Eldar Mahmudov məhkəmə hakimlərini şantaj edir – sensasion iddia

0
356

Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri, generallar Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir. Prosesdə çıxışlar mərhələsi başa çatıb və son söz mərhələsinə başlanılıb. Hazırda təqsirləndirilən şəxslər son sözlə çıxış edir.

2015-ci ilin oktyabrında Eldar Mahmudovun vəzifəsindən uzaqlaşdırılması ilə başlanan proses məhkəmə müstəvisində yekunlaşmaq üzrədir. Eldar Mahmudovun generalları, onun tapşırıqlarının sözsüz icraçıları olan əlaltıları məhkəmə qarşısındadırlar. Sabiq nazirin özü isə istintaqdan, məhkəmədən kənardır. “MTN işi” üzrə məhkəmə proseslərini izləyənlərdə məntiqi sonluğun baş verməyəcəyinə əminlik hər ötən gün artmaqdır. Müşahidələr də göstərir ki, bu əminliyin formalaşmasını şərtləndirən amillər illüziya deyil, tam bir gerçəklikdir. Eldar Mahmudov nazir postunu itirsə də, zəifləmiş duruma gətirilsə də, özünü qorumaq gücündədir. O, həbsdə olan, azadlıqda qalan, bu gün də vəzifə daşıyan komanda üzvlərini hələ də idarə edir, onlara təsir imkanları saxlayır. Sanki Eldar Mahmudov məhkəmədə hakimlərlə hazırda dəmir qəfəsdə olan əlaltılarının arasında dayanıb, komanda üzvlərinin əməllərinə adekvat cəzaların verilməsini əngəllyir.

Prezidentliyə namizəd Hafiz Hacıyev ile ilgili görsel sonucu

Prezidentliyə namizəd Hafiz Hacıyev deyir ki, belə bir durumun yaranmasının səbəbi bu gün Azərbaycan məhkəmələrində sifariş yerinə yetirənlər dəstəsinin yaranmasıdır: “Bu yaxınlarda mətbuat yazdı ki, Eldar Mahmudov “Nəbatat bağı”nda məhkəmə sədri ilə görüşüb 1 saat müddətində söhbət ediblər. Bu ondan xəbər verir ki, məhkəmələrin də böyük cinayətləri var və Eldar Mahmudovun əlində həmin cinayətlərlə bağlı məlumatlar var. Ona görə də Eldar Mahmudovdan qorxurlar. Onun ətrafından 20-yə yaxın şəxsi tutublar. Aralarından özünü asan da oldu. Sual ortaya çıxır – belə bir halda Eldar Mahmudovun özü niyə azadlıqda qalmalıdır? Onun xaricdə də bəzi dəstələri maliyyələşdirməsi xəbəri var. Bütün bunların araşdırılmasında, yaranan suallara cavab verilməsində hakimiyyət özü maraqlı olmalıdır. Bu işin üstü tam açılmalıdır. Necə ola bilər ki, rəhbər dağıdıb yesin, ətrafını tutsunlar, özü isə ortalıqda gəzib məhkəmə sədri ilə görüşür. Üstəlik, orda-burda xəbər yayır ki, hakimiyyətə gəlirəm. Onun hakimiyyətə gəlməsi yolverilməz və qorxulu bir haldır. Onun işçilərinə münasibətdə məhkəmələrin belə humanist olması səbəbsiz deyil. Sahibkarların var-yoxunu əlindən alıb qabaqlarına keçənin evini yıxıblar. Ölkə banklarını talan ediblər. Kimi istəyiblər izləyiblər, kimi də istəyiblər dinləyiblər. Bütün bunlar qanunsuz olub və şəxsi maraqlara xidmət edib. Dövlətin maraqlarına ciddi zərbə vurublar. Prezident siyasi iradə ortaya qoyub MTN-in altının-üstünə çevirilməsinə ona görə qərar verməyib ki, bu gün hakimlər Eldar Mahmudovun dəstə üzvlərinə 3-5 il cəza verib azadlığa buraxsınlar”.

