Elman Rüstəmov Rüfət Aslanlı qarşıdurması ipoteka kreditlərini də “vurdu”

0
589

“Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) vəsaiti hesabına ipoteka  qaydaları təsdiq edildikdən sonra hər kəs kreditlərin verilməsi gününün açıqlanmasını gözləyir.
Bank sektorundan Modern.az saytına daxil olan məlumata görə, bəzi məsələlər tam şəkildə müəyyənləşmədiyindən ipoteka kreditlərinin verilməsi 2017-ci ilə qədər yubana bilər. Bu, daha çox Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bank arasında olan qarşıdurmadan irəli gəlir. Adları çəkilən qurumlar hər addımda biri-birinin işinə mane olmağa çalışır.

Əldə etdiyimiz bilgiyə görə, həmin qurumlara rəhbərlik edən Rüfət Aslanlı ilə Elman Rüstəmov  arasında münasibətlər o qədər gərginləşib ki, bank rəhbərləri də qorxudan bu şəxslərin heç biri ilə təmasa keçib problemlərini həll edə bilmirlər. O səbəbdən ki, birinci tərəflə görüşən şəxs ikinci tərəfindən (söhbət Elman Rüstəmovla Rüfət Aslanlıdan gedir- red.) düşmən kimi qəbul edilir və ya əksinə…  Zərəri isə sadə vətəndaşlar görür.

Məsələ ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a deyib ki, ipoteka kreditləri üçün ayrılan vəsait parlament və dövlət başçısı tərəfindən təsdiqlənib. Ona görə də vəsait xərclənməli, mütləq şəkildə sosial ipotekaya sərf edilməlidir:

“Ola bilər ki, gecikmə kommersiya ipotekası ilə bağlıdır. Çünki bank sistemində problemlər genişlənib. Hazırda Maliyyə Bazarlarına Nəzarət Palatası ciddi şəkildə bu məsələlərlə məşğuldur, bankların diaqnostikasını aparır. Çox güman ki, ipoteka kreditlərilə bağlı müəyyən açıqlamalar veriləcək. Amma mən bildiyim qədər, sosial ipoteka ilə bağlı heç bir problem olmamalıdır”.

“Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına təsdiq edilmiş Qaydalarda ipoteka kreditinin maksimal məbləği, ilkin ödəniş və kredit faizləri ilə bağlı məsələlər öz həllini tapıb. İpoteka kreditləri üzrə maksimal məbləğlər İpoteka Fondunun Müşahidə Şurası tərəfindən ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında müəyyən ediləcək. Kreditlərin maksimal müddəti müvafiq olaraq adi kreditlər üzrə 25 il, güzəştli kreditlər üzrə 30 il müəyyənləşdirilib.

Kredit üzrə minimal müddət 3 ildir. Adi ipoteka kreditləri üzrə illik faiz dərəcəsi 8 %-dən, güzəştli ipoteka krediti üzrə isə 4 %-dən çox olmamalıdır.

BIR CAVAB BURAXIN