Ermənilər gürcülərin əli ilə Gürcüstanı parçalamağa hazırlaşırlar

0
572

“Rusiya və Gürcüstan ayrı-ayrılıqda İsveçrə ilə mal və yüklərin gömrük administrasiyası və monitorinqi mexanizmləri barədə müqavilə imzaladılar. Gürcüstan tərəfinin bu müqaviləyə verdiyi ad xüsusi diqqət çəkir – “Gürcüstana və Ermənistana ticarət yollarının açılması”. Rəsmi Tbilisinin indiki təmsilçilərinin Ermənistanı Gürcüstana təxminən bərabər tutması Azərbaycanda diqqətdən yayına bilməzdi”.

Arazinfo.com Azadinform-a istinadən xəbər verir ki, bu sözləri politoloq Mübariz Əhmədoğlu bildirib. O, qeyd edib ki, Cənubi Qafqaz regionunda Azərbaycanın bütün sahələr üzrə birinci yerdə olması şəksizdir. İkinci yer uğrunda isə kəskin mübarizə gedir: “Məhz Gürcüstanın hesabına Ermənistan ikinci yerdədir. Azərbaycan, Türkiyə və Qərbin Gürcüstanın bütün ehtiyaclarını ödəməsinə baxmayaraq, Gürcüstanın xarici borcu ÜDM-in 120 faizi miqdarındadır. Siyasəti qavraması düzgün olmayan rəsmilərdən başqa nəticə gözləmək düzgün deyil. ABŞ-dakı erməni konqresmenləri Cavaxetiya ermənilərini çoxdan müstəqil tərəf kimi təqdim edirlər. “Minilliyin Çağırışı Proqramının” ilk layihələrində ABŞ-dan Cavaxetiya regionu üçün ayrılan vəsait ayrıca qrafa ilə göstərildi. Hətta ABŞ Gürcüstanın Cavaxetiya regionuna ayrılan vəsaiti Ermənistan bölməsinə daxil etmək istəyirdi. Cavaxetiya regionuna maliyyə vəsaiti ümumilikdə Gürcüstana ayrılan maliyyə vəsaitinə bərabər idi. Son vaxtlarda ABŞ konqresmenləri bir neçə dəfə Cavaxetiya regionu ilə işğal olunmuş Dağlıq Qarabağı öz bəyanatlarında eyniləşdirirlər”.

Politoloq xatırladıb ki, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Gürcüstana son səfəri zamanı bu ölkəyə qarşı iki hədə səsləndirdi:

ı. Rusiyanın adından hərbi müdaxilə anonsunu verdi.

ıı. Cavaxetiyada erməni separatizmini gücləndirəcəyi ilə təhdid etdi.

Bütün bu məsələlərə isə rəsmi Tbilisinin susmaqdan başqa mövqeyi olmayıb: “Eks-prezident Saakaşvilinin ABŞ konqresmenləri qarşısında acizliyini başa düşmək olardı. Gürcüstanın ərazi bütövlüyü uğrunda çalışan indiki komandanın Gürcüstanın ərazi bütövlüyünə yeni təhdidə reaksiya verməməsi isə başa düşülmür. Rusiyadan Gürcüstan ərazisi vasitəsilə Ermənistana hərbi təyinatlı məhsulların  daşınıb-daşınmaması bizim bu şərhimizin mövzusu deyil. Məsələ burasındadır ki, Rusiya ilə Ermənistan arasında ticarət yolunun açılması ermənilərin bu ticarət yolunda olan infrastrukturlarda iştirakını gücləndirəcək. Söhbət təkcə Cavaxetiya regionundan getmir. Rusiyanın istəyi ilə Gürcüstanın daxilində və onun separatçı regionlarında müxtəlif strukturların əməkdaşları milliyyətcə erməni olacaq. Bu, ermənilərin Gürcüstanın ümumi həyatında iştirakını artıracaq. Bu isə indiki dövrdə daha təhlükəlidir. Çünki Azərbaycan istənilən anda Dağlıq Qarabağ problemini həll edə bilər. Azərbaycan Ermənistanın daxilində siyasi institutların formalaşması prosesinin başa çatmasını gözləyir. ATƏT MQ ilə son görüşdən belə nəticə alınır. Ermənistanın yeni hökumətinin Dağlıq Qarabağ tənzimlənməsində imitasiya resursları minimaldır. Ermənistan isə xəstə millətçiliyindən əl çəkməyib”.

M. Əhmədoğlu onu da deyib ki, ermənilərin Gürcüstanın ictimai-siyasi və beynəlxalq həyatında iştirakının artması Gürcüstanda yeni separatizm ocağını vəd verir: “Yada salaq ki, SSRİ-ni dağıtmaq üçün ermənilər separatizm ocağı yaratmaq tapşırığı almışdılar. İlk olaraq ermənilərin seçimi Cavaxetiya regionu oldu. Sonradan Qərbdə bəzi dairələrin təsiri ilə xristian faktorunu nəzərə alaraq, Cavaxetiya məsələsini Dağlıq Qarabağ məsələsi ilə əvəzlədilər. Ermənilərin Gürcüstanın daxilində iştirakının artması rəsmi Tbilisini indiki təmsilçilərinin xeyir-duası ilə baş verir. Ona görə ermənilər üçün separatizm ocağı yaratmaq və qarşılarına qoyduğu məqsədə çatmaq o qədər də çətin olmayacaq”.

BIR CAVAB BURAXIN