Ermənilər tərəfindən həyata keçirilən 1918-ci il mart qırğınları (2)

0
673

Erməni-bolşevik quldur dəstələri Bakıda 18 mindən artıq müsəlmanı qətlə yetirdilər. Bu dəhşətli günlərin şahidi olmus Kulner familiyali bir alman Bakı qırğını barədə1925-ci ildə yazırdı: «Ermənilər müsəlman məhəllələrinə hücum edərək hər kəsi öldürür, qilincla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qirğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı».

Şaumyanın birbaşa göstərişi ilə məşhur İsmailliyyə binası yandırıldı. Bina yandırılmazdan əvvəl ermənilər yaralı müsəlmanları İsmailiyyənin zallarından birinə dolduraraq onları qətlə yetirdilər. Sonra isə meyitlərin üzərində vəhşicəsinə rəqs etdilər. “Türksüz və müsəlmansız” Azərbaycan yaratmaq istəyən Şaumyanın göstərişi ilə Bolşevik-daşnaq quldur dəstələri Şamaxıya, Salyana, Qubaya və Göyçaya göndərildi. Bu dəstələr adı çəkilən ərazilərdə əllərinə keçən bütün canlıları məhv etdilər, kəndləri yandıraraq xarabazara çevirdilər

Şamaxı və Quba qırğınları

Şamaxıda soyqırımı planını Şaumyan Bakıdan əvvəl-1918-ci il mart ayının 18-də işə salmışdı. Martın ayının18-də sübh tezdən ermənilər Mədrəsədə yerləşdirilmiş toplardan Şamaxı şəhərinə atəş açdılar. Yuxudan ayılan şəhər əhalisi pal-paltarını geyinmədən hara gəldi qaçmağa başladı. Əhalinin bir hissəsi məscidə sığındı. Onlar Allah evinə quldurların toxunmayacağına inanmışdılar. Amma Şamaxını ələ keçirən Lalayevin əmri ilə quldur dəstələri məscidə od vurdular. Yüzlərlə dinc əhali, xüsusən qocalar, qadınlar, uşaqlar, bir sözlə, dəhşətli qırğından qaçıb canlarını xilas edə bilməyən və ümidlərini Allahın dərgahına bağlayan günahsız insanlar diri-diri bu məsciddə yandırıldılar. Eşiyə qaçmaq istəyənlər isə dərhal güllələndilər.

Hadisələrin şahidi olan Şamaxı sakini Məhiyyəddin Əfəndi oğlu isə Azəqrbaycan Xalq Cümhuriyyəti dövründə hadisəni araşdıran Fövqəladə Istintaq Komissiyasına verdiyi ifadəsində: “Ermənilər Şamaxını top atəşinə tutduqdan sonra əhali küçəyə qaçdı və gördü ki, erməni silahlıları şəhəri üç tərəfdən, molokanlar isə bir tərəfdən mühasirəyə almışlar. Bir neçə saatdan sonra ermənilər şəhərə basqın edib, evləri yandırmağa və adamları güllələməyə başladılar. Bu qırğına Qavril, Qaraoğlanov, poçt-teleqraf idarəsinin rəisi Gülbəndov, Qaramanov, dəllək Samvel, dəllək Ovanes, Stepan Lalayev, mədrəsəli Sidrak və bir çox başqaları rəhbərlik edirdilər,”- demişdi.

Yandırılmış evlərdən canını qurtarmaq istəyən sakinlərə-kişi, qadın və uşaqlara heç bir fərq qoymayan ermənilər onları ən amansız üsullarla qətlə yetirirdilər. Şəhərin küçələrində meyitlərdən qalaqlar yarandı. Ermənilər azərbaycanlı əhalinin qətlini eşidilməmiş və ağlasığmaz qəddarlıq və işgəncə ilə həyata keçirirdilər. Küçələrdə əzab verilərək öldürülmüş qadınların meyitləri atılıb qalmışdı. Onlar döşləri kəsilmiş, qarınları yırtılmış və ən çirkin üsullarla işgəncələrə məruz qalmışdılar. Küçələrdə diri-diri pazlara mıxlanmış uşaq meyitləri də atılıb qalmışdı.