Hafiz Hacıyev deyir ki, Eldar Mahmudov hakimiyyətə gəlməsi ilə bağlı şayiə yaymaqla hakimlərə təsir edir: “Hakimlər düşünürlər ki, Eldar Mahmudov birdən hakimiyyətə gələr, evimiz yıxılar. Ona görə də bu gün də ona xidmət etməkdən çəkinmirlər. Necə olur ki, sıravı bir vətəndaşın səhvi ucbatından törətdiyi cinayətə görə ona 10-15 il cəza verirlər, Eldar Mahmudovun qanunsuz əmrlərini yerinə yetirib milləti zəlil gününə qoyanların cəzası 4-5 illə məhdudlaşır? Bu adamlar 2 ildən artıqdır ki, həbsdədirlər, səhər cəzalarının çəkilmiş hissəsi ilə kifayətlənib azad edilmələri ilə bağlı müraciət edəcəklər. Və onları məhkəmə azad edəcək. Bu ədalət məhkəməsidir? Bu adamlar nazir deməyiblər, komitə sədri deməyiblər, iş adamı deməyiblər, hər kəsi özlərinə tabe etdirib haqq alıblar. Onlara belə yüngül cəzaların verilməsi ilə qətiyyən razılaşmaq olmaz!”

H.Hacıyev Azərbaycanda məhkəmələrin qanun çərçivəsində fəaliyyət göstərmədiklərini deyib: “Məhkəmələrin müstəqil olması ilə bağlı deyilənlərlə razı deyiləm. Məhkəmələr qanunsuz işlər gördüklərindən Eldar Mahmudov kimi eks-məmurlardan belə qorxurlar. Düşünürlər ki, qanunsuz işlərini çıxarıb ortaya qoya bilərlər. Düşünürəm ki, bu insanların hamısı vəzifədən getməlidirlər. Eldar Mahmudov Azərbaycandan kifayət qədər böyük pullar çıxara bilib. Ona görə də ölkədə istədiyini edə bilir. Hakimlərin aldığı rüşvətlər, həmin rüşvət hesabına alınan mülkləri, maşınları, torpaq sahələri haqda məlumatlıdır. Hakimlərin kiminlə, harada olmaları haqda xəbəri var. Ona görə də hakim dəstəsi onun qarşısında gözü kölgəlidir. Qorxurlar ki, birdən onlara qarşı kompromatlar ortaya çıxar. Necə ki, başqalarını kompromatlarla şantaj edir, hakimləri də həmin qaydada şantaj edib nəzarətdə saxlaya bilir”.

Hafiz Hacıyev bildirir ki, Eldar Mahmudov şantajla onun komandasının üzvləri olmuş şəxsləri azadlığa çıxara biləcək: “Özü şantajla azadlıqda qala bildi. İndi də həmin yolla onun dəstəsində olanların çölə çıxarılması üçün işləyir. Onun məhkəmə sədri ilə görüşü başqa niyə görə ola bilər? Əslində məhkəmələrdə verilən ifadələr Eldar Mahmudovun özünün içəri atılması üçün kifayət edir. Onun çöldə qalması yaxşı nəticə verməyəcək”.

Hafiz Hacıyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cəzasının 12 ildən 5 ilə endirilməsində də Eldar Mahmudovun barmağının olmasını istisna etmir: “Vüsal Ələkbərovun məhkəməsində Eldar Mahmudov və Mövlam Şıxəliyev barəsində xüsusi qərardad çıxarıldı. Hara getdi həmin xüsusi qərardad? Niyə həmin xüsusi qərardadla bağlı heç bir hərəkətlilik yoxdur? Eldar Mahmudovun xofu bu məmurların canından çıxmayıb. Onları işdən uzaqlaşdırıb başqaları ilə əvəzləmək lazımdır. Başqa cür Eldar Mahmudovla, onun dəstəsinin üzvləri ilə bacarmayacaqlar”.

Xatırladaq ki, MTN-dəki əməliyyatdan az sonra Baş Prokurorluğun yaydığı rəsmi məlumatdan aydın oldu ki, “MTN işi” üzrə 22 şəxs təqsirləndirilən şəxs qismində cəlb edilib, onlardan 20 şəxs barəsində həbs qətimkan tədbiri və 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə istintaqdan yayınan 1 şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib. Cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərər çəkmiş şəxs qismində tanınmışdılar. “Yeni  Müsavat”

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

sixteen + 18 =