Ermənistan KİV-i: “Putin Sarkisyanı əraziləri qaytarmağa məcbur edəcək”

0
583

İyunun 20-də Rusiyanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda görüşəcək. Bu görüşlə bağlı müxtəlif mülahizələr və ehtimallar mövcuddur. 

Publika.az xəbər verir ki, Ermənistan ictimaiyyətində Serj Sarkisyanın əraziləri müharibəsiz qaytarmağa məcbur ediləcəyi fikri formalaşıb.
“1in.am” saytı yazır ki, ATƏT-in görüşdə iştirak etməməsi Ermənistan üçün təhlükəlidir: “İstisna deyil ki, ATƏT-in bəyanatı formal xarakter daşıyır. Digər tərəfdən, Rusiyanın siyasi təşəbbüsləri var. Vyana görüşündən dərhal sonra Lavrov bununla bağlı izahatlar verdi. Maraqlıdır ki, Lavrovun bəyanatından sonra nə Fransa, nə də ABŞ heç bir söz demədi. Lavrov dedi ki, Vyana görüşü ABŞ-ın təşəbbüsüdür və görüşdə razılaşdırılmış məsələlərin həlli Rusiyanın üzərinə qoyulub. Güman ki, Qərb Rusiyadan yeni müharibənin qarşısını almağı istəyib, münaqişənin hansısa formada həllində ona azadlıq verib. İndi maraqlıdır ki, Rusiya münaqişənin həllini hansı formada həyata keçirdəcək. O da faktdır ki, prosesin Rusiya tərəfindən aparılması Ermənistan üçün təhlükəlidir”.
“Lragir.am” saytı isə Rusiyanın Ermənistanı əraziləri müharibə olmadan qaytarmağa məcbur edəcəyini yazıb.
“İyunun 20-də prezidentlərin Sankt-Peterburq görüşündə Rusiya Serj Sarkisyanı əraziləri müharibəsiz qaytarmağa məcbur edəcək. Rusiyanın nizama salınması planının mahiyyəti də Azərbaycanın xeyrinədir. Hətta İlham Əliyevin Ərdoğanla Putini barışdıraraq, Qarabağı geri qaytaracağı gözləntisi də var. Maraqlıdır ki, Serj Sarkisyanın bu plandan imtina etmək gücü olacaqmı? Əgər olmayacaqsa, onun əmrini Ermənistanda eşidəcəklərmi?”, – deyə saytı qeyd edib.

BIR CAVAB BURAXIN