Amma Şamaxıdakı qırğınlar Şaumyanı tam şəkildə qane etməmişdi. O, Şamaxının tamamilə müsəlman əhalidən təmizlənməsini tələb edirdi. Bu məqsədlə də Bakı qırğınlarının ardınca Şaumyan əksinqilaba qarşı mübarizə pərdəsi adı altında silahlı quldur dəstələrini yenidən Şamaxıya göndərdi. Bu dəstələrə komandanlığı Şaumyan daşnak S.Lalayansa tapşırmışdı. S.Lalayansın dəstələri 3-16 aprel tarixində Şamaxı əhalisinə divan tutdu. Yerli erməni və rus-malakan kəndlilərinin köməkliyi ilə təkcə mart ayında Şamaxının 58 kəndi Bakı Sovetinə bağlı erməni ordusu tərəfindən dağıdıldı. Təxminən 8 minə yaxın insan öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15 min əhalisi olan Şamaxının 1921-ci ildə əhalisi təxminən 1700 nəfərə enmişdi.

Şamaxıdan sonra Şaumyan nəzərini Qubaya yönlətdi. Qubada qırğınları həyata keçirmək iəcək silahlı quldur dəstələrinə isə rəhbərliyi Şaumyan cəllad Amazaspa tapşırmışdı.

Bununla əlaqədar Amazasp açıq şəkildə: “Mən erməni xalqının qəhrəmanı və onun marağının müdafiəçisiyəm. Mən buraya-Qubaya xüsusi cəza dəstəsi ilə ona görə göndərilmişəm ki, iki həftə əvvəl burada öldürülən ermənilərin hayıfını sizdən alım. Mən buraya qayda-qanun yaratmaq üçün, Sovet hakimiyyətini qurmaq üçün gəlməmişəm. Bu yerlərdə erməniləri qırdığınıza görə Xəzər dənizinin sahillərindən tutmuş Şah dağına qədər olan ərazidə yaşayan bütün müsəlmanları məhv etmək barədə mənə göstəriş verilib. Mənə sizin yurd-yuvanızı yerlə yeksan etmək, Şamaxıda törətdiklərimizi sizin də başınıza açmaq tapşırılıb”,-deyə bəyan etmişdi.

Qırğınlarda erməni daşnak qüvvələri ilə yanaşı bolşevik əsgərləri də iştirak edirdi. Bu qırğınlarda əsas məqsəd Quba qəzasında da müsəlman əhalisini məhv edərək erməni idarəçiliyinə nail olmaq idi. Amazaspın quldur dəstəsi Qubaya gələrkən Bakı-Xaçmaz dəmiryolunun sağ və sol tərəflərində yerləşən kəndləri dağıtmış, yandırmış, əmlakını qarət etmiş, qaçıb canını qurtaranla bilməyənləri isə qətlə yetirmişdi. Bəzən, hətta olub ki, bu və ya başqa yaşayış məntəqəsində camaat ermənilərlə dil tapmağa, danışıqlar aparmağa cəhd göstərmiş, lakin əvəzində düşmən güllələrinin qurbanı olmuşlar. Məsələn, Dəvəçi icmasının Dəvəçibazar və Qızılburun camaatı 15 nəfərdən ibarət ağsaqqallar heyətini erməniləri duz-çörəklə qarşılamağa göndərmiş, lakin Amazaspın göstərişi ilə onların hamısı güllələmişdilər.

Amazaspın dəstəsi Qubanın girəcəyindən tutmuş yuxarı hissəsinədək şəhəri odlamağa başladı. Daşnaklar küçədə qarşılarına çıxan bütün adamları ucdantutma gülləyə tutur, yerə yıxılmış yaralıların bədənlərini tüfənglərin süngüləri ilə deşik-deşik edir, gözlərini ovurdular. Yaxınlıqdakı meşəyə qaça bilməyənlər evlərinə girib qapıları bağlayırdılar. Onları evlərindən zorla çıxarır, yerindəcə güllələyir və yaxud qabaqlarına qatıb meydana aparırdılar. Bir neçə saatın ərzində yüzlərlə insan qətlə yetirilmişdi. Qubada bir-bir evlərə girib bəzən butün ailəni məhv edən ermənilər hətta hamilə və uşaqlı qadınlara belə rəhm etməmişlər. Məsələn, onlar Kərbəlayı

