Zəngilan rayonunun müasir texnologiyalara əsaslanan quruculuq konsepsiyasına uyğun bərpa işləri sürətlə davam etdirilir. Məlumdur ki, işğal zamanı digər rayonlarda olduğu kimi, Zəngilanın da tarixi, mədəni və dini abidələri yerlə-yeksan edilmişdir. Rayonun ermənilərin vandaliziminə məruz qalmış tarixi-dini abidələri sırasında məscidlər və ziyarətgahlar İmam Hüseyn məscidi (XVII əsr, Zəngilan şəhəri), Zəngilan məscidi (XIX əsr), Malatkeşin məscidi (XIX əsr), Qırıq Muşlan, Muşlan, Rəzdərə kəndlərindəki məscidləri (XIX əsr), Xanazor, Yeməzli alban kilsələrini – (Yeməzli kəndi), Ziya Baba ocağı (Ağkənd), Xanazur türbəsi və piri, Sultan Heydər piri (Bartaz kəndi), Günqışlaq piri, Hacıllı günbəzi, Məlikli Hacı Mir Məhəmməd ocağı, Pirveyis piri, Seyid Musa ocağı (Sobu kəndi), Qaradağlı piri (Şəfibəyli kəndi), Yal piri (Vejnəli kəndi), Soltan ocağı (Yeməzli kəndi) tamamilə dağıdılıb. Zəngilan abidələri öz memarlıq xüsusiyyətlərinə görə fərqlənir. Bu ərazilərdə XIII-XIV əsrə aid sənduqə, qoç, at heykəlli qəbirdaşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə xalqımızın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır.
Zəngilanın tarix və mədəniyyət abidələrinin işğaldan sonrakı vəziyyətinin qeydə alınması komissiyası müəyyənləşdirmişdir ki, abidələr çox bərbad günə qoyulub, təkcə Məmmədbəyli türbəsini, Şatrazda və Qarabağlar kəndlərindəki alban abidələrini bərpa etmək mümkün olacaq. Qalan abidələr tamamilə yenidən qurulmalıdır. Zəngilanda 6 məscid, 2 alban kilsəsi, 20 ziyarətgah var idi. Eyni zamanda, 70 kitabxana, 3 muzey, 4 musiqi məktəbi, 2 kinoteatr, park işğal zamanı yox edimişdir. Amma cənab Prezidentin dediyi kimi, dağıdılmış bu abidələr, mədəniyyət müəssisələrinin binaları bərpa edilərək öz əvvəki görkəminə qaytarılacaq.
Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim