Ermən təxribatı həmsədrlərin yeni anti Azərbyacan bəyanatına hesablanıb

0
620

 

İyunun 15-dən başlayaraq münaqişə bölgəsində vəziyyətin yenidən gərginləşməsi və bunun hər iki tərəfdən itkilərə səbəb olması çoxsaylı suallar ortaya çıxarıb. Bu da öz növbəsində həmsədrlərin Azərbaycana səfəri ərəfəsində Ermənistanın düşünülmüş şəkildə münaqişə bölgəsində vəziyyəti gərginləşdirməsi ilə bağlıdır. Bunun da nəticəsində iyunun 15-də Ermənistan tərəfinin atəşkəsi pozması nəticəsində bir hərbçimiz şəhid oldu. Ermənistanın münaqişə bölgəsində ara vermədən mövqelərimizi atəşə tutmasına cavab olaraq ordumuzun düşmənə qarşı cavab zərbələri endirməkdən başqa çarəsi qalmadı. Nəticədən düşmənin 6 əsgəri ( erməni tərəf 4 nəfər itki verdiyini iddia edir) məhv edildi və hərbi texnikası sıradan çıxarıldı. Bunun ardınca isə Ermənistan rəsmiləri atəşkəsin pozulmasının günahını Azərbaycanın üzərinə atmağa başlayaraq həmsədrləri və beynəlxalq təşkilatları susqunluqda, ölkəmizə qarşı sanksiyalar tətbiq etməməkdə günahlandırdılar. Hətta Ermənistanın xarici işlər naziri Nalbandyan beynəlxalq təşkilatları atəşkəsin pozulması ilə bağlı Azərbaycanı günahlandırmamaqda ittiham edərək, onları riyakargasına ölkəmizə münasibətdə sərt addımlar atmağa çağırmaqdan belə çəkinmədi. Ermənistan mətbuatında da analoji hal təkrar olundu və həmsədr ölkələrin bu dəfə də atəşkəsi pozduğuna görə, Azərbaycana qarşı sərt bəyanatlar verəcəyinə hesablanan çoxsaylı yazılar dərc edildi. Bütün bunlar da münaqişə bölgəsində Ermənistanın düşünlmüş şəkildə təxribat törətdiyini və bundan məqsədin istər həmsədrlərin, istərsə də beynəlxalq təşkilatların Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq etmək və ya ən azından ölkəmizin baş verənlərə görə günahlandırılması niyyətlərinin olduğunu ortaya çıxardı. Erməni rəsmilərinin və politoloqlarının məsələ ilə bağlı verdikləri açıqlamalardan belə başa düimək olar ki, onlar açıq şəkildə bu yolla status-kvonun qorunub saxlanılmasına və beynəlxalq təşkilatların atəşkəsi pozmaması üçün Azərbaycana təzyiqlər etməsinə ümid edirlər. Hər halda Ermənistandakı siyasi partiyaların münaqişə bölgəsində təxribat ərəfəsində qondarma, separatçı və terrorçu qurumun ərazisində, Xankəndində toplantı keçirərək prezidentlərin Kazan və Sankt-Peterburq görüşlərində əldə edilən razılığın qəbul edilməzliyini və bundan imtina barədə ortaq məxrəcə gəlmələrini də təsadüfi hesab etmək olmaz. Halbuki Ermənistan dəfələrlə Azərbaycanı prezidentlərin Kazan və Sankt-Peterburq görüşündə əldə edilən razılığı pozmaqda, onun şərtlərinə əməl etməməkdə “günahlandırırdılar”. Belə başa düşmək olar ki, bunlar da qarşı tərəfin növbəti oyunu olub. Hadisələrin gedişi göstərir ki, Azərbaycan hətta Kazan və Sankt-Peterburqda qarşı tərəfin iddia etdiyi kimi əldə edilən razılığı “pozmayaraq” ona əməl etməyə çalışsaydı belə, yenə də bu Ermənistanı qane edəsi deyildi. Çünki Kazan və Sankt-Peterburqda əldə edilən razılığın əsasında ilkin mərhələdə Dağlıq Qarabağdan kənardakı işğal altında olan 7 rayondan 5-nin azad edilməsi və problemin mərhələli həlli dayanır. Ermənistan sadəcə olaraq işğal altında olan Azərbaycan torpaqlarını azad etmək niyyətində deyil. Hər halda işğal altında olan rayonların məskunlaşdırılmasına cəhdlər və ora yeni ailələrin köçürülməsi də bunu bir daha təsdiq etməkdədir. Bu baxımdan həmsədrlərin Bakıda bu gün keçirdikləri görüşdən sonra veriləcək bəyanat ATƏT Minsk Qrupunun növbəti dəfə ermənilərin çaldığına oynayıb- oynamadığını üzə çıxaracaq. Hər halda ortada acı bir fakt var: Münaqişənin bu günə kimi həll edilməməsinin günahkarı ATƏT Minsk Qrupudur. Belə ki, həmsədr ölkələrin işğalçı və təcavüzkar ölkənin nazı ilə oynamaları və onlara pərdə arxasından dəstək vermələri münaqişənin həlli yolunda ciddi əngələ çevrilib. Yəni faktiki olaraq mövcud-status-kvonun qorunub saxlanılmasına münasibətdə həmsədrlərlə təcavüzkar dövlətin mövqeləri üst-üstə düşür. Belə bir vəziyyətdə həmsədrlərin münaqişə bölgəsində baş verən son gərginliklə bağlı verəcəkləri bəyanatın da mövcud reallığı əks etdirə biləcəyinə inanmaq çətindir.

Əziz Mustafa

BIR CAVAB BURAXIN