyi uğurları siyasi müstəviyə keçirə bilmədi. Aprel döyüşlərində düşmən itkilər vermiş və panikaya düşmüşdü. Rusiyanın araya girməsindən və Lavrovun bölgəyə səfərindən sonra münaqişənin həllinə ümidlər yaranmışdı. Lakin bəzi maraqlı güclərin status-kvonu qoruyub saxlamaqda maraqlı olması problemi aradan qaldırmağa imkan vermədi. Nəticədə sülh danışıqları dayandırıldı. Bu baxımdan qarşı tərəfin Azərbaycanı hədələməkdə davam etdiyi və üstəlik həmsədrlərin buna göz yumaraq münaqişənin həllini tərəflərin üzərinə qoyduğu bir vaxtda təbii ki, prezidentlərin görüşü formal xarakter daşıyacaq və bu yolla problemi aradan qaldırmaq mümkün olamayacaq”.

Əziz Mustafa

BIR CAVAB BURAXIN