Ermənistan Suriya ermənilərini işğal altındakı Azərbaycan ərazilərinə yerləşdirir

0
548

Suriyada vəziyyət pisləşdikdən sonra, Ermənistan Suriya ermənilərini işğal altında olan Azərbaycan ərazilərinə yerləşməyə təşviq edir.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yaxın Şərqdə etnik və dini zorakılığın qurbanları mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.

E.Məmmədyarov deyib ki, müxtəlif hesabatlara əsasən, yüzlərlə Suriya ermənisi işğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilib: “Beynəlxalq qanunların, xüsusən Dördüncü Cenevrə Konvensiyasının və onun Əlavə Protokollarının ciddi şəkildə pozulması sayılan bu köçürmə siyasətinin arxasında azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının qarşısını almaq və işğal edilmiş ərazilərin ilhaqını təmin etmək siyasəti dayanır. Həqiqətən də, beynəlxalq ictimaiyyətin diqqəti Suriyadakı böhrandan çıxmağın yollarını axtarmağa yönələrkən, bu ölkənin əhalisinin problemlərinin başqa bir bölgədə sülh səylərini daha da mürəkkəbləşdirmək üçün istifadə olunduğunu bilmək dərindən narahatedicidir. Bu tamamilə qəbuledilməz və yolverilməzdir”.

Nazir həmçinin qeyd edib ki, hətta öz ərazisində geniş miqyaslı və uzunmüddətli məcburi köçkün probleminin olmasına baxmayaraq, Azərbaycan beynəlxalq ictimaiyyətin təcili humanitar böhran vəziyyətlərini həll etmək və dünyanın müxtəlif yerlərində davamlı cəmiyyətlərin qurulması səylərini dəstəkləyir: “Bu gün təxminən dünyanın 40 ölkəsində yaşayan insanlar, o cümlədən Yəmən, Fələstin və İordaniyadakı suriyalı qaçqınlar Azərbaycan Beynəlxalq İnkişaf Agentliyinin humanitar yardımından faydalanırlar. Müxtəlif dinlərin və məzhəblərin sülh və harmonik mövcudluğunun əsrlər boyu davam edən ənənələri ilə zəngin bir ölkə olaraq Azərbaycan BMT Baş katibinin 72/488 saylı hesabatında qeyd edildiyi kimi Bakı Prosesi vasitəsilə həm regional, həm də dünya səviyyəsində güclü və əsil mədəniyyətlərarası və dinlərarası dialoqun yaradılmasına çox sərmayə qoymuşdur”.

E.Məmmədyarovun sözlərinə görə, sözügedən ölkələrdəki ictimai qurumların gücləndirilməsində əsas maneə çoxlu sayda ölkəni tərk edənlər səbəbindən və ya daha da pis ssenari, münaqişə zamanı öldürüldükləri üçün ixtisaslı kadrların olmaması faktı olacaq: “Bu xüsusda, Azərbaycan universitetlərində oxumaq istəyən İslam Əməkdaşlıq Təşkilatının üzv ölkələrindən olan tələbələr üçün təhsil qrantlarına dair ötən ilin dekabrında verilmiş Azərbaycan Prezidentinin fərmanına diqqətinizi yönəltmək istərdim. Beləliklə, Yaxın Şərq ölkələrindən olan tələbələr bu fürsətdən yaxşıca faydalana bilərlər”.

