“Mənim bu dinləmələrdən öncədən xəbərim olmayıb. Toplantıya bir həftə qalmış mənə Vaşinqtondan yazdılar ki, belə bir dinləmə olacaq, oraya məni dəvət etmək istəyirlər. Dedim, gələ bilməyəcəyəm, yol uzaq, həvəs yox, pul da az. Dedilər ki, problem deyil, bütün xərcləri dəvət edən tərəf ödəyə bilər. Dedim axı, cəmi bir həftə qalıb, necə çatdıracaqsınız. Onu da həll edə biləcəklərini dedilər”.
Bunu öz facebook səhifəsində ReAL hərəkatının sədr müavini Erkin Qədirli yazıb.
Onun sözlərinə görə, bir neçə gün sonra ona bildiriblər ki, bəs ABŞ-ın Bakıdakı səfirliyi Qurban Bayramına görə işləmir, ona görə vizanı almağa vaxt qalmır. Skype-la qoşulmağı təklif ediblər, o da razılaşıb.
“Açığı, “Konqressdə dinləmə” adıyla toplantıya qatılmaqda həvəssizliyimin başqa, daha önəmli səbəbi vardı. Xatırlayırsınızsa, 2013-cü ildə, Prezident seçkiləri zamanı, ReAldan məni, Milli Şuradan da Eldar Namazovu dəvət etmişdilər Konqressin Helsinki Komissiyasına. Dəvətdə “dinləmə” yazılmışdı, biz də dinləmə adıyla oraya getdik. Tədbirə bir gün qalmış Helsinki Komissiyasının aparat işçiləri məni şam yeməyinə dəvət etdilər. Gözəl insanlar, xoş ovqat, rahat ortam. Amma… Söhbət heç yaxşı olmadı. Komissiyanın aparat işçiləri məndən üzr istəyərək dedilər ki, sabahkı tədbir dinləmə yox, brifinq olacaq. Yəni, heç bir koqresmen gəlməcəyək, özünüz danışacaqsınız. Həvəsim elə öldü ki (həvəs mənim üçün çox önəmlidir)… O boyda yolu gəl, sonra da sənə desinlər ki, bəs sözünüzü eşidən olmayacaq…”, – E.Qədirli təəssüflə vurğulayıb.
İndiki dəvətə gəlincə, ReAL-ın sədr müavini daha sonra yazıb: “Dinləmələrə bir gün qalmış, Bakı vaxtı ilə gecə idi, mənə yazdılar ki, bəs, məni siyahıdan çıxarıblar. Səbəbini soruşdum, dedilər ki, bəs kimlərsə konqresmenlərə mənim üç il bundan öncə yazdığım “Xocalı statusu”mdan xəbər verib. Hər şey mənə aydın oldu. Bir şeyi öyrənmək istədim – konresmenlərə bunu konkret kim(lər) göndərib. Cavab ala bilmədim.
Adamlar məndən incidi. Dedilər ki, onlar mənə güvənirdi, mənsə onları pis vəziyyətdə qoydum və s. İşin emosional tərəfilə bağlı nəsə demədim, amma məsələni izah edə biləcəyimi yazdım (çünki, bilirəm axı, sözlərimi təhrif edilmiş, kontekstdən çıxarılmış, üstəlik içinə yalan qatılmış şəkildə göndəriblər). İzahımı istəmədilər. Dedilər ki, qərar qəbul olunub. Konqresmenlər tədbirin pozula biləcəyini ehtimal edərək belə qərar veriblər. Çünki ora jurnalistlər gələcək, erməni təşkilatlarından qatılanlar da ola bilər. Yəni, guman üzərində verilmiş bir qərar oldu. Dedilər ki, Ermənilər, ya da jurnalistlər tədbirin başında, ya da ortasında mənim iştirakıma qarşı etiraz edə bilərlər, bu da dinləminin gedişatını poza bilər”