Eldar Mahmudovun daha bir qeyri-qanuni əməli üzə çıxdı

0
754

Əmlak Məsələləri Dövlət Komitəsidə müxtəlif vəzifələrdə və həmçinin 2014-cü ildək “Azərsu” ASC-də iqtisadçı vəzifəsində işləmiş Mətləb Mustafayevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Publika.az-ın xəbərinə görə, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə baş tutan prosesdə Bakı Hərbi Məhkəməsindən ləğv edilmiş MTN-nin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digər əməkdaşı, polkovnik-leytenant Azər Mehdiyevin cinayət işi tələb olunduğu məlum olub.

Hakim bildirib ki, həmin cinayət işində Mətləb Mustafayevə aid olan şahidlərin ifadələri Bakı Hərbi Məhkəməsindən alınıb və hazırkı işə əlavə olunub.

Mətləb Mustafayevin vəkili Adəm Məmmədov deyib ki, müvəkkilinin əməlində heç bir cinayət tərkibi yoxdur. Onun sözlərinə görə, Mətləb Mustafayevin MTN-nin Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbs edilməsi qabaqcadan qurulmuş oyundur: “Bu işdə kifayət qədər qanun pozuntuları var. Onun əməlində cinayət tərkibi yoxdur”.

Daha sonra çıxış edən Mətləb Mustafayev deyib ki, 6 sentyabr 2014-cü ildə, saat təxminən 15 radələrində kiçik qardaşı Malik Mustafayev (MTN-də polkovnik işləyib, həmin dövrdə özünü asıb – red.) danışıb: “Həmin vaxt qardaşım bildirdi ki, nazir Eldar Mahmudov məni yanına çağırır. Çox təccübləndim, bildirdim ki, mən hara, Eldar Mahmudov hara. Malik sonra dedi ki, nazir ondan qardaşı Mətləb haqqında soruşub. Mənim Kərəm Həsənovla niyə yola getmədiyimi, işdən qanunsuz çıxarılmağım barədə Xətai rayon məhkəməsinə, “Xalq”, “Respublika” və “Azərbaycan” qəzetlərinə müraciət etməyimi irad tutub. Sonda nazir qardaşıma bildirib ki, get, onu bura gətir, “spesnazı” göndərərdim, amma qohum-əqrabanızdan ayıbdır, bunu etmirəm. Mən qardaşımla birlikdə MTN-ə getdim. Məni Elçin Quliyev və müavini İlqar Əliyev qəbul etdi. Məndən rəhbər işçilər barədə onların dediklərini yazmağı və çəkilişlər aparılacağını bildirdilər. Orada mənə müxtəlif şirnikləndirici vədlər olundu. Elçin Quliyev məndən 2011-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsindəki iş yerimdən Kərəm Həsənovun əmri ilə qanunsuz azad edildikdən sonra prezidentə, müxtəlif dövlət qurumlarına müraciət etdiyimi, nazir Eldar Mahmudova niyə müraciət etmədiyimi soruşdu. Elçin Quliyev bildirdi ki, əgər onun dediklərimə əməl etməsəm, məni və həmin vaxt bu orqanda Situsasiya Mərkəzinin rəis müavini olmuş qardaşım Malik Mustafayevə problem yaradacaq. Elçin Quliyev öz iyrənc və ləyaqətsiz təkliflərini mənə bildirdi, təxminən saat 19 radələrində məni sərbəst buraxdılar”.

Mətləb Mustafayev qeyd edib ki, sentyabrın 11-də Antiterror Mərkəzinin əməkdaşları tərəfindən həbs edilib. Onun sözlərinə görə, həmin gün “Yeni Saray” qəsəbəsində bağ evində olduğu zaman antiterror mərkəzinin rəisi Elçin Quliyev, xüsusi əməliyyat baş idarəsinin rəisi Ceyhun Rzayev, əməliyyat texniki idarənini rəisi Natəvan Mirvətova, tabeliyində olan əməkdaşlarından ibarət, başçılarının Hüseyn Əhmədov olduğu 15 nəfər idmançı görkəmli şəxs heç bir məhkəmə qərarı təqdim etmədən evimə girdilər. 4 nəfər qollarımı bərk-bərk tutdu, bir nəfərin arxadan metal əşyanı barmağıma toxundurduğunu hiss elədim. Skamiyada oturan Hüseyn Əhmədov bu vəziyyəti diqqətlə seyr edirdi. Silah saxlamaqda məni ittiham etdilər. Guya, mən qanusuz tapança saxlamışam”.

Mətləb Mustafayev çıxışı zamanı Antiterror Mərkəzinə nəzarət edən nazir mavini olmuş Hilal Əsədova, digər nazir müavinləri olmuş Əli Şəfiyevə və Elçin Əliyevə, həmçinin idarə rəisləri olmuş Əlimusa Əliyevə, Məzahir Yaqubova, Nəciməddin Həmidova, Pərviz Səfərova, Mövlan Şəxəliyevə müraciət edib: “Bu şəxslərdən soruşmaq istəyirəm ki, nə səbəbdən nazir Eldar Mahmudovun qanunsuz hərəkətlərinə “dayan” deməyə cürət etməyiblər. Eldar Mahmudov məndən və qardaşımdan nə istəyib? Ona Cəbrayıl rayonu işğal olunan zaman oradan gətirdiyimiz iki dəst yorğan-döşək lazım idi? İstəyərdi, ona verərdik. Fikirləşərdik ki, həmin yorğan-döşəyimizdə işğal altında olan kəndimizdə qalıb. Nazir Eldar Mahmudovun biz iki qardaşa qarşı bu qədər müsibətlər etməkdə məqsədi nə olub?”.