Təhlükə altında olan mədəni irsin qorunması, ədalətin təmin edilməsi və cəzasızlıq ilə mübarizə kimi Madrid sənədinin digər prioritet sahələrinə gəldikdə isə, nazir vurğulayıb ki, BMT Sivilizasiyalar Alyansı 7-ci Qlobal Forumunda qəbul edilmiş Bakı Bəyannaməsi ayrı-seçkiliyə, düşmənçiliyə və şiddətə təhrik edən dini nifrətin hər hansı bir müdafiəsini ciddi şəkildə qınadı və bütün üzv dövlətləri zorakı ekstremizmin bütün forma və təzahürlərinə qarşı birləşməyə çağırdı: “Biz inanırıq ki, Bakı Bəyannaməsi dövlətlər və beynəlxalq təşkilatlar üçün şiddətə, ekstremizmə və ksenofobiyaya qarşı mübarizə vasitəsi kimi mədəniyyətlərarası dialoqun təşviqinə xidmət göstərə bilər. Biz Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanı mədəni və dini yerlərin dağıdılmasından çəkindirmək üçün səmərəli tədbirlər görmək üçün çoxsaylı hallarda beynəlxalq ictimaiyyətə müraciət etmişik və bu vandalizm hərəkətləri Suriyadakı oxşar hadisələrdən çox əvvəl baş vermişdir. Mən sizin diqqətinizi silahlı münaqişələr dövründə mədəni hüquqların və əmlakın qorunmasına dair BMT-nin İnsan Hüquqları Şurasının Azərbaycanın təşəbbüsü ilə 11 il bundan əvvəl, 2007-ci ildə, daha doğrusu beynəlxalq ictimaiyyətin Yaxın Şərqdəki son zülmlərdən silkələnməsindən öncə qəbul etdiyi qətnaməsinə yönəltmək istərdim. Unudulmamalıdır ki, keçmişdə cəzasız qalmış bir məsələ gələcəkdə daha ağır cinayətlərin toxumunu əkir”.

E.Məmmədyarov çıxışında onu da qeyd edib ki, bu gün qaçqınların və məcburi köçkünlərin vəziyyəti aidiyyəti ölkələrdə ən mürəkkəb və problemli məsələ olmaqda davam edir: “Fürsətdən istifadə edərək, münaqişə bölgələrindən qaçanlar üçün təcili və müvəqqəti sığınacaq təmin etmək kimi ən ağır yükü öz üzərinə götürən Türkiyə, Livan və İordaniyanın səylərini yüksək qiymətləndirirəm. Dünyada məcburi köçkünlərin miqyasını nəzərə alaraq, BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının hesabatına əsasən, məcburi köçkünlərin sayı 41 milyona çatdığı bir dönəmdə məcburi köçkünlərin layiqli şəkildə geri qayıtması çox vacibdir və biz çox sevinirik ki, məcburi köçkünlərin layiqli şəkildə öz evlərinə geri qayıtmasının vacibliyinə dair ortaq anlaşma və dəstək vardır. Azərbaycan məcburi köçkünlərin problemlərinə dair məlumatlılığı artırmaq üçün bütün səyləri tam dəstəkləyir. Məcburi köçkünlər məsələsinə dair həssaslığımız başa düşüləndir, belə ki, Azərbaycan dünyada adambaşına düşən ən çox sayda məcburi köçkünə sahibdir. Mənim ölkəmdəki bu vəziyyət beynəlxalq hüququ aşkar şəkildə pozaraq Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunun işğal etməsi nəticəsində yaranmışdır. Hal-hazırda Azərbaycanda məcburi köçkünlərin və qaçqınların sayı 1 milyonu ötür, bu da ümumi əhalinin 1/10-dən artıqdır”.

Nazirin sözlərinə görə, məcburi köçkünlərin böyük miqyasına baxmayaraq, Azərbaycan hökuməti məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində böyük irəliləyiş əldə edib: “Son iyirmi il ərzində qaçqınların və məcburi köçkünlərin sosial problemlərini həll etmək üçün təxminən 6 milyard ABŞ dolları məbləğində sərmayə qoyulmuşdur ki, bu da onlar arasında yoxsulluq və işsizliyin əhəmiyyətli dərəcədə azalması ilə nəticələnmişdir.

Biz unutmamalıyıq ki, qaçqın və məcburi köçkünlərin hüquqlarının tam bərpası onların öz doğma yurd-yuvalarına könüllü, təhlükəsiz, layiqli və dayanıqlı şəkildə dönməsini tələb edir. Təəssüf ki, bizim vəziyyətimizdə Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən onilliklərlə yaşı olan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və məcburi köçkünlərin öz evlərinə qayıtması üçün beynəlxalq yardımlara baxmayaraq bu, hələ də qeyri-mümkündür”.

Virtualaz.org

BIR CAVAB BURAXIN