Məmməd Tağı oğlunun 14 nəfərdən ibarət ailəsinin, Məhəmməd Rəsul oğlunun 5 nəfərlik ailəsinin başlarını kəsmiş, Hacı Dadaşbala Qasım oğlunun arvadı Məşədi Bibixanımın və oğlu Abdul Qasımı diri-diri oda ataraq yandırmış, Kərbəlayı Abuzər Məstan oğlunu və iki qızı – Hökuməni və Bustanı qucaqlarındakı körpələrlə birlikdə tikə-tikə doğramış, Məşədi Qənbər Molla Məhəmməd Saleh oğlunu, onun arvadını və beş körpə uşağını şaqqalamışlar.

Qubanın o vaxtkı ağsaqqallarından Molla Şahbaz, Usta Məhəmməd Rəsul Bayram oğlu, Məşədi Musa Zeynal oğlu, Məşədi Əli Məşədi Feyzulla oğlu, Kərbəlayı Dadaş Bağır oğlu, Cabbar Məmməd Əli oğlu, Səfərli Məşədi Talıb oğlu və onlarca digər ailə başçısı qətlə yetirilmişdir.

İki gün ərzində yalnız Quba şəhərində 4 minədək müsəlman öldürülmüşdü. Amazaspın vəhşilikləri zamanı təkcə 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında üst-üstə 16 mindən çox insan məhv edilmişdi.

2007-ci ildə Quba şəhərində kütləvi məzarlıqların aşkar edilməsi və onların tədqiqi göstərdi ki, bu insanlar hər cür zorakılıqlara məruz qalaraq qətlə yetirilmişlər. Bu kütləvi məzarlıqlar 1918-ci ildə Qubada Amazasp tərəfindən türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırımına əyani sübutdur.

Ermənilər Quba əhalisinin əmlakını talamışdılar. Təkcə Qubanın özündə Amazaspın əsgərləri dörd milyon manat nəğd pul, xeyli qızıl pul, qızıl vəqiymətli daş-qaş-və beş milyon manatlıq əşya-mal, iyirmi-beş milyon manatlıq ərzaq ehtiyatı ələ keçirmişdilər. Xatırladaq ki, həmin qızılların və qızıl pulların bir hissəsi sonralar S.Şaumyan öz məsləkdaşları ilə birlikdə həbs edilərkən onun yük çamadanlarındakı 80 milyon məbləğindəki qızıl pulun içərisində olmuşdur.

Erməni-rus quldur dəstələri Şamaxıda 72, Qubada isə 122 kəndi yerlə-yeksan etdilər, əhalini isə qılıncdan keçirdilər. Eyni vəhşilik Salyanda və Göyçayda da həyata keçirildi. Nəticədə 100 minə yaxın dinc sakin erməni vəhşiliyinin qurbanı oldu. Ümumiyyətlə erməni-bolşevik dəstələri mart, aprel və may aylarında 150 min müsəlmanı qətlə yetirdilər, 500 mindən artıq adam isə yurd yuvalarından didərgin salındı.

Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirdi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin təhqiqi məqsədilə Fövqəladə Istintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, həmçinin Şamaxıdakı vəhşilikləri, Irəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldi. 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artiq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

1991-ci ilin payızında Azərbaycan müstəqilliyinə yenidən qovuşdu. Bundan 6 il sonra 1998-ci il mart ayının 26-da isə prezident Heydər Əliyev 31 martın Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunması barədə sərəncam imzaladı. Bununla da azərbaycanlıların soyqırımı günü hər il rəsmi şəkildə qeyd olunmasının əsası qoyuldu.

Bu dəhşətli faciə ilə bağlı hər il soyqırımı qurbanlarının xatirəsini hüznlə anır və onların ruhu önündə baş əyirik.

Əzız Mustafa

BIR CAVAB BURAXIN