Duqin: “5 rayon Azərbaycana verilməsə…”

0
595
Qarabağ danışıqlarında uzunmüddətli durğunluğun təhlükəli olması barədə vaxtaşırı xəbərdarlıqlar edilir. Məsələ ondadır ki, atəşkəs rejimi sonsuzadək sürə bilməz. Daha doğrusu, əgər atəşkəs uzun müddət sülhə gətirmirsə, o zaman mütləq müharibəyə gətirəcək. Hər halda konfliktlərin tarixi bunu deyir.
Dağlıq Qarabağ münaqişəsi də bu sırada istisna deyil, olmayacaq. Bəzilərinin düşündüyünün əksinə olaraq, bu konflikt əslində dondurulmayıb, tüstülənməkdə davam edir və kişicik bir “meh” onun təzədən alovlanmasına gətirə bilər. Regionda böyük müharibə isə ən çox Rusiyanın buradakı strateji maraqları üçün qəliz bir test olacaq.
Görünür, bunu anlayan bir sıra rusiyalı analitiklər böyük müharibənin alovlanmasını önləmək və savaş riskini gündəmdən çıxarmaqdan ötrü ilkin mərhələdə işğal altındakı ərazilərin heç olmasa, bir qisminin Azərbaycana qaytarılmasının zəruriliyi barədə tez-tez xəbərdarlıqlar edirlər. Onlardan biri də Kremlə yaxın rusiyalı tanınmış politoloq, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqindir.
*****
“Moskva İrəvanın Bakıya 5 rayonun qaytarılmasına nail olmaq niyyətindədir”. Bu barədə Duqin “Moskva-Baku” saytına son müsahibəsində deyib. Avrasiyaçı-politoloq Ermənistanın yeni rəhbərliyinin bu məsələdə inkarçı mövqe tutmasının onun siyasi taleyi üçün yaxşı qurtarmayacağı barədə acıq mesaj da verib.
Onun sözlərinə görə, Moskva üçün Ermənistanda o siyasətçi maraqlıdır ki, o, ölkənin əvvəlki geosiyasi xəttinin varisi kimi çıxış edəcək: “Vacib deyil ki, həmin şəxs demokrat olsun, yaxud milliyyətçi və ya başqa hansısa biri. Rusiya orada kritik xətt keçilməyənədək prosesi müşahidə edəcək. Lakin Rusiyadan ötrü Ermənistanla münasibətlərdə prinsipial məsələ var: Moskva Dağlıq Qarabağ ətrafında erməni silahlı qüvvələrinin işğal etdiyi 5 rayonun Azərbaycana qaytarılmasını özündə ehtiva edən sülh nizamlamasının birinci mərhələsini həyata keçirməkdə qətiyyətlidir. Serj Sərkisyanla bu istiqamətdə ciddi irəliləyiş əldə olunmuşdu. Regionda olan durumun daha da qəlizləşməməsi üçün bu vacib şərtdir”.
Politoloqa görə, Ermənistanda hansı qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, Moskva bu məsələdə qəti mövqedədir: “Orada hakimiyyətə kim gəlir-gəlsin, o, Qarabağ probleminə münasibətdə əvvəlki erməni rəhbərliyi ilə əsas regional güclər arasında əldə olunmuş anlaşmalara əməl eləməlidir. Azərbaycana 5 rayonun qaytarılmasına Qərb də etiraz eləmir. Yəni bu, hamını qane edərdi. Yeri gəlmişkən, bu aspekt Rusiyanın Ermənistana münasibətində test rolu oynayacaq. Biz bilirik ki, Nikol Paşinyan ilkin mərhələdə bəyan edib ki, o, belə anlaşmanı tanımaq belə istəmir. Bu, çox həyəcanlı siqnaldır və anlaşmaların strateji formalarının necə pozulduğunun əlamətidir. Əgər yeni Ermənistan bu xətti davam etdirərsə, o zaman təəssüf ki, situasiya kəskinləşəcək və Moskva İrəvanla qarşılıqlı əlaqələrin formasına təzədən baxmalı olacaq. Ancaq hələ ki, hər şey yerində qalır – hər halda Moskva tərəfdən”.
Kremlin qeyri-rəsmi sözçülərindən olan Duqin erməni tərəfinə bu xüsusda xəbərdarlıq edib: “Biz Ermənistanda millətçi, anti-Rusiya tendensiyalarının baş qaldırdığının şahidiyik. Bu da onu göstərir ki, situasiya nəzarətdən çıxa və fəlakətli ssenari üzrə inkişaf edə bilər – ilk növbədə də Ermənistanın özü üçün. Rusiya üçün də pis olacaq, çünki Ermənistan Rusiyanın məsuliyyət zonasında yerləşir və o, inteqrasiya birliklərinin (KTMT, Avrasiya Birliyi – red.) iştirakçısıdır. Bu halda Ukrayna təcrübəsi də göstərir ki, Rusiya passiv qala bilməz. Bu, olduqca baha başa gələcək. Rusiya özünün məsuliyyət zonasında situasiyanın belə fəlakətli inkişafına imkan verə bilməz. Bu, bütövlükdə bölgədəki qüvvələr balansına təsir edəcək. Hələlik situasiya böhranlı xətti aşmayıb. Hələ ki, Moskva Ermənistandakı vəziyyətə qarışmır və oradakı qüvvələrə öz mövqelərini dəqiqləşdirmək imkanı yaradır. Eyni zamanda erməni xalqının rasionallığına ümid edir”.
*****
Aleksandr Duqinin müsahibəsindən bir daha aydın olur ki, rəsmi Moskvanın Qarabağ məsələsinə yanaşması xeyli dərəcədə Paşinyan iqtidarının xarici siyasətdə əsas oriyentir kimi Qərbi, yoxsa Rusiyanı seçəcəyindən asılı olacaq. Lakin Dağlıq Qarabağ ətrafında 5 rayonun nəyin qarşılığında, hansı şərtlər daxilində qaytarılmasının da Azərbaycan üçün prinsipial əhəmiyyəti var.
Əgər söhbət konfliktin ədalətli həllindən yox, dondurulmasından gedəcəksə, yaxud orta-uzaq perspektivdə ərazi bütövlüyümüzə və suverenliyinə təhlükə yaranacaqsa, müharibə hüququ əlimizdən alınacaqsa və ya Dağlıq Qarabağın Azərbaycandan daha da uzaqlaşmasına və sırf Rusiyanın maraqlarına xidmət edən bir həll planı olacaqsa, qısası, 5 rayon tələdə “pendir” rolu oynayacaqsa, belə “güzəşt” bizə lazım deyil.
Azərbaycanın istəyi budur ki, konflikt beynəlxalq hüquq normalarına uyğun, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 4 məlum qətnaməsi əsasında həllini tapsın. Yəni Bakı heç vaxt “torpaq əvəzinə torpaq” prinsipi üzrə problemin həllinə razı olmayacaq. Ondansa konflikt “donmuş” vəziyyətdə qalsa, yaxşıdır. Ən azı, o halda Azərbaycanın nə vaxtsa məsələni hərbi yolla həll eləmək hüququ olacaq.
Zatən, Azərbaycan tərəfi beynəlxalq hüquqa söykənən bu prinsipial mövqeyini zaman-zaman bəyan edib. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan torpaqlarında heç vaxt ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verilməyəcək, bunu gözləyənlər boşuna gözləyir. Bu, təkcə ölkə başçısının mövqeyi deyil, bütövlükdə Azərbaycan xalqının iradəsidir…(musavat.com)

BIR CAVAB BURAXIN