Mətləb Mustafayev MTN polkovniki Azər Mehdiyevin Bakı Hərbi Məhkəməsində verdiyi ifadəsinə toxunub: “Azər Mehdiyev ifadəsində göstərib ki, Mətləb Mustafayev həbs edilməmişdən 5 gün əvvəl MTN-ə çağırırlıbsa, onun mənzilində 5 gün sonra tapança tapılması absurddur. Bu barədə Elçin Quliyevdən soruşmaq lazımdır. ATM-in 20-yə yaxın əməkdaşı məhkəmədə ifadə verdi. Elçin Quliyev yalnız mərkəzin əməkdaşı Ramin Əliyevdən soruşdu ki, MTN-də tapança fabriki var idi, Mətləb Mustafayevin də evindən tapança çıxaraq? Bu bir daha sübut edir ki, evimə tapançanı Ramin Əliyev vasitəsi ilə qoyulub”.

Mətləb Mustafayevin sözlərinə görə, ona qarşı görülən əməliyyatlara əsas rəhbərliyi İlqar Əliyev edib. Sentyabrın 10-da Eldar Mahmudov daxili rabitə telefonu vasitəsi ilə Elçin Quliyevə zəng edib, bildirib ki, Mətləb Mustafayevin evində tapança olması barədə əməliyyat məlumatı var. Bundan bir həftə sonra nazir yenə də eyni qayda vasitəsi ilə Elçin Quliyevə bacımın evində silah olması barədə əməliyyat məlumatının daxil olduğunu bildirib. Bütün bunları məhkəmədə Azər Mehdiyev açıqlayıb”.

Mətləb Mustafayev qeyd edib ki, barəsində 8 ay ərzində aparılan istintaq zamanı cəmi 5 dəfə tapança adı çəkilib: İlk dəfə, sentyabrın 23-də Azər Mehdiyev bildirdi ki, siz tərəfdən, yəni Cəbrayılı qoyub qaçanda özünüzlə çoxlu tapança, avtomat gətiriblər, sən də onlardan birisən. 2-ci dəfə, oktyabrın 16-da Məzahir yaqubov mənə bildirdi ki, əşi, nə yapışmısan tapançadan, tapançadan heç elə bil olmayıb, sən bizə o biri sahədə köməklik et, 2-3 saata evinə get. 3-cü dəfə bu söhbəti oktyabrın 17-də Mamay Qulubəyov mənimlə etdi. Mamay Qulubəyov “yəni demək istəyirsən tapança ilə bağlı istintaq davam etdirilsin” deyə fikrimi soruşdu. Dördüncü dəfə oktyabrın 25-də MTN-nin baş istintaq idarəsinin rəis müavini Təhsin Ağayev mənə bildirdi ki, tapança qoymaq işi ATM-in alçaq əməkdaşlarının işidir, bizimki istintaq aparmaqdır. 5-ci dəfə məni 2015-ci ilin fevralın 24-də İlqar Əliyev qəbul etdi və bildirdi ki, məgər Hüseyn Əhmədovun səninlə şəxsi qərəzliyi var idi, sənin barmağına tapança toxundurulmasına, mənzilinə qoyulmasına şərait yatarsın”.

Daha sonra çıxış edən prokuror bildirib ki, apelyasiya şikayəti üzrə adı keçən MTN əməkdaşlarının dindirilıməsi üçün əsas yoxdur. O, bildirib ki, həmin şəxslərlə Mətləb Mustafayev istintaq zamanı üzləşdirilib, onların ifadələri məhkəməyə təqdim olunub. Prokuror həmin ifadələrin və üzləşdirilmə protokollarının araşdırılmasını istəyib.

Mətləb Mustafayev və vəkili dindirilmə aparılmasını istəyib.

Növbəti proses oktyabrın 4-də davam edəcək.

Mətləb Mustafayev 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

MTN-nin o dövrdə məhkəməyə göndərdiyi ittihamdan məlum olur ki, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.

Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib və 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvəsində saxlayaraq, şikayəti təmin etməyib.

Müdafiə tərəfinin kasasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub.

Mətləb Mustafayev apelyasiya şikayətində günahsız olduğunu, MTN-nin antiterror mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və digər əməkdaşları tərəfindən şərlənərək həbs edildiyini qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Qeyd edək ki, Mətləb Mustafayevin MTN-də 31 il xidmət etmiş qardaşı, polkovnik Malik Mustafayev onun həbsindən bir neçə gün sonra özünü asaraq, intihar edib.

MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyev Mətləb Mustafayevdən başqa vəzifəli şəxslərin əleyhinə ifadə almağa çalışıblar.

Milli Təhlükəsizlik Nazirliyi ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev həbs edilib. O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.

İlqar Əliyev intihar edəndən sonra Elçin Quliyev həbs edilib. Elçin Quliyev və onun işçisi Azər Mehdiyevin cinayət işi Bakı Hərbi Məhkəməsində keçirilir.

Elçin Quliyevin barəsində tərtib edilmiş ittiham aktında Mətləb Mustafayev və Malik Mustafayev zərərçəkmiş şəxs qismində tanınıblar.

BIR CAVAB BURAXIN