DÜŞMƏN TƏŞVİŞDƏ: “CƏHƏNNƏM SİLAHI”NA GÖRƏ ERMƏNİLƏRİN YUXUSU ƏRŞƏ ÇƏKİLİB”

0
725

“Azərbaycan aldığı silahların təyinatını gizlətmir”.
Bunu Sherg.az-a Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıqla bağlı anlaşmanın şərtlərinə uyğun olaraq Bakıya TOS-1A “Solntsepyok” ağır odsaçan reaktiv artilleriya sistemi üçün döyüş sursatının gətirilməsindən danışarkən hərbi ekspert Üzeyir Cəfərov deyib.
O bildirib ki, dövlət o silahlı təlimlər, keçirdiyimiz və bundan sonra keçirəcəyimiz hərbi paradlar üçün almır:
“Alınan bütün silahlar Azərbaycanın təhlükəsizliyi və ilk növbədə işğal altındakı torpaqları azad etmək üçün istifadə olunacaq. Silahların cüzi hissəsini 2016-cı il aprel döyüşlərində istifadə etdik, bundan sonra da istifadə edəcəyik.
Əslində bizdə olan silaha sadə mərmilər Rusiyadan gətirildi. Bunu fərqli formada, Azərbaycanın yeni silah-sursat alması kimi təqdim etdilər. Həmin silahlar kifayət qədər böyükdür və dağıdıcı qüvvəyə malikdir. Düşmənin şəxsi heyətini və infrastrukturunu sıradan çıxarmaq üçün nəzərdə tutulub.
Anlaşılandır ki, ermənilər bundan böyük təşviş keçirirlər. Çünki Azərbaycan pulu var deyə istənilən silahı alır və bundan sonra da alacaq.
“Cəhənnəm silahı” düzgün istifadə edildikdə effekti tamam başqa cür olur. Hesab edirəm ki, Azərbaycanın istifadə etdiyi silahlar tamamilə yeni nəsil istehsallardır. Ermənistan Rusiyanın 10-cu bazadan çıxarılmış və demək olar ki, müddəti bitmək üzrə olan silahlarından faydalanır. 2016-cı ildə onlara “İskəndər” operativ-raket kompleksi verilib. Hərçənd ki, onun sonuncu model olması böyük şübhə doğurur. Körpə uşağa oyuncaq verən kimi ermənilərə də böyük oyuncaq verilib.  Onlar gecə-gündüz o uşaq oyuncağını bərk-bərk “qucaqlayır” və bizə hədə-qorxu gəlirlər. Ermənilər düşünmürlər ki, Azərbaycanın İsraildən, Türkiyədən, Çindən, Cənubi Afrikadan, Pakistandan, Ukraynadan, Rusiyadan aldığı silahlar var ki, ermənilər onlar haqqında yalnız arzu ilə yaşayırlar.
Azərbaycanın kifayət qədər güclü silah bazası var. Naxçıvan Əlahiddə Ümumqoşun ordusunda qardaş Türkiyənin “Raketsan” hərbi-sənaye kompleksinin buraxdığı “Qasırğa” tipli kompleks ermənilərin yuxusunu ərşə çəkib. Çünki o silah da dağıdıcı gücə malikdir. Rusiyadan alınan digər silahlar da böyük təsirə malikdir və bizim üçün bunlar vacibdir. Nə qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb, Azərbaycan silahlardan alacaq və torpaqlarımız azad edildikdən sonra o silahlardan ehtiyacı olanlara təklif edə bilər”.
Qeyd edək ki, Bakı Dəniz Limanına yan alan gəmidən Rusiya istehsalı olan təqribən 220 ədəd modernləşdirilmiş MO.1.01.04M odsaçan raketlər boşaldılıb. MO.1.01.04M raketinin diametri 220 mm, maksimal uçuş məsafəsi 6 min metr, minimal uçuş məsafəsi isə 1600 metrdir.
Aysel Aslan

 

BIR CAVAB BURAXIN