Ermənistanın İrəvanı itirmək qorxusu – Serjik təşvişə düşüb

0
589

Azərbaycan prezidenti İlham Əliyevin İrəvanla bağlı bəyanatı Ermənistanda ciddi təşvişə səbəb olub. İşğalçı ölkədə İrəvanın itirilməsi qorxusunu əks etdirən fikirlər səslənməkdədir. Hətta iş o yerə çatıb ki, erməni ekspertlər Azərbaycanın hansı istiqamətdən hücuma keçəcəyini müəyyənləşdirməyə çalışırlar.

Veteran erməni kəşfiyyatçı Vova Vardanov ermənilərə tövsiyə edib ki, Azərbaycan prezidenti İlham Əliyevin İrəvanla bağlı çıxışı barədə düşünmək və onun taktikasını anlamaq lazımdır. Onun sözlərinə görə, Azərbaycan Göyçə gölünə daxil olmaq üçün mütləq DaşkəsənGədəbəydən hücuma keçməlidir:

“Faktiki olaraq bizim hərbçilər bilir ki, Azərbaycan döyüşə tam hazırdır. Azərbaycan ordusu İrəvan istiqamətində hücuma keçsə, mütləq bunu Naxçıvandan edəcək. Naxçıvanın ordu korpusu kifayət qədər inkişaf edib və silah arsenalı genişlənib. Onlar hücuma hazırdırlar, bizə zərbə vura bilərlər, yəni zəif deyillər. Mən qoşunlarımızın bu döyüşə hazır olmasını təklif edirəm. Gərək biz real döyüşə hazırlaşaq. Yalnız müdafiə olunmaq taktikası davam edərsə, istisna deyil ki, bizdə yeni ərazi itkisi ola bilər”.

Erməni kəşfiyyatçının açıqlamaları İrəvan rəhbərliyinin təşviş içində olduğunu, Azərbaycan Ordusundan açıq-aşkar qorxduğunu göstərir.

Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov AzVision.az-a bildirib ki, düşmənin bu narahatçılığına səbəb Azərbaycanın iqtisadi, hərbi gücü, apardığı uğurlu xarici siyasətdir:

“Ermənistan beynəlxalq təşkilatları, aparıcı dövlətləri aldatmaqla, yalan məlumatlar yaymaqla məşğuldur. Bu gün onların apardığı siyasət iflasa uğrayıb. Beynəlxalq aləm Azərbaycanla hesablaşır. Onlar Azərbaycanın həm iqtisadi, həm hərbi gücünü, həm də apardığı siyasətə bələddirlər. Ermənistanda və dünyada tarixən erməni dövlətinin olmadığını anlayırlar. Tarixi faktları hamı bilir. O cümlədən, Ermənistandakılara da məlumdur ki, yerləşdiyi ərazi tarixi Azərbaycan torpaqlarıdır. Ona görə qorxuya düşüblər ki, Azərbaycan tarixi torpaqlarını geri alacaq. Bu səbəbdən təşviş içindədirlər. Azərbaycan prezidentinin mövqeyi bu təşvişi daha da gücləndirib. Əslində ermənilər narahat olmaqda haqlıdırlar. Çünki, onların siyasəti düzgün, ədalətli deyil. Ona görə də gec-tez Azərbaycan ordusu öz sözünü deyəcək, torpaqlarımızı işğaldan azad edəcək, bayrağımızı Xankəndidə,Şuşada dalğalandıracaq”.

Ermənistanın Azərbaycanın hərbi gücündən çəkindiyini deyən polkovnik düşmənin haradan hücuma keçəcəyimizlə bağlı ehtimallarını gülünc adlandırıb: “Azərbaycanın haradan hücum edəcəyini onlar bilə bilməzlər. Bu məxfi, taktiki, strateji xarakter daşıyır. Lazım olanda ordunun hücumu hərtərfli olacaq. Biz haradan hücuma keçəcəyimizi heç vaxt açıqlaya bilmərik. Haradan, necə hucuma keçəcəyimizi qabaqdacan onlara elan edəsi deyilik. Lazımı vaxtda, haradan lazımdır zərbə alacaqlar”.

C.Xəlilov deyib ki, ermənilər real döyüşə hazırlaşsalar belə, bu, nəticəni dəyişməyəcək: “Ermənilər aprel döyüşlərində anladılar ki, onların müdafiə istehkamları heç bir işə yaramır. Azərbaycan ordusu bir neçə saatda onların müdafiə istehkamlarını məhv etdi. Gələcəkdə də nə qədər müdafiə xətti yaratsalar da, Azərbaycan ordusunun gücü qarşısında davam gətirə bilməyəcəklər. Ona görə də real hücuma hazırlaşmaq, müdafiə istehkamları düzəltmək əvəzinə, işğal etdikləri torpaqlardan çıxmaq barədə düşünsələr yaxşı olar”.

BIR CAVAB BURAXIN