Ekspert: ‘1 milyard İsraildən silah almaq üçün lazımdır’

0
593

11

2017-ci ilin dövlət büdcəsinin xərclər hissəsinə dəyişiklik olunub və hərbi xərclər 1 milyard manat artırılıb.

«Hərbi xərcləri artırmağa əsasımız var, bu xərcləri artırmaq vacibdir. Biz müharibə vəziyyətindəyik, torpaqlarımız işğal altındadır. Buna görə ordumuz ən güclü ordu olmalıdır, ən müasir silahlarla silahlanmalıdır», – deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov AzadlıqRadiosuna belə deyir

 

İqtisadçı-ekspert Natiq Cəfərliyə görə, müdafiə xərclərinin artırılması «düşündürücü qərar»dır. O, Azərbaycan torpaqlarının bir hissəsi işğal edildiyindən hərbi xərclərin yüksəldilməsinin anlaşılan olduğunu desə də, indiki iqtisadi durğunluq və böhran dövründə bu addımın suallar doğurduğunu da qeyd edir: «Görünən odur ki, Azərbaycanın müəyyən öhdəlikləri, müqavilələri var. Son zamanlar İsraildən və başqa ölkələrdən müasir silahların alınacağı ilə bağlı mətbuatda xəbərlər yayılır. Çox güman, bu silahların ödənişini etmək üçün hərbi xərclərin artırılması nəzərdə tutulur. Təbii ki,  bu addım anlaşılandır».

Natiq Cəfərli

Natiq Cəfərli

Deputat Elman Məmmədovsa  deyir: «Ölkədə böhran yoxdur, iqtisadiyyat şaxələndirilmiş şəkildə inkişaf etdirilir, güclənir. Azərbaycan ordusu regionun güclü orduları sırasındadır və onun imkanları daha da gücləndirilməlidir».

 

Azərbaycan mətbuatında zaman-zaman hərbi xərclərin korrupsiya yemi olması haqda fikirlər səsləndirilib, hətta keçmiş müdafiə nazirinin dövründə Rusiyadan, Ukraynadan köhnəlmiş, yararsız silahların bir neçə dəfə baha qiymətə alınması haqda yazılıb.

Natiq Cəfərli «bu sahə o qədər qapalıdır ki, doğru-dürüst informasiya almaq çətindir» deyir. Bununla belə, bəzi ehtimallarını bölüşür: «Ən azından, Rusiyadan silahların alınması ilə bağlı müqavilələrin olması ciddi sual doğurur. Bu ölkədən silah alınması sanki Azərbaycanın öhdəliyi səviyyəsinə çatır. Azərbaycan hər il şimal qonşusundan müəyyən miqdarda silah alır. Azərbaycan torpaqlarını işğal edən ölkəyəsə Rusiya silahları ya uzunmüddətli kreditə verir, ya da pulsuz bağışlayır. Bu da sözügedən sahədə korrupsiya ehtimalını artırır, amma əldə ciddi fakt olmadığından əminliklə danışmaq da çətindir».

Deputat Elman Məmmədov hərbi sahəyə ayrılan vəsaitin korrupsiya yeminə çevrilməsi haqda səslənən fikirlərlə bağlı «Məndə belə məlumat yoxdur» deməklə kifayətlənir.

Azadliq.org

BIR CAVAB BURAXIN