Ekspert: Mərkəzi Bank ‘qara bazar’ı çiçəkləndirir

0
644
 

Yanvarın 12-də banklarda dollar bir qədər bahalaşıb. Bəziləri 1 dolları hətta 1 manat 88 qəpiyə satmağa başlayıb. Dünən orta məzənnə 1 manat 84 qəpik idi.

Artım Mərkəzi Bankın səhərki hərracda rəsmi məzənnəni 0,7 faiz artırmasından sonra baş verib. Dolların yanvarın 12-ə olan rəsmi məzənnəsi 1 manat 78 qəpik həddində müəyyənləşib.

Bakı sakinləri deyir ki, dolların bahalaşması onların gündəlik həyatına təsir edir:

“Dollar çox adamı məhv edib, şəxsən mənim özümü, bankda 2500 pul götürmüşdüm, artdı oldu 4800”.

“Dolların bahalaşması əsasən kasıblara təsir edir Dollar bahalaşanda hər şey bahalaşır”.

“Bu dolların qiyməti hər gün qalxa-qalxa gedir. Adi camaatı deyəsən, düşünən yoxdur. Biz iş görən adamlarıq. Əlacımız odur ki, başımızı götürüb gedək”.

Daha 4 faizlik marja yoxdur

Mərkəzi Bank banklar üçün müəyyən etdiyi marjanı – 4 faizlik həddi ləğv edib.

İndiyə qədər banklar dolları rəsmi məzənnədən ya 4 faiz az, ya da çox alıb-sata bilərdilər. İndi neçəyə satacaqları barədə özləri qərar verə biləcəklər.

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Vahid Əhmədov deyir ki, bu addımı hökumət sabitlik üçün atıb:

“Bazarda dollar ajiotajı var idi. Faktiki olaraq banklar dollar satmırdı. Marja aradan götürüldü. Deməli, artıq qara bazara ehtiyac qalmayacaq”.

Qara bazarda dollar ucuzlaşmağa başlayıb

İqtisadiyyat portalı marja.az yazır ki, qara bazarda dollar ucuzlaşmağa başlayıb.

İqtisadçı Rəşad Həsənov deyir ki, hökumətin bu addımı qara bazarı məhdudlaşdıracaq:

“Məlumdur ki, qara bazarın valyuta təminatçısı məhz banklar idi. Banklar da bu istiqamətdə fəaliyyətə ona görə meyl edirdilər ki, qara bazarda məzənnənin yüksək olması, eyni zamanda Mərkəzi Bankın qoyduğu kvota daxilində valyuta satışının və ya alışının bank üçün səmərəli olmaması səbəbindən müxtəlif üsullarla vəsaiti qara bazara yönəldirdi. Bu isə son nəticədə nəzarətsiz valyuta bazarının formalaşmasına, məzənnənin digər psixoloji faktorların təsirinə məruz qalmasına səbəb olurdu”.

Dollara təlabat ödənilməsə…

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev isə deyir ki, 4 faizlik marjanın ləğv olunandan sonra gərək bankların dollara olan tələbatı ödənilsin, yoxsa bu, əks effekt verə bilər:

“Əgər yenə də problemlər yaranarsa, bu zaman qara bazarın özünün banklara keçməsi təhlükəsi yarana bilər. Əgər dollar qıt olacaqsa, banklar manat-dollar məzənnəsi ilə istədikləri kimi rəftar edə biləcəklər. Dolların qıtlığı banklar üçün manevr imkanlarını genişləndirə bilər”.

Bankları isə dollarla Mərkəzi Bank təmin edir. O da pulu Neft Fondundan alır.

Bəzi iqtisadçılar deyir ki, marjanın ləğvi, faktiki, manatın üzən məzənnəyə keçməsidir. Amma Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev deyir ki, banklar hələ də dolları Mərkəzi Bankdan limitlə alır. Mərkəzi Bank isə dolları Neft Fondundan alır, deməli, hələ də bazarın tək iştirakçısı hökumətdir. Odur ki, manat hələ də tənzimlənir, üzmür.

BIR CAVAB BURAXIN