Ermənistan Azərbaycanı “İsgəndər”lə hədələməyə başladı, Bakı təlimlərlə cavab verdi

0
407

Ermənistan Rusiyadan aldığı “İsgəndər-M” operattiv-taktiki raketlərini hərbi təlimdə nümayiş etdirəndən sonra bu ölkənin Müdafiə Nazirliyinin rəhbərləri raketlərin Azərbaycana qarşı tətbiqi imkanları barədə danışmağa başlayıb.

Müdafiə naziri Seyran Ohanyan Ermənistanın İctimai Kanalına müsahibəsində “İsgəndər” komplekslərinin Azərbaycanı “həm Dağlıq Qarabağa, həm Ermənistana” mümkün hücumdan çəkindirəcəyini deyib.

“Bizim düşmənizmin kim olduğunu nəzərə alaraq silah və hərbi texnikada say üstünlüyünə deyil, keyfiyyət üstünlüyünə malik olmalıyıq. Bu mənada bizə bu gün Azərbaycanı Dağlıq Qarabağa və Ermənistana hücumdan çəkindirəcək sistemlər lazımdır. Və mən hesab edirəm ki, “İsgəndər” kompleksləri bu vəzifəni yerinə yetirməyə tam qadirdir”-Ohanyan deyib.

Ermənistan müdafiə nazirinin sözlərinə görə, “İsgəndər”lər çox ciddi silahlardır və əlbətdə ki, “gündəlik istifadə” üçün deyil. “İsgəndər” raketlərinin tətbiqi üçün müvafiq hərbi-siyasi fon lazımdır ki, biz həmin silahlarla rəqibi sülhə məcbur edək. Bu raketlərin köməyi ilə rəqibin bu və ya digər istiqamətdə daha dərin vəzifələri həll etmək üçün cəmləşdirilmiş qüvvələrini neytrallaşdırmaq mümkündür”-Ohanyan bildirib.

Ermənistan müdafiə  nazirinin müavini David Tonoyan isə “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib ki, “İsgəndər” raketlərinin Rusiyaya məxsus olması barədə söz-söhbətlər əsassızdır.“Ermənistan silahlı qüvvələri bu silahlara tam nəzarət edir. Yaxın vaxtlarda siz buna əmin olacaqsınız. Tətbiq olunmaq baxımından deyil, hazırlıq proqramı baxımından”-Tonoyan deyib.Müdafiə nazirinin müavini bildirib ki, Ermənistan həmin raketləri “büdcə vəsaitləri” hesabına alıb. Tonoyan raketlərin radiosunun 500 kilometr deyil, daha aşağı olduğu haqda məlumatları şərh edərkən bildirib ki, Rusiya bu raketləri Ermənistana verərkən raketlər haqda heç bir beynəlxalq öhdəliyi və razılaşmanı pozmayıb. Onun sözlərinə görə, Ermənistanın malik olduğu “İsgəndər-M” raketlərinin radiusu “Azərbaycan ərazisinin dərinliklərində istənilən mühüm obyekti” hədəf almağa imkan verir.Xatırladaq ki, rəsmi Bakı hələlik Ermənistanın Rusiyadan “İsgəndər” raketləri almasını şərh etməyib. Lakin raketlər İrəvanda parada çıxarılandan bir neçə saat sonra Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi prezident İlham Əliyevin göstərişi ilə xidməti müşavirə keçirib. Müşavirədə “regionda yaranmış yeni hərbi-siyasi vəziyyət” müzakirə olunub və Ermənistan ərazisində strateji və hərbi təyinatlı obyektlərin aşkar edilib hədəfə götürülməsi barədə tapşırıqlar verilib.

Bu gün isə Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi döyüş hazırlığı planına əsasən Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri döyüş atışlı təlimlər keçirib.

Müdafiə Nazirliyinin məlumatına əsasən aprel ayında əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla səhra şəraitində keçirilən artilleriya təlimlərində bölmələrin qarşılıqlı əlaqədə fəaliyyəti, atəşin idarə olunması və müxtəlif şəraitli atəş mövqelərindən tapşırıqlar yerinə yetirilib.

Optik və radiotexniki kəşfiyyat vasitələri, pilotsuz uçan aparatlar, eləcə dəxüsusi təyinatlıların artilleriya kəşfiyyatı icra edilməklə şərti düşmənin döyüş düzülüşünün bütün dərinliyində örtülü və açıq mövqelərdəki tək və qrup halında, o cümlədən hərəkətdə olan hədəflər məhv edilib.

Təlimə cəlb olunan müxtəlif raket sistemləri və artilleriya qurğuları heyətlərinin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

Virtualaz.org

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

5 × 